"Hələ uzun illər qabaq avtoşluq probleminin həlli üçün ən effektiv variantı hökumətə təklif etmişəm. Lakin vecinə alan olmayıb deyə, problem həll olunmur. Deməli, avtoşluq edən şəxsin avtomobilini müsadirə edir, özünü də 10 il müddətinə sürücülük hüququnu əlindən alırsan . 1 həftədən sonra ölkədə 1 avtoş belə qalmır. Nəticədə həm dövlət , həm də xalq qazanır".
Bu fikirləri “Altay” Sosial-Araşdırmalar Mərkəzinin rəhbəri Elçin Bayramlı öz feysbuk hesabında paylaşıb.
Son vaxtlar avtoxuliqanların sayının durmadan artdığını deyən Avtosfer.az saytının baş redaktoru, nəqliyyat eksperti Elməddin Muradlı "Sherg.az”a bildirib ki, onların tez-tez saxlanılma xəbərlərini eşidiriK:
"Cəza mexanizmi yüngül olduğuna görə, avtoxuliqanlar bu cür davranışlarını davam etdirirlər. Birinci dəfə tutulan şəxsə 500-700 manat təyin olunur. Əgər ağır sanksiyalar tətbiq etmək mümkündürsə, bu məsələni müzakirə etmək olar. Günümüzdə yol polisi avtoxuliqanlara qarşı qanunvericilik çərçivəsində lazımınca tədbirlər görür. Mexanizmə nəzərən həmin şəxs saxlanılır, toplanılan materiallar məhkəməyə göndərilir. Artıq məhkəmənin qərarına əsasən, cəza tətbiq edilir. Bu baxımdan cəza mexanizminə qanunvericilik baxımından qərar vermək lazımdır. Bu əməlinə görə, sürücülük hüququnun məhdudlaşdırılma müddəti uzadılmalı, həmin şəxs psixoloji müayinəyə göndərilməlidir. Çünki sağlam insan bunu həyatda etməz. Bəzi insanlar düşüncəsiz formada fikir irəli sürürlər ki, bacarana can qurban, pulum var, sürürəm. Bu bədbəxt insanlar xəstə təfəkkürlərinin fərqində deyillər. Onlar anlamırlar ki, məsuliyyətsizlikləri səbəbindən insanların sağlamlıqlarına təhlükə yaradırlar. Bələlərinin sürücülük hüququ əlindən alınmalı, avtomobilini cərimə meydançasında saxlanılmalıdır. Onların avtomobilini geri verdikdə belə, sürücülük hüququ olmadan sürəcək. Elə qaydalar tətbiq etmək lazımdır ki, avtoxuliqanların başqa çıxış yolu qalmasın".