Ekologiya və ətraf mühitin mühafizəsi
Lakin nəzərdə tutulan yerlər mütləq ekoloji normalara cavab verməlidir
“Bəzi rayonlarda məişət tullantılarının idarə olunması yaxşı təşkil olunub, bəziləri isə zəifdir, hara baxırsan küçələr zibil içindədir. Bunu yaradan insanlardır”
Məişət tullantılarının düzgün iqtisadi qiymətləndirilməsi, ekoloji tarazlıq nəzərə alınaraq idarə edilməsi qlobal ekoloji problemlər arasındadır və beynəlxalq səviyyədə bu məsələ diqqətdə saxlanılır.
İnkişaf etmiş ölkələrdə, o cümlədən Azərbaycanda məişət tullantılarının emalı, ətraf mühitə təsirinin öyrənilməsi və optimallaşdırılması, poliqon texnologiyasının tətbiqi, tullantıların texnoloji və ekoloji qiymətləndirilməsi, təkrar emalı, xammal kimi istifadə olunma potensialı olduqca aktual məsələdir. Dünya əhalisinin fasiləsiz olaraq artması və nəticədə məişət tullantılarının təbii mühitə kortəbii və ya düşünülmüş şəkildə atılması, onların qiymətləndirilməsini və təbiətə zərər gətirməyəcək şəkildə kompleks emalı məsələsini daha da aktual edir.
Təəssüf ki, respublikanın bir çox regionlarında məişət tullantıları poliqonları müvafiq norma və standartlara cavab vermir. Ərazilər perimetri boyu hasarlanmır, ətraf mühitdən təcrid olunmur, nəzarət və mühafizə səthi xarakter daşıyır, tullantıların uçot və hesabatı demək olar ki, aparılmır və s. Tullantıların ətraf mühitdən təcrid olunmaması səbəbindən külək əsən zaman bəzi tullantıların (məsələn, polietilen torbalar və s.) sovrularaq ətraf torpaq sahələrinə, dəniz və göllərə, çaylara düşməsi halları baş verir ki, bu da qeyd olunan ərazilərin davamlı olaraq çirklənməsinə gətirib çıxarır. Bu cür hal daha çox dəniz sahili və sahilyanı ərazilərdə müşahidə olunur.
Məişət tullantıları bir tərəfdən insan sağlamlığına zərəri olmaqla yanaşı təbii mühiti çirkləndirir, amma sənaye üçün də güclü xammal resursudur. Bu o deməkdir ki, texnoloji və ekoloji olaraq düzgün qiymətləndirilərsə, təbii sərvətlərə, onların çıxarılmasına, istismara sərf olunan enerjiyə qənaət olunar və gələcək nəsillərə daha sağlam təbiət bəxş edilər. Məişət tullantıları düzgün emal olunmayıb, poliqon texnologiyası düzgün tətbiq edilməyəndə çürümə prosesi gedir ki, bu zaman da əmələ gələn infeksiyalar canlı orqanizmləri məhv edir.
Sevindirici haldır ki, son illər ölkəmizdə məişət tullantılarının idarə edilməsi probleminin həllinə yüksək dövlət qayğısı və bu işin dövlət siyasətinə çevrilməsi, ölkəmizdə ekoloji mühitin yaxşılaşdırılması üçün çoxşaxəli tədbirlər həyata keçirilir. Məişət tullantılarının idarə olunması sisteminin təkmilləşdirilməsi məqsədilə həyata keçirilən tədbirlər ümumilikdə idarə olunma sisteminin beynəlxalq tələblərə uyğun inkişafının təməlini qoyub və hazırda da bu istiqamətdə davamlı olaraq real addımlar atılır.
Qeyd edək ki, işğaldan azad eilmiş ərazilərdə quruculuq işlərinin bir hissəsi kimi Kəlbəcər, Tərtər, Qubadlı, Ağdam, Laçın, Xocalı və Cəbrayılda müvəqqəti bərk məişət tullantıları poliqonlarının, Zəngilan və Füzuli rayonlarında isə ötürücü məntəqələrin qurulması nəzərdə tutulub.
Bunu Dövlət Ekoloji Ekspertiza Agentliyinin İdarə Heyətinin sədri Mirsalam Qənbərov iğaldan azad edilmiş ərazilərdə - Ağdam, Tərtər, Xocalı, Kəlbəcər, Laçın, Qubadlı və Cəbrayıl rayonlarında inşası nəzərdə tutulan bərk məişət tullantıları poliqonları üzrə tərtib olunmuş ətraf mühitə təsirin qiymətləndirilməsi sənədlərinin (ƏMTQ) müzakirəsi məqsədilə keçirilən ictimai dinləmədə deyib.
Bunun ağır prosedur olduğunu vurğulayan M.Qənbərov deyib ki, iri layihələrin həyata keçirilməsi zamanı ətraf mühitə təsirinin qiymətləndirilməsi sənədinin hesabatının hazırlanması mütləq nəzərdə tutulur:
“Bütün bu məsələlər mərhələli şəkildə ərsəyə gəlib. Həmin rayonlarda poliqonlar və ötürücü məntəqələrin ətraf mühitə təsirinin qiymətləndirilməsi sənədləri hazırlanıb və Dövlət Ekoloji Ekspertiza Agentliyinə təqdim olunub. Mütəxəssislər tərəfindən baxılıb, ortaya çıxan məsələlərin həll olunması üçün müəyyən işçi qaydada razılaşmalar əldə edilib. Poliqon ətraf mühitlə sıx təmasdadır. Bütün məsələlər elə qurulmalıdır ki, həm ətraf mühit, həm estetik, həm də görüntü, tullantıların idarə olunması baxımından bütün norma və standartlara uyğun olsun. Bundan nə cəmiyyət, nə də təbiət əziyyət çəkməsin. Buna görə də həmin ərazilərin seçilməsi, məsələnin mahiyyətinin qiymətləndirilməsi, dəyərləndirilməsini həyata keçirmişik”.
Azad edilmiş ərazilərdə məişət tullantıları poliqonlarının yaradılmasından danışan ekoloq Xosrov Musayevin fikrincə, Azərbaycanda məişət tullantılarının idarə olunması çox ciddi məsələdir. Onun sözlərinə görə, poliqonlar xüsusilə kənd və şəhərlərdə salınmalıdır:
“Bir çox dünya ölkələrində bu məsələ çoxdan həllini tapıb. Bizdə isə bu hələ problem olaraq qalır. Bəzi rayonlarda məişət tullantılarının idarə olunması yaxşı təşkil olunub, bəziləri isə zəifdir, hara baxırsan küçələr zibil içindədir. Bunu yaradan insanlardır. Əllərinə nə keçir yerə atırlar. Getdikcə insanların da sayı şəhərdə artır. Belə olanda məişət tullantılarının idarə olunması ciddi problemə çevriləcək”. Ekoloq qeyd edib ki, məişət tullantılarının vaxtlı-vaxtında daşınmaması antisanitariyaya gətirir və bu da ətraf mühitin çirklənməsinə səbəb olur: “Bu bölgədə poliqonların yaradılması alqışlanmalıdır”.
Ekoloq Kənan Kərimli isə "Sherg.az"la söhbətində deyib ki, ötən əsrdə tullantılardan qurtulmağın ən ucuz və rahat üsulu onların basdırılması idi. Bu zaman sənaye, o cümlədən məişət tullantıları sadəcə olaraq zibilxanaya daşınır və orada basdırılır:
“Lakin tarix göstərdi ki, bu üsulla problemi həll etmək mümkün deyil. XX əsrdə bu məqsədlə zibilxanalar, xüsusi mühəndis qurğuları, tullantıların basdırılması üçün poliqonlar yaradıldı. Bərk məişət tullantılarının izolyasiyası və zərərsizləşdirilməsi üçün nəzərdə tutulan poliqonlar əhalinin epidemioloji təhlükəsizliyinin tələblərinə cavab verməlidir. Poliqonlarda bərk məişət tullantılarının statistik davamlılığı təmin edilir. Bu zaman tullantıların möhkəmlənmə dinamikası, minerallaşması, qaz əmələ gətirməsi, vahid sahəyə düşən yük, poliqon bağlandıqdan sonra onun səmərəli istifadə oluna bilməsi kimi parametrlər təmin edilir. Poliqonlar istənilən əhali sayına malik olan yaşayış məskənləri üçün yaradıla bilər. Lakin xarakteri oxşar olan yaşayış məskənləri qrupu üçün mərkəzləşmiş poliqonların yaradılması daha məqsədəuygun hesab edilir”.
Müasir sanitariya poliqonlarının tullantıxana olmadığını vurğulayan ekoloq deyib ki, bu, sağlamlıq və ətraf mühit üçün təhlükə və fəsadlar törətmədən, zərərli qarışıqlar və maddələri yaymadan, qrunt sularını çirkləndirmədən torpaq üzərində bərk tullantıların utilizasiyası müəssisəsidir:
“İşğaldan azad olunan bölgələrdə poliqonların yaradılması təqdirəlayiq haldır. Lakin bərk məişət tullantıları poliqonlarının yerləşdirilməsi və qurulması üçün nəzərdə tutulan yerlər mütləq ekoloji normalara və Azərbaycan Respublikasının insan sağlamlığı və ətraf mühitin mühafizəsi sahəsindəki digər qanunvericilik aktlarına cavab verməlidir. Belə ki, bərk məişət tullantıları poliqonlarında müəssisələrin tullantılarının yerləşdirilməsi ekoloji, sanitar-epidemioloji qaydaların və digər normativ hüquqi aktlarının tələblərinə uyğun olaraq həyata keçirilir. Onların öz-özünə alışıb yanmasının qarşısının alınması və xəbərdarlıq edilməsi üzrə tədbirlər nəzərdə tutulmalıdır”.