Kənd qonaq evlərini tikmək daha rahatdır -EKSPERT

Azərbaycanda turizm üçün əlverişli şərait yaratmaq lazımdır
 

  22-23 aprel tarixlərində Bakıda turizm təhsili üzrə əməkdaşlıq, perspektiv və problemlərin müzakirəsi məqsədilə Dövlət Turizm Agentliyi və Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının birgə təşəbbüsü ilə təşkilata üzv dövlətlərin turizm üzrə təhsil müəssisələrinin 1-ci görüşü keçirilir.
  Görüşdə Azərbaycan, Türkiyə, Rusiya, Albaniya, Bolqarıstan, Gürcüstan, Yunanıstan, Moldova, Rumıniya, Serbiya və Ukrayna daxil olmaqla təşkilatın 11 üzv ölkəsindən rəsmi dövlət nümayəndələri və turizm təhsili müəssisələrinin təmsilçiləri, eləcə də BMT-nin Ümumdünya Turizm Təşkilatının nümayəndələri iştirak edir.
Tədbirdə çıxış edən Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev QDİƏT çərçivəsində görüşün üzv dövlətlərin turizm təhsili verən ali təhsil müəssisələrinin bilik və təcrübə mübadiləsinin asanlaşdırılması baxımından faydalı olduğunu vurğulayıb.
  Fuad Nağıyev çıxışı zamanı turizm sektorunda iş yerlərinin ildən-ilə çoxalması və karyera imkanlarını nəzərə alaraq Azərbaycan gənclərini ixtisas seçərkən turizmyönümlü sahələrə üstünlük vermələrinə çağırıb: “2022-2023-cü tədris ilində Azərbaycanda ali və orta ixtisas məktəblərindən turizm təhsili üzrə 1548 nəfər məzun olub. Məzunların 718-i subbakalavr, 715 nəfəri bakalavr, 115 nəfəri isə magistr pilləsi üzrə turizm təhsillərini müvəffəqiyyətlə başa vurub. Həmçinin peşə təhsili müəssisələri tərəfindən təqdim edilən ixtisaslarda 340 nəfər məzun adını qazanıb. 30 illik işğaldan sonra azad edilmiş torpaqlarımızda bu yaxınlarda Prezidentin “Qarabağ Universiteti” yaratması ilə bağlı sərəncamı imzalanıb. Bu universitetdə turizmlə də bağlı ixtisaslar olacaq. Turizm təhsilinin əsas məqsədi turizmin bütün növləri üçün lazımi bilik və bacarığa malik insan kapitalını təmin etməkdir. Turizm sektorunda iş yerlərinin ildən-ilə çoxalması və karyera imkanları gənclərin bu sahəyə marağının artmasına səbəb olur".
  Agentlik sədri deyib ki, Azərbaycana gələn turistlərin əksəriyyəti ölkənin tarixinə, mədəniyyətinə, irsinə, təbiətinə, mətbəxinə, qonaqpərvərliyinə heyran olur, eyni zamanda ölkədən yüksək məmnuniyyətlə ayrılır: "Turizmin inkişafına təsir edən ən mühüm amillərdən biri də keyfiyyətli kadr potensialının olmasıdır. Turizm, istehlakçılara birbaşa xidmət göstərdiyi üçün insan resurslarının inkişafında maraqlıdır. Dövlət Turizm Agentliyinin tabeliyində 3 turizm təhsili müəssisəsi fəaliyyət göstərir: ali təhsil verən bir universitet, bir orta ixtisas təhsil müəssisəsi və bir turizm peşə məktəbi. Ümumiyyətlə, ölkəmizdə 17 ali təhsil müəssisəsində turizm ixtisası üzrə təhsil verilir. Əsas məqsədimiz Azərbaycanı turizm destinasiyası kimi tanıtmaq, turizm sahəsinin inkişafına nail olmaqdır".  
  Dövlət Turizm Agentliyinin aparat rəhbəri Kənan Qasımov isə deyib ki,  Azərbaycanın regionlarında turizm sektorunun inkişafı ilə bağlı işlər görülür, hər regionin öz tələb və təklif imkanları öyrənilir. O bildirib ki, bunun üçün biznes subyektləri ilə işlər aparılır: "Bəzi regionlarımızda kifayət qədər yaxşı infrastruktur qurulub. Amma bəzi regionlarda da ləngimələr var. Çalışırıq ki, turizm imkanları olan hər regionumuzda qonaqlama-yerləşdirmə müəssisələrinin sayının artırılmasına dair işlər görülsün. Biznes subyektlərini bu sahələrə investisiya qoymağa həvəsləndiririk. Dövlət də bu barədə stimullaşdırıcı tədbirləri davam etdirir". K.Qasımov ölkədə təbiət, şəhər turizmi və tarixi turizm imkanlarının genişləndirildiyini deyib: "Daha çox qiş turizm sahələri və ekstremal idman növləri üzrə olan turizm sahələrinin inkişafı, ölkəmizdə konfransların, böyük tədbirlərin keçirilməsi istiqamətində xüsusi addımlar atırıq. Növbəti illərdə bu sahələrdə kadrların artırılmasına ciddi ehtiyac olacaq. Təhsil müəssisələrinin də bu istiqamətdə işlərini daha da sürətləndirməsini gözləyirik".
  Azərbaycan Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) məqsəd və vəzifələrinin həyata keçirilməsində mühüm rol oynayır.
Bunu isə  QDİƏT-in  baş katibi Lazar Komanesku deyib. O qeyd edib ki, turizm regionun inkişafı üçün hərəkətverici qüvvədir. “Bu görüş QDİƏT çərçivəsində turizm təhsili üzrə ilk belə tədbir idi. Tədbirin Bakıda təşkili və keçirilməsi Azərbaycanın QDİƏT-in məqsəd və vəzifələrinin həyata keçirilməsinə mühüm töhfə verdiyinin bir daha sübutudur".
  Baş katib Azərbaycanda turizm sektorunun hər il inkişaf etdiyini qeyd edib. Onun sözlərinə görə,  Azərbaycana səfər edən turistlər bu ölkədən məmnun ayrılır: "Bu inkişafın nəticələri göz qarşısındadır. Azərbaycanda dəfələrlə səfərdə olmuşam. Turizm sahəsində görülən işlər təqdirəlayiqdir. Ümid edirəm ki, zaman keçdikcə ölkədə turizm sektoru dünya üzrə ən qabaqcıl pillələrə yüksələcək".
  Azərbaycan Turizm və Menecment Universitetinin rektoru İlham Mədətov ATMU-nun Azərbaycan təhsil sistemində özünəməxsus yerə malik olduğunu, turizm ixtisası üzrə kadr hazırlığını həyata keçirən ilk ixtisaslaşmış dövlət ali təhsil müəssisəsi sayıldığını və son ildə məşğulluğa görə ölkədə top 5 universitet sırasında yer aldığını bildirib.
Tədbirdə iştirak edən Azərbaycan Hotellər Assosiasiyasının İdarə heyətinin sədri Eldar Əlimuradov  isə bildirib ki, Azərbaycanın hotel sənayesi son on ildə möhtəşəm artım nümayiş etdirib: "Ölkədəki hotellər standartları təkmilləşdirmək, ən son spesifikasiyaları və təsnifatları tətbiq etmək üçün fəal işləyirlər. Bu tədbirlər Azərbaycan qonaqpərvərliyinin beynəlxalq standartlar sisteminə inteqrasiyasına töhfə verir. Bakı bu fonda mükəmməlliyə sadiqliyi, qonaqpərvərlik sənayesində müasir və keyfiyyətli xidmətlər göstərməsi ilə seçilir". 
  
Mövzu ilə bağlı fikirlərini "Sherg.az"la bölüşən turizm eksperti Ceyhun Aşurov son  illər ölkəmizdə turizmin müxtəlif istiqamətlərinin inkişaf etdirilməsi, şaxələndirilməsi ilə bağlı müxtəlif işlər görüldüyünü deyib. Dünyada, xüsusilə Avropa ölkələrində turistlərə maraqlı səyahət anları yaşadan, yerli həyat tərzini öyrənməyə, mədəni təcrübələri bölüşməyə imkan verən kənd turizmindən yararlanmağa böyük önəm verilir: 

“Turizmin bu istiqamətinin getdikcə populyarlaşması səyahətçilər üçün öz xidmətlərini əlverişli qiymətlərlə təklif edən kənd qonaq evlərinin yaradılması məsələsini də aktuallaşdırır. Azərbaycanda da bu istiqamətdə real addımların atılması təqdirəlayiqdir. Hesab edirəm ki,  qonaqlama-yerləşdirmə müəssisələrinin sayının artırılması bölgələrə həm yerli, həm də xarici turistlərin marağını və axınını artıracaq. Digər tərəfdən, bu, yerli kənd təsərrüfatı məhsullarının tanıdılması baxımından da çox önəmlidir. Həmçinin ölkəmizin turizm potensialının artmasına faydalı olacaq. Urbanizasiyalaşmış dövrdə şəhər sakinləri istirahət, xoş zaman keçirtmək üçün daha çox kənd yerlərinə üz tuturlar. Xüsusən, pandemiyadan sonrakı dövrdə insanların təbiətə qayıdışı, kənd həyatı ilə təmas onlara başqa bir zövq verir. Şəhər yerlərində yaşayanlar istirahət üçün kəndlərə, rayonlara getməyi sevirlər.
  Hotel sahəsi kifayət qədər kapital tutumlu sahə olduğu üçün tikintisi illərlə vaxt aparır. Kənd evlərini  isə tikmək, turizm üçün əlverişli şərait yaratmaq daha rahatdır”.