Həm də xəstəliyə tələsirlər
Kimisi bunu müasirlik hesab edir, kimisi baxış sayı, bəzisi də sadəcə “xal” toplayır
Müasirliyə qarşı deyilik. Amma...
“Həm də çox adam özü haqqında tibbi məlumata malik olmadan fitnes zallarına gedir, trenajorlardan istifadə edir, bu isə təhlükəlidir”
İdman zallarında çəkilmiş fotolarını paylaşmağı sevənlər çoxdur. Kimisi bunu müasirlik hesab edir, kimisi baxış sayı, bəzisi də, sadəcə “xal” toplayır. İdmanla məşğul olmaq, əlbəttə, sağlamlıqdır. “Qayınana” filmində Afətin dediyi kimi, “idman sağlamlığın rəhnidir”. Afətin deyil də, ağıllı insanların, təbiblərin tövsiyəsidir. Lakin son illərdə şəhərimizdə sayı getdikcə artan fitnes, trenajor zalları sağlamlığa nə dərəcədə xidmət edir, sualı ətrafında da düşünməyə dəyər. Bu səbəbdən ki, heç də hər kəs bu zallara sağlamlıq nöqteyi-nəzərindən getmir. Bunu, “dəb” bilib gedənlər, özünü “qlamur xanım” kimi təqdim etməyə çalışanlar, “qonşudan” (rəfiqəndən) dala qalma” prinsipi ilə hərəkət edənlər də var. Azərbaycan qadını genetikası etibarilə həmişə boylu-buxunlu, qədd-qamətli, necə deyərlər, əndamlı olub. Qadınlarımız gənc görünmək üçün trenajor zallarına getmirdilər. Yox idi də heç belə yerlər. Kişilərimizsə həyətdə turnikdən dartınırdı, dədə-baba qantelləri “oynadırdılar”, yerə uzanıb dartınırdılar (“jim” edirdilər). Əzələ də yığırdılar, sağlam da olurdular. Dövran dəyişdi, indi çoxları idman zallarına qaçır. Hə, bir də qaçış zolağına çıxırlar. Guya ki, qaçmaq üçün xüsusi zolaq olmasa, mümkün deyil. Qaçmağa yer qəhətdi elə bil. Müasirliyə qarşı deyilik. Amma müasirlik həm də xəstəlik, virus, infeksiya mənbəyidirsə, onda necə?
Xatırladaq ki, pandemiya dövründə qapanan məkanlar arasında fitnes, trenajor zalları da vardı. Səhiyyə Nazirliyi xəbərdarlıq edirdi ki, belə məkanlarda virusa yoluxmaq təhlükəsi böyükdür. Çünki havalandırma sistemləri normal işləmir, bir neşə şəxs eyni zamanda eyni qurğulardan istifadə edir, təmas yaxınlığı var, bu isə yoluxma riskini artırır.
Həkim-terapevt Şahvələd Məmmədov “Sherg.az"a açıqlamasında qeyd etdi ki, fitnes, trenajor zallarında sanitar-gigiyenik qaydalara yüksək dərəcədə əməl olunmalıdır:
"İdman zalına daxil olan hər kəs öncə əllərini yaxşı-yaxşı yumalıdır, eyni qaydada idman zalından çıxarkən də əllərini yumalı, idman paltarı ilə küçəyə çaxmamalıdır. Geyim mütləq dəyişdirilməlidir. İdman geyimi idman zalında, o şəxsə ayrılmış xüsusi dolabda qoyulmalıdır. Burada söhbət ondan gedir ki, bir nəfər idman geyimi ilə küçəyə çıxıb ertəsi gün həmin geyimlə, idman ayaqqabısı ilə idman zalına yenidən daxil olursa, özüylə istənilən virusu, infeksiyanı içəri daşıya bilər. Nəticədə daha bir neçə nəfər yoluxa bilər. İdman zallarında bu qaydalara ciddi diqqət edilməlidir, təmizliyə riayət edilməlidir. Eyni qurğulardan gün ərzində bir neçə nəfər istifadə edir. Əllərdə olan toz, tər, hopur o qurğulara. Yer səthləri öz yerində, trenajorlar, idman alətləri də daim dezinfeksiyaedici məhlullarla silinməlidir. Zallarda havalandırma sistemi düzgün qurulmalıdır. Bir çox idman zalları binaların alt mərtəbələrində, yarımzirzəmilərdə yerləşir. Ona görə də havalandırma sistemi ya ümumiyyətlə olmur, ya da düzgün deyil. İdman zallarında ümumi yox, fərdi duş otaqları olmalıdır. Hamam deyil ki, hamı eyni vaxtda yuyunsun. Zallar vaxtlı-vaxtında təmizlənməsə, dezinfeksiya edilməsə mikroblar, viruslar yayılacaq.
Ş.Məmmədov idman hərəkətlərinin də fərdi xarakter daşıdığını vurğuladı:
"Kimin hansı idman qurğusunda məşq edəcəyini və neçə dəqiqə məşq edəcəyini usta məşqçi təyin etməlidir. Həkim məsləhəti mütləq lazımdır. Ona gorə ki, insanın ürək-damar, təzyiq problemi ola bilər. Bəlkə bu insana əyilib, dartınmaq məsləhət deyil. Çox adam özü haqqında tibbi məlumata malik olmadan fitnes zallarına gedir, trenajorlardan istifadə edir, bu isə təhlükəlidir. Əzələ yığmaq üçün, xüsusən gənc oğlanlara təklif edilən preparatlar isə ayrı mövzudur. Onu deyə bilərəm ki, süni şəkildə, qısa zamanda əzələ toplamaq orqanizmə ziyandır və bunun ağır fəsadları zaman-zaman özünü göstərir".