Patent sistemi ləğv edilir: Rusiyadakı soydaşlarımızın aqibəti necə olacaq?

Rusiyada xarici vətəndaşlara işləmək hüququ verən patent sisteminin ləğvi təklif olunub.
APA-nın Moskva müxbiri xəbər verir ki, bu təkliflə Dövlət Dumasının vitse-spikeri Pyotr Tolstoy çıxış edib.
O, əmək miqrantlarının cəlb edilməsi prinsiplərinə, o cümlədən patent sisteminin ləğvinə yenidən baxılmasını zəruri hesab edir. Həmçinin, Tolstoyun fikrincə, aşağı ixtisaslı işçilərin Rusiyada qalma müddəti əmək müqaviləsinin müddəti ilə məhdudlaşdırılmalıdır.
Deputat hesab edir ki, əmək müqaviləsinin müddəti bitdikdən sonra xaricdən gələn işçilərdən Rusiyanı tərk etmək tələb edilməlidir.
Azərbaycandan Rusiyaya işləmək üçün gedənlərin sayı kifayyət qədər çoxdur. Maraqlıdır.Bəs təklif həyata keçirilsə, xaricdə işləyənlərin aqibəti necə olacaq?

Turizm eksperti Ceyhun Aşurov “Sherg.az”a  deyib ki, Rusiyada yaşanılan terror hadisəsindən sonra əcnəbilərin işləməsi ilə bağlı nəzarət gücləndirilib və konservativ yanaşma müşahidə edilir: 

"Əslində Rusiyada aşağı ixtisaslarda işçi çatışmazlığı mövcuddur. Bunu da MDB məkanında olan ölkələrdən təmin etməyə çalışırdılar. Pantent sistemi çox rahat sistemdir, vergi ödəməklə bir müddət insanlar leqal olaraq müxtəlif sahələrdə işləmək mümkündür. Bu həm Rusiyaya, həm də digər ölkələrdən pul qazanmaq istəyənlər üçün geniş imkanlar yaradırdı. Həmçinin, ticarət əlaqələri Rusiya valyutasının giriş-çıxışlarını aktiv saxlayırdı. Əgər bu sistem təmamilə dayandırılarsa, bu təkcə ölkənin valyuta gəlirini azaltmayacaq, eyni zamanda Rusiyada ciddi işçi qıtlığının yaranmasına gətirib çıxaracaq. Bundan daha çox kiçik sahibkarlar əziyyət çəkəcək. Belə ki, kiçik kafelər, restoranlar, hotellər, ticarət məntəqələrində azərbaycanlılar patent sistemi ilə fəaliyyət göstərirdilər. Həmçinin, Rusiyaya əsasən Tacikistan, Özbəkistan, Qazaxıstandan işləmək üçün gələnlər çoxluq təşkil edirdi. Bir sözlə, təklif reallaşdırılarsa və yaxud qərar sərtləşdirilsə, tək adıçəkilən ölkələr təsirlənməyəcək, Rusiyada da mənfi iqtisadi durğunluğa səbəb olacaq"