“Əmək pensiyaları haqqında" qanun layihəsinin 8.1-ci maddəsində 5 və daha çox övladı olan analar bu güzəştdən istifadə edəcək, yəni 5 il daha tez pensiyaya çıxa biləcək.
Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Vüqar Bayramov deyib.
Deputat bildirib ki, “Sosial müavinətlər haqqında” qanunun 4.0.1.13-cü maddəsində isə bu güzəştlər 5 dən çox övladı olan analara şamil olunur: “Yəni 5 uşaq böyüdən analar pensiyada güzəşt əldə etsələr də, sosial müavinət ala bilmirlər. Təklif edirəm ki, “Əmək pensiyaları haqqında" qanunun 8.1-ci maddəsinə uyğun olaraq, “Sosial müavinətlər haqqında qanunda da “5 və 5-dən çox övladı olan analar” sözü əksini tapsın”.
Təklifə münasibət bildirən iqtisadçı ekspert, Natiq Cəfərli "Sherg.az"a açıqlamasında bildirib ki, çoxuşaqlı ailələrə dövlət dəstəyi artırılmalıdır:
"Hətta, 4 uşaqlı analara sosial müavinətin verilməsi həyata keçirilməlidir. Çünki Azərbaycanda demoqrafik vəziyyət əvvəlki illərdən fərqli olaraq pisləşib. Hətta indki dövrdə doğuş sayı azalıb. Növbəti illərdə çox ciddi problemlər yaşana bilər. Ona görə də sosial güzəştlərdə "çoxuşaqlı ailə" terminin dəyişdirilməsinə ehtiyac var. Bir çox ölkələrdə "çoxuşaqlı ailə" dedikdə, dörd və daha çox övladı olanlar nəzərdə tutulur. Azərbaycanda da bu sitemə keçilsə, daha yaxşı olardı. Onsuz da ölkədə 4 uşağı olan ailələr azlıq təşkil edir. Bu dövlət büdcəsinə də böyük yük olmaz. Ancaq prosses müəyyən stimul yaradaraq çoxuşaqlı ailələrin sayının artmasına səbəb olar".