İmtahanlar ərəfəsində abituriyentlər xüsusi nəzarətdə saxlanılmalıdır -XƏBƏRDARLIQ

İntihar edən insanlar daha çox şəhərdə yaşayanlardır


“Elm və Təhsil Nazirliyi bu məsələyə ciddi diqqət ayırmalı və məktəb psixoloqları üçün vahid proqram tərtib etməlidir”




  Milli Məclisdə məktəblilərin intihar məsələsi  müzakirə edilib. 
Elm və təhsil komitəsinin iclasında çıxış edən  deputat Kamilə Əliyeva qeyd edib ki,  parlamentin Səhiyyə komitəsi ilə birlikdə bu mövzuda  dinləmə keçirilməlidir.
  Xanım millət vəkilinin sözlərinə görə, bu gün cəmiyyəti ən çox narahat edən məsələlərdən biri orta məktəbdə şagirdlərin ölüm sayının artmasıdır: “Bu məsələ çox narahatedicidir: “Psixoloqların üzərinə düşən öhdəlikləri lazımi səviyyədə yerinə yetirməməsi, “Uşaqların icbari dispanserizasiyası haqqında” qanunun düzgün tətbiq edilməməsi kimi məqamlar var. Yəni müxtəlif səbəblərdən orta məktəblərdə həyatını itirən uşaqların sayında artımı görürük. Ona görə bu məsələ ilə bağlı dinləmə keçirilməsini təklif edirəm”.
  Komitə sədri Bəxtiyar Əliyev isə qeyd edib ki, elə təəssürat yaranmasın ki, Azərbaycanda ölüm halları ilə bağlı araşdırma aparılmır: “Bu, bəzi məsuliyyətsiz sosial şəbəkə istifadəçilərinin işidir. Statistikaya baxsaq, intiharla bağlı ən aşağı statistika Azərbaycandadır. Elə təəssürat yaranmasın ki, Azərbaycanda uşaqlar arasında intihar və ölüm halları çoxdur. Biz bu məsələ ilə məşğuluq. Azərbaycanda intihar baş verən zaman dərhal hüquq-mühafizə orqanları tərəfindən cinayət işi açılır. Azərbaycanda əhali sayı 7 milyon olanda intihar nə qədər idi, indi nə qədərdir? Biz bunu araşdırırıq. Mütəxəssislərin fikirlərini dinləmək, Statistika Komitəsinin məlumatlarına baxmaq lazımdır. Elə təəssürat yaratmaqla məşğul olanlara və danışanlara tövsiyə edərdim ki, araşdırsınlar. Cinayət tərkibi varsa, cinayət təqibi həyata keçirilir, digər hallarda lazımi addımlar atılır, qabaqlayıcı tədbirlərin görülməsi üçün əsaslar yaranır. Müəyyən meyarlara baxsaq, ölkəmizdə intihar halları yüksək deyil. Amma hər bir ölüm halı bizim üçün ciddi siqnaldır. Çalışmalıyıq ki, bunun qarşısını biz alaq. Hər bir Azərbaycan vətəndaşının təhlükəsizliyi, firavan yaşayışı üçün dövlət kifayət qədər işlər görür”.
 
 Psixoloq Azad İsazadə “Sherg.az”a açıqlamasında Azərbaycanın intihar risk qrupuna daxil olan ölkələrin sırasında olmadığını deyib. Onun sözlərinə görə, Şərq və Cənub ölkələrində intiharların sayı çox olmur. 
Son illər intihar statistikasında az da olsa artım tendensiyasının müşahidə edildiyini vurğulayan psixoloq  bunun təhlükəli dərəcədə çox olmadığını deyib: 
“Özünəqəsd edən insanlar daha çox şəhərdə yaşayanlardır. Risk qrupuna  isə yeniyetmələr daxildir. Sadəcə, bizim ölkə ilə bağlı deyil, dünya tendensiyasıdır”.

  A.İsazadənin sözlərinə görə, intiharlarla bağlı artıma adətən payız fəslində daha çox rast gəlinir. Bir də qəbul imtahanları zamanı abituriyentlərin intihara cəhdi  ilə çox rastlaşırıq. Odur ki, imtahanlar ərəfəsində abituriyentlər xüsusi nəzarətdə saxlanılmalı və onlarla müntəzəm maarifləndirmə işi aparılmalıdır. Bu məsələdə məktəblərdə işləyən uşaq psixoloqları xüsusən fəal olmalıdır:
 “Natamam olsa da, bu istiqamətdə müəyyən işlər görülür. Məsələ diqqətdən kənar deyil.  Lakin məktəb psixoloqlarının  vahid proqramı olmadığı üçün istənilən nəticəni ala bilmirik. Kim hansı metodikanı bilirsə,  ondan istifadə edir. Dövlət ümumtəhsil məktəbərindən fərqli olaraq özəl məktəblərdə psixoloqlar üçün vahid metodika  yaradılıb.  Elm və Təhsil Nazirliyi bu məsələyə ciddi diqqət ayırmalı və məktəb psixoloqları üçün vahid proqram tərtib etməlidir”.

  Sosioloq Lalə Mehralı isə xanım deputatın iradlarına haqq qazandırıb. Məktəb psixoloqlarının effektiv fəaliyyət göstərmədiyini vurğulayan L.Mehralı deyib ki, ştat doldurmaqdan başqa heç bir iş görmürlər:
 “Bunu sadəcə bir sosioloq kimi yox, valideyn olaraq əminliklə deyirəm. Heç bir valideyn övladının təhsil aldığı məktəb psixoloqunun nə işlə məşğul olduğunu bilmir. Halbuki onların işi həm də valideynlərlə işləmək, məktəb-ailə koordinasiyasını qurmaqdan ibarət olmalıdır.  Kamilə Əliyevanın uşaqların icbari dispanserizasiyası ilə bağlı  dedikləri də doğrudur.  Dispanserizasiya yoxlanışı üçün övladını poliklinikalara aparan valideynlərin böyük əksəriyyəti uşağını yoxlatmadan həkimdən tibbi arayış tələb edirlər ki, imzanı çəkin, çıxaq gedək. Bu da həkimlərə sərf edir. Az qala, paytaxtda fəaliyyət göstərən bütün məktəb və bağçalardan eyni vaxtda  icbari dispanserizasiya tələb olunduğu üçün həmin vaxt poliklinikalarda aləm bir-birinə dəyir.  Hansısa bir həkimin qəbuluna düşmək üçün saatlarla növbədə dayanmaq lazım olur. Bu da azmış kimi həkimlərdən o qədər sənəd, yazı-pozu işləri tələb olunur ki, uşağı yoxlamağa vaxtı belə qalmır. Sahə həkimləri bilmir ki, o basabasda  uşağın qeydiyyat kitabçasını yazsın, məktəbdən verilən blankı doldursun, yoxsa poliklinikanın jurnalında qeydlər etsin.  Vaxtı da qalmır deyə, elə valideyndən bir-iki şey soruşmaqla uşağın sağlam ya  qeyri-sağlam olduğunu  yazır. Burada kompleks işlər görülməlidir. Valideynlər həkimlərdən ətraflı yoxlanış tələb etməlidir, aidiyyəti qurumlar da bu yazı-pozu işlərini sadələşdirməlidir ki, həkim  uşaqları tələsə-tələsə yoxlamasın”. 

  Məktəblilər arasındakı  intihar faktoruna gəldikdə isə sosioloq deyib ki, il ərzində 1, yaxud da 100 şagirdin özünə qəsd etməsi arasında heç bir fərq yoxdur:
 “Hər iki hal eyni dərəcədə təhlükəli məsələdir. Bir yeniyetmənin, azyaşlının intiharı yaşadığı cəmiyyətin kökündəki problemləri şəffaf bir formada ortaya çıxaran hadisədir.  Söhbət məktəbli  intiharından gedirsə, burada sayın azlığını, çoxluğunu, statistikanı müzakirə etmək absurddur.  Bütün diqqət məhz bu hadisəyə yönəlməli və cəmiyyət üçün təhlükəsi  müzakirə edilməlidir”.