Fevralın 7-nə təyin olunan prezident seçkilərində polis əməkdaşlarının xidməti fəaliyyətinin təkmilləşdirilməsinə dair seminar-müşavirəsi keçirilib.
APA-nın Naxçıvan bürosu xəbər verir ki, Mərkəzi Seçki Komissiyası (MSK) və Daxili İşlər Nazirliyi tərəfindən birgə təşkil olunan seminar-müşavirədə MSK-nın, nazirliyin, şəhər və rayon polis idarələrinin nümayəndələri və dairə seçki komissiyalarının sədrləri iştirak ediblər.
Tədbirin təşkilində əsas məqsəd seçki qanunvericiliyinin və polisin üzərinə düşən vəzifələrin izah edilməsi olub.
Seminar-müşavirədə Mərkəzi Seçki Komissiyasının üzvü Fuad Cavadov seçki qanunvericiliyi, seçki sistemi, səsvermə prosesi, onun mərhələləri və müddətləri, seçki komissiyaları və polis orqanlarının birgə fəaliyyəti mövzularında çıxış edib.
Daxili İşlər Nazirliyinin nümayəndələri Sənan Əliyev və Cavid Cəfərov referendum kampaniyası dövründə və səsvermə günü ictimai qaydanın təmin edilməsi ilə bağlı polis əməkdaşlarının hüquq və vəzifələrindən danışıb. Onlar, çıxışlarında səsvermədən sonra seçki bülletenlərinin və digər sənədlərin dairə və Mərkəzi Seçki Komissiyasına gətirilməsi zamanı yüksək təhlükəsizlik tədbirlərinin görülməsinin vacibliyini vurğulayıb.