Azərbaycana gələn əcnəbi turistlərin 80 faizdən çoxunun Bakıda qalmasının bir çox səbəbi var
Turizm mühüm gəlir mənbəyidir. Bu sahənin gəlirləri bir sıra inkişaf etmiş ölkələrdə dövlət büdcəsinin formalaşmasında həlledici faktordur. Azərbaycanda qeyri-neft sektorunun inkişaf etdirilməsi ilə bağlı həyata keçirilən tədbirlər çərçivəsində, digər sahələrlə yanaşı, turizmin inkişafı da Prezident İlham Əliyev tərəfindən prioritet istiqamətlərdən biri kimi müəyyən olunub. Dövlət başçısının tapşırıq və tövsiyələrinə uyğun olaraq, son illər respublikamızda müasir tələblərə cavab verən turizm infrastrukturunun yaradılması istiqamətində çox mühüm işlər görülür. Bakı ilə yanaşı, regionlarımıza da turistlərin cəlb edilməsi istiqamətində məqsədyönlü iş aparılır. Amma bu sahədə hələ də ciddi bir irəliləyiş yoxdur.
Bölgələrimizdə də gəzməli-görməli yerlər kifayət qədərdir. Nəzərə alsaq ki, bir çox bölgələrimizdə müasir infrastruktur, kommunikasiya xətləri mövcuddur, turistlər üçün bunlar da cəlbedici olmalıdır. Lakin deyil.
Millət vəkili Vüqar Bayramovun sözlərinə görə, bölgələrimiz xarici turist cəlb etməkdə paytaxt hotellərinə yenə də uduzurlar. Bu isə o deməkdir ki, ölkəyə gələn hər 10 turistdən cəmi 2-si Bakıdan kənara, rayonlara gedirlər.
Millət vəkilinin “Sherg.az”a açıqlamasına görə, turistlərin ikinci ən çox üstünlük verdiyi rayon Qusardır. Belə ki, Azərbaycana gələnlərin 8.8 faizi sözügedən rayonda qalıblar. Bütövlükdə, xarici turistlərin 3,1 faizi Naftalanda, 2,9 faizi Qubada, 2,5 faizi Qəbələdə, 0,4 faizi Şabranda, 1,4 faizi isə digər şəhər və rayonlardakı mehmanxanalarda qeydə alınıb:
“Paytaxtın infrastrukturunu nəzərə aldıqda, bu, normal qarşılana bilsə də, regional gecələmə sayında fərqin böyük olması diqqəti çəkir. Təəssüf ki, hələ də bölgələr turizm potensialını tam təqdim edə bilmirlər və bu da xarici turist cəlbində çətinlik yaradır. Digər tərəfdən, əksər rayonlarda turizm xidmətlərinin qiyməti yüksək olaraq qalmaqdadır. Keyfiyyət isə hələ də standartlardan geri qalır. Nəticədə bölgələrimizin böyük turizm potensialından tam istifadə olunmur. Qeyd edim ki, 2024-cü ilin ilk rübündə hotellərdə qalanların sayı 2023-cü illin eyni dövrü ilə müqayisədə 41,9 faiz artaraq 779,4 min olub. Yerli və xarici turistlər daxil olmaqla gecələmələrin ümumi sayının 64,7 faizi Bakıda, 9,3 faizi Qusarda, 4,0 faizi Naftalanda, 3,9 faizi Qubada, 3,6 faizi Şabranda, 3,0 faizi Qəbələdə, 1,8 faizi Lənkəranda, 1,1 faizi Gəncədə, 1,0 faizi Naxçıvan Muxtar Respublikasında və 7,6 faizi digər şəhər və rayonlardakı hotellərdə qeydə alınıb.
Xarici turistlərin keçirdiyi gecələmələrin sayı 2023-cü ilin birinci rübü ilə müqayisədə 40,2 faiz artaraq 433,4 min olub ki, bu da ümumi gecələmələrin 55,6 faizini təşkil edir. Gecələmələrin ümumi sayına görə, 17,8 faiz Hindistan, 17,3 faiz Rusiya, 9,0 faizi Türkiyə vətəndaşlarının payına düşüb. Qalanları isə digər ölkələrdən gələn xarici turistlərdir”.
Ekspertlər isə hesab edir ki, Azərbaycana gələn əcnəbi turistlərin əsasən Bakıda gecələməsi regionlarımızın bu sahədən gəlir əldə etmə faizinin aşağı olduğunu, verilən xidmətlərin əsasən ictimai-iaşə xidmətləri ilə yekunlaşdığını göstərir.
Regionlarda turizmin inkişafının vacib olduğunu vurğulayan iqtisadçı-ekspert Rauf Qarayev “Sherg.az”a açıqlamasında deyib ki, rayonların inkişafında atılacaq ən vacib addımlardan biri turizm potensialı olan bölgələrdə həmin sahəyə aid olan infrasrukturun genişləndirilməsi, inkişaf etdirilməsi, yerli və xarici turistlər üçün əlçatanlığın təmin edilməsidir:
“Bölgələrin turizm imkanlarının reinteqrasiyası üçün işlər sürətləndirilməlidir. Bölgələrdə turizm sektoruna daha çox sərmayənin cəlb edilməsi və rəqabətin gücləndirilməsi əsas hədəflərdən olmalıdır. Turizmin enerjidən sonra ölkəyə ən çox valyuta gətirən sektor olduğunu nəzərə alsaq, o zaman bu sahənin bölgələrin inkişafına, rayonlarda yeni iş yerlərinin yaradılmasına verəcəyi töhfəni təsəvvür etmək çətin olmaz. Onu da deyim ki, bölgələrə turist axınını çoxaltmaq üçün nəqliyyatın rolu böyükdür. Paytaxtdan çox da uzaq olmayan, maşınla az məsafə qət edəcək yerlər daha çox turistlər üçün əlverişli hesab olunur. Lakin turizm infrastrukturu üç-dörd bölgədən ibarət olmalı deyil. Qərb zonası var - Şəmkir, Qazax, Gəncə, bundan başqa, Qarabağ zonası. Bunlar da digər bölgələrimiz kimi münbit şəraitə malikdir”.
Ekspertin fikrincə, Azərbaycana gələn əcnəbi turistlərin 80 faizdən çoxunun Bakıda qalmasının bir çox səbəbi var:
“Regionlara da səfərlər olur, amma gələnlər əsasən Bakıda qalır. Əcnəbilərin Azərbaycana çıxışı əsasən Bakıda olan hava limanı üzərindəndir. Bu amil də gələnlərin çoxunun Bakıda qalmasına təsir edir. Regionlara sadəcə birgünlük səfərlər edirlər, yaxud səhər gedib axşam qayıdırlar.
Bir səbəb də turizm şəbəkələrinin passivliyidir. Turizmdə ən əsas məsələ reklam və təbliğatdır. Bu da ibarətdir, məlumatların ötürülməsindən, məlumatların çatdırılmasından. Hər hansı xarici ölkə vətəndaşı tutalım, Lənkəran haqqında haradan məlumat əldə bilər? Lap tutalım, axtarış verdi və Azərbaycanın gözəl bölgələri barədə məlumatlar çıxdı qarşısına. Bununla iş bitmir. İnsanları cəlb etmək lazımdır. Cəlbedici təkliflər olmalıdır, turistik paketlər təqdim olunmalıdır. Sən turistə nə vəd edirsən, bax, bu, önəmlidir. Turistlər məlumatsız olduqları üçün bölgələrə gedə bilmirlər”.