Daşınmaz əmlakların notarial alqı-satqısında 20 min manatdan artıq məbləğ üçün gəlir deklorasiyası tələbi ilə bağlı ajiotaj yaranıb. Guya əmlak alışı üçün ödənilən pulun rəsmi mənbəsi göstərilməlidir. Gəlir deklorasiyası təqdim edə bilmədikləri üçün notariusdan geri qayıtdıqlarını iddia edən alıcılar bununla bağlı iqtisadçı ekspert Rauf Qarayevə müraciət ediblər.
Bu barədə “Sherg.az”a açıqlama verən ekspert isə deyib ki, böyük məbləğlərin dövriyyəsi zamanı vətəndaşdan pulun mənbəyinin soruşulması qanunvericiliyin tələbinə uyğundur:
“ Bu bank sektorunda, əmlak alqı- satqılarında, o cümlədən də digər maliyyə mübadilələrində belədir. Gəlirin mənbəyi ilə bağlı vətəndaşlardan məcburi məlumat və ya yazılı gəlir deklarasiyası tələb olunmur. Vətəndaş sadəcə əldə etdiyi gəlirin mənbəyini şifahi şəkildə izah etməlidir. Son zamanlar vətəndaşlardan mənə daxil olan şikayətlərdən biri də, ev alqı-satqı zamanı məbləğin 20 000 manat hədən yuxarı olduqda, yuxarı məbləği bəyan edilməsi ilə bağlı banklar tərəfindən onlara zəng olunur. Zəng zamanı pulun mənbəyini və bununla bağlı təsdiq edici sənədlər istənilir. Misal üçün 60 min manata ev alınıb. 60 000 - 20 000 = 40 000 manatın sənədləri tələb edilir. Hazırki qanunvericilikdə "Terrorçuluğa qarşı mübarizə haqqında" qanunun 4.2.2. maddəsində qeyd edilir ki, öhdəlik daşıyan şəxslər aşağıdakı hallarda müştəri uyğunluğu tədbirlərini tətbiq etməlidirlər:
4.2.2. iyirmi min manat məbləğində (bundan sonra – limit) və ya limitdən artıq məbləğdə həyata keçirilməsi gözlənilən hər hansı birdəfəlik əməliyyatdan əvvəl (bu hala, həmçinin limit çərçivəsində həyata keçirilərək bir-biri ilə əlaqəsi olan və ümumi məbləği limitdən artıq olan bir neçə əməliyyat aiddir).
Qanunun 1.1.8. maddəsində isə qeyd edilir ki, maliyyə institutları – kredit təşkilatları, həyatın yığım sığortası fəaliyyəti ilə məşğul olan yerli və xarici sığortaçılar, təkrarsığortaçılar və sığorta vasitəçiləri, investisiya şirkətləri, investisiya fondları, bu fondların idarəçiləri, xarici investisiya fondlarının nümayəndəlikləri, mərkəzi depozitar, poçt rabitəsinin milli operatoru, lombardlar, maliyyə lizinqi xidmətləri göstərən şəxslər, ödəniş təşkilatları (müstəsna olaraq ödəniş əməliyyatının aparılması üçün vasitəçilik xidməti və (və ya) hesab üzrə məlumat xidməti göstərən ödəniş təşkilatları istisna olmaqla) və elektron pul təşkilatları, virtual aktiv xidməti təminatçıları və valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslərdir. Amma qanunda bu maliyyə institutların bəyannamə tələb etmələri ilə bağlı hər hansı qeydə rast gəlmədim.
Bununla bağlı Mərkəzi Banka sorğu göndərdim və cavab olaraq bildirilib ki, hər bir maliyyə institutu öz daxili nəzarət proqramına uyğun olaraq tədbirlər görə bilər:
“Maliyyə institutları tərəfindən müştəri uyğunluğu tədbirlərinin tətbiqi 01.02.2023-cü il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Qanunu (bundan sonra – Qanun) və Qanundan irəli gələrək Azərbaycan
Respublikasının Maliyyə Monitorinqi Xidmətinin (bundan sonra – MMX) 21.02.2023-cü il tarixli
3-21-28/3-6-4/2023 nömrəli Qərarı ilə təsdiq edilmiş və 01.03.2023-cü il tarixdən qüvvəyə
minmiş “Müştəri uyğunluğu və yeni texnologiyaların tətbiqi zamanı verifikasiya tədbirlərinə, risk faktorlarının müəyyən edilməsinə və müştəri profilinin risk qruplarına aid edilməsinə dair Qaydalar” ( MUT Qaydaları) ilə tənzimlənir. MUT Qaydalarına müvafiq olaraq
fiziki və hüquqi şəxs, habelə xarici hüquqi təsisat olan müştərilərdən digər eyniləşdirmə məlumatları ilə yanaşı, işgüzar münasibətlərin yaradılmasının məqsədi, aparılması nəzərdə tutulan mədaxil əməliyyatlarının ehtimal edilən həcmi, məxaric əməliyyatlarının həcmi və istiqamətləri, son 12 ayda xaricə və xaricdən köçürmələrinə və bu köçürmələrin həcminə dair
məlumat, vəsaitlərin mədaxil edilməsinin üsulları, dövrlülüyü, mənbələri, müştəriyə təqdim edilən məhsuldan istifadə ediləcəyi sahələr, platformalar, məhsulun idarə edilməsi üsulu, məhsul üzrə sərəncam vermək hüququna malik olan digər şəxslərin adı, soyadı, atasının
adı (olduğu təqdirdə), FİN-i, FİN olmadıqda şəxsiyyəti təsdiq edən sənədin nömrəsi, doğum tarixi, istifadəsi nəzərdə tutulan xidmətlərin siyahısı, habelə birdəfəlik əməliyyatlar zamanı əməliyyatın növü, təyinatı, istiqaməti, vəsaitin mənbəyi barədə məlumatların əldə edilməsi tələb edilir.
Bundan əlavə hər bir maliyyə institutu öz daxili nəzarət proqramına uyğun olaraq
tədbirlər görə bilər”.