Baş prokuror Kamran Əliyev paytaxtın Xəzər rayonunda vətəndaşları qəbul edəcək.
Bu barədə Baş Prokurorluq məlumat yayıb.
Məlumata görə, Prezident İlham Əliyevin tapşırığı və tövsiyələrinə uyğun olaraq vətəndaş məmnunluğunun və hüquqlarının qorunmasının təmin edilməsi, həmçinin bu sahədə səmərəliliyin artırılması məqsədilə Baş prokuror Kamran Əliyev yanvarın 30-da saat 10:00-da Xəzər rayon prokurorluğunun inzibati binasında paytaxtın Xəzər və Pirallahı rayonlarının hüquq-mühafizə orqanlarının icraatında olan cinayət işləri və materiallar üzrə, o cümlədən prokurorluq orqanlarının fəaliyyətinə aid məsələlərlə bağlı konkret müraciət və ya şikayəti olan vətəndaşların qəbulunu keçirəcək.
Vətəndaşlar qəbulla bağlı Xəzər və Pirallahı rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin (012) 361-14-07 nömrəli və Bakı şəhər prokurorluğunun (012) 361-02-44 nömrəli telefonları, [email protected] elektron poçt ünvanı, eləcə də prokurorluğun sosial şəbəkələrdəki səhifələri (instagram, facebook, telegram, X) vasitəsilə də qəbula yazıla bilərlər.