Mehriban Zeynalova: “Ola bilər, öz ölkəsinə qayıtsın, ya da sənədləri düzələrsə, burada qalıb işləyə bilər...”

Efiopiyalı qadın Bakıda işsiz qalıb

Sığınacağa yerləşdirilən əcnəbiyə kömək etməyə çalışırlar


  Bakıda "Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sığınacağına afrikalı qadın yerləşdirilib. Bu barədə sığınacağın sosial şəbəkə hesabında paylaşım edilib. Qeyd olunur  işi, əcnəbi xanım ölkəyə dayə işi üçün gətirilsə də, sonradan onunla işləməkdən imtina edilib: "Vətəndaşımız qadını dayə işləmək üçün ölkəmizə dəvət edib. Qadın ölkəyə gəldikdən sonra onu dəvət edən şəxs fikrindən daşındıqlarını, artıq dayə istəmədiklərini bildirib. Hazırda əcnəbi vətəndaş sığınacağımızdadır və çalışırıq onu düşdüyü vəziyyətdən çıxarmaq üçün əlimizdən gələni edək”.

  “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova  “Sherg.az”a açıqlamasında qeyd etdi ki, qadın efiopiyalıdır: 
- Bu qadın efiopiyalıdır, bir müddət Birləşmiş Ərəb Əmirliklərində - Dubayda işləyib. İşi başa çatdıqdan sonra öz ölkəsinə qayıtmaq istəməyib. Bir nəfər azərbaycanlı ilə əlaqə saxlayıb, razılaşıblar ki, gəlsin Azərbaycana, burada ona uyğun iş veriləcək. O da gəlib. Lakin görünür, qarşı tərəf sənədləri düzəldə bilməyib. O səbəbdən də qadın işsiz qalıb. Beynəlxalq təşkilatlar bir müddət ona dəstək veriblər. Bizdən xahiş etdilər, onu sığınacağa yerləşdirək. Ona kömək etməyə çalışırlar. Dövlət Miqrasiya Xidmətinə məlumat verilib. Hazırda danışıqlar aparılır. Ola bilər, öz ölkəsinə qayıtsın, ya da sənədləri düzələrsə, burada qalıb işləyə bilər, qanunun izn verdiyi şəkildə.