Hüquq müdafiəçiləri belə vəziyyətlərdə kömək edə və təlimat verə bilərlər
“Qadınların açıq saçıq şəkilləri süni intellektlə çəkilir və şantaj üçün istifadə olunur. Müəllimlər, uşaq və qadın hüquqları müdafiəçiləri, texnologiya mütəxəssisləri bu mövzuda ciddi addımlar atmalıdırlar”.
“Sherg.az” xəbər verir ki, bu barədə kibertəhlükəsizlik üzrə mütəxəssis Rəşad Zeyvəliyev məlumat yayıb.
Mütəxəssisin sözlərinə görə, süni intellektin istehsal etdiyi şəkillərlə şantaj qurbanı olan insanlar üçün qorunma üsulları çox önəmlidir. Bunun üçün də ilkin olaraq şantajçılara əsla boyun əyməmək, pul verməmək lazımdır. Onlara hər hansı ödənişin verilməsi onları daha çox tələblər qoymağa sövq edə bilər:
“Şantajçılara cavab vermək və ya əlaqə saxlamaq şantaj edilən qadının narahatlığını və qorxduğunu göstərir. Onlarla əlaqəni kəsmək onların təslim olmasına kömək edə bilər. O cümlədən şantajçılardan mesajları və e-poçtları silməyin. Bunlar hüquqi tədbirlər görülərkən sübut kimi istifadə edilə bilər. Mümkün qədər şantaj edənlərin şəxsiyyətini müəyyənləşdirmək, onların kimliyini bilmək lazımdır. Bu, onları izləməyə və qanuni tədbirlər görməyə imkan verir. Şantaj edilən şəxs şantajçılar tərəfindən istifadə edilən süni intellekt proqramları və ya saytları barədə səlahiyyətli orqanlara məlumat verməklə bu platformaların bağlanmasına töhfə verə bilər. Vəziyyəti xüsusilə etibar etdikəri ailə üzvlərinə izah etmək, onların dəstəyini almaq onlara bu problemlə başa çıxmağa kömək edə bilər. Ailələri ilə bölüşə bilmirlərsə, hüquq müdafiəçiləri ilə əlaqə saxlamaq lazımdır”.
R.Zeyvəliyev deyib ki, qadın hüquqları müdafiəçiləri kimi qruplar belə vəziyyətlərdə kömək edə və təlimat verə bilər:
“Eyni zamanda süni intellekt tərəfindən dəstəklənən yardım alın. Foto və videoların redaktəsi üzrə ixtisaslaşmış və süni intellektlə həm foto, həm də video hazırlayan, sizə pulsuz kömək edəcək birindən kömək alın. Şantajçılara qarşı hüquqi tədbirlərə başlamaqla, onları cəzalandırmaq və probleminizi aradan qaldırmaq üçün addımlar ata bilərsiniz. Sosial media hesablarınızın təhlükəsizlik parametrlərini nəzərdən keçirin və şəxsi məlumatlarınızı yalnız etibar etdiyiniz insanlarla paylaşın. Foto və videoların manipulyasiya edilib-edilmədiyini anlamaq üçün texnologiya mütəxəssisindən kömək alın”.
Şəymən