“Biz bir müddətdir ki, “Şagirdlik” proqramının tətbiqi, bunun həyata keçirilməsi istiqaməti üzrə çalışırıq”.
Bunu Dövlət Məşğulluq Agentliyinin Beynəlxalq tərəfdaşlıq və strateji inkişaf departamentinin müdiri Hacı Əliyev deyib.
O bildirib ki, dünya təcrübəsində bu proqram geniş yer almaqdadır.
“Bunun əsas məqsədi ondan ibarətdir ki, xüsusilə 29 yaşınadək olan gənclər hansısa təhsil müəssisəsini bitirdikdən sonra əmək bazarına daxil olmaqda çətinlik çəkir. Bu gün Azərbaycanda 29 yaşına qədər olan gənclər arasındakı işsizlik səviyyəsi ümumi orta işsizlik səviyyəsindən daha yüksəkdir. Bu o deməkdir ki, bu sahədə bizim əlavə mexanizmlərlə dəstəyə ehtiyacımız var. Mahiyyət ondan ibarətdir ki, şəxslər işəgötürənlərin bazasında müəyyən bir müddət öyrənirlər. Həm öyrənəcək, həm də təcrübə keçəcəklər. Tutaq ki, universitet məzunudur və iş tapa bilmir, biz ona bu istiqamətdə dəstək veririk ki, o təcrübəni bu proqram vasitəsi ilə öyrənsin. Həmin o müddətdə də işəgötürənlərin stimullaşdırılması mexanizmi formalaşdırılacaq. Eyni zamanda həmin şəxslərin müəyyən ediləcək müddətdə təqaüdlə təmin edilməsi formalaşdırılacaq”, - Hacı Əliyev qeyd edib.