Fərhad Mehdiyev: “Bu qanunun icra mexanizmini təsəvvür edə bilmirəm. İnzibati məsuliyyətdə mütləq baş verən hadisədə valideynin təsiri olmalıdır”
Uşağı düzgün tərbiyə etməyən valideynlər məsuliyyət daşıyacaq - Yeni qanun layihəsi hazırlanıb. Bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin müdiri Taliyə İbrahimova Dövlət Komitəsinin "Facebook" səhifəsinin canlı efirində “Uşaqlar arasında zorakılıq halları” mövzusunda müzakirə zamanı deyib.
“Uşaq hüquqları haqqında” qanun layihəsinin hazırlandığını vurğulayan şöbə müdiri hazırda bu istiqamətdə aidiyyəti qurumlarla müzakirələr aparıldığını vurğulayıb. O qeyd edib ki, uşaqların bu cür aqressiv davranışlarının qarşısını almayan valideynlər üçün də məsuliyyət nəzərdə tutulur.
Qeyd edək ki, paytaxtdakı 156 nömrəli tam orta məktəbin XI sinif şagirdinin 2023-cü ildə məktəbin IX sinfindən məzun olmuş qıza qarşı məktəbdən kənarda etdiyi uyğunsuz hərəkətlərin görüntüləri yayılıb.
DİN-in yaydığı mlumata görə, qıza qarşı uyğunsuz hərəkət edən şagirdlə bağlı məsələ nəzarətə götürülüb. İş üzrə ekspertiza təyin olunub. Əməldə xuliqanlıq cinayətinin tərkib əlamətləri olduğuna görə fakt üzrə cinayət işi qaldırılıb. İstintaq hərəkətləri davam etdirilir.
Mediator, hüquq elmləri doktoru Fərhad Mehdiyev isə “Sherg.az"a açıqlamasında valideynin mülki məsuliyyətinin olduğunu deyib.
Uşaqların tərbiyəsi üzrə valideynlərin vəzifələrinə qanunun hüquqi məna verdiyini vurğulayan F.Mehdiyev qeyd edib ki, Mülki Məcəllənin 1104-cü maddəsinə görə, 14 yaşından 16 yaşınadək olan yetkinlik yaşına çatmayanların törətdikləri əmələrə görə, valideynlərə qarşı iddia qaldırmaq olur: “Əgər yeni qanunda uşağı düzgün tərbiyə etməyən valideynlərə qarşı inzibati məsuliyyət nəzərdə tutulursa, bunu tətbiq etmək çətin olacaq. Hadisə valideynlərin gözünün qarşısında dəfələrlə baş verməli və valideyn də uşağı ilə bağlı heç bir tədbir almırsa, ona qarşı inzibati cəza mexanizmlərindən istifadə etmək olar. Əks halda bu qanunun icra mexanizmini təsəvvür edə bilmirəm. İnzibati məsuliyyətdə mütləq baş verən hadisədə valideynin təsiri olmalıdır. Əgər valideyn hər gün evdə uşağını düzgün davranış qaydalarına görə tənbeh edir, uşaq da gedib məktəbdə, küçədə aqressiv davranış sərgiləyirsə, onun valideynini hansı əsasla məsuliyyətə cəlb edəcəklər”.