Qatara daş atar yerindən duran... -AÇIQLAMA

Daş atan bilirmi nə günah eylər?!
  
Sosioloq: “Problemin kökü isə uşaq yaşlarında alınan travmalara, ailədaxili sıxıntılara, insanların yaşam tərzinə dayanır”
 
 
 Ötən həftə Bakı-Sumqayıt qatarının  daşlanması ilə bağlı xəbərlər sosial şəbəkələrdə ciddi müzakirə obyektinə çevrildi. Yeniyetmələrin dövlət əmlakına ziyan vurması, qatardakı insanların həyatını təhlükəyə atması və məsuliyyətsiz davranışları isə kəskin şəkildə qınanıldı.
Hadisəni törədən azyaşlıların və valideynlərinin polis şöbəsinə dəvət olunması onu göstərdi ki, bu kimi zərərvurma halları cəzasız qalmır.
Məşhur mahnıda da deyildiyi kimi:
“İndi məgər yenəmi
Pəncərədən daş gəlir?”.
Qeyd edək ki, aprelin 28-də Bakı-Sumqayıt xətti ilə hərəkət edən sürət qatarı Xırdalan dəmir yolu stansiyasının ərazisindən keçərkən qatarın yoluna daşlar düzərək real təhlükə yaradılması və hərəkətdə olan qatarın sağ yan şüşəsinə daş atılaraq sındırılması barədə polisə məlumat daxil olub.
 DİN-in bu barədə yaydığı məlumatda qeyd edilib ki, bu hal qatarın hərəkətində gecikməyə və sərnişinlərin narahatlığına səbəb olub.
Dəmiryolu Nəqliyyatında Polis İdarəsinin Biləcəri Xətt Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə əməli törədən 3 azyaşlı müəyyən olunaraq valideynlərinin iştirakı ilə Polis Şöbəsinə gətiriliblər. Valideynlər və azyaşlılarla profilaktik söhbətlər aparılıb. Övladları üzərində nəzarəti daha da gücləndirməyin vacib olduğu onların diqqətinə çatdırılıb: "Bir daha vurğulamaq istərdik ki, Bakı-Sumqayıt sürət qatarının keçdiyi xətt üzrə sərnişinlərin narahatçılığına səbəb olan əməllər təkrarlanacağı təqdirdə həmin şəxslər barəsində də polis əməkdaşları tərəfindən ciddi tədbirlər görüləcək".
 Məsələ də odur ki, bu, ilk hal deyil. Ötən il də Bakı-Sumqayıt elektrik sürət sərnişin qatarı Novxanı-Goradil dayanacaqları arasında hərəkətdə olarkən kənardan daş atılması nəticəsində qatarın sonuncu vaqonunun yan şüşəsi sındırılmışdı.
Halbuki "Azərbaycan Dəmir Yolları" QSC bu hallarla mübarizəni gücləndirmək üçün təhlükəsizlik tədbirlərini artırır. İctimaiyyətin maarifləndirilməsi üçün kampaniyalar aparır, mütəmadi olaraq “Təhlükəsizlik həftəsi” elan edir.
 “Sizin təhlükəsizliyiniz bizim öhdəliyimizdir” şüarı ilə aparılan kampaniyanın əsas elementlərindən biri də ictimai dəstəkdir. Yeri gəlmişkən, ADY vətəndaşlardan dəmir yollarında təhlükəsizliyə risk yaradan hallarla qarşılaşdıqları zaman 1822 Əlaqə Mərkəzinə məlumat vermələrini xahiş edir. Gəlin öz təhlükəsizliyimizə, özümüz təminatçı olaq. Bir nəfər kimi “Qatara daş atma, təhlükə yaratma!” - deyək.
Məlumat üçün bildirək ki, dəmir yolu qəzaları, o cümlədən kənar müdaxilələr hər il dünyada minlərlə insanın ölümü və xəsarət alması ilə nəticələnir.
 Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) isə bildirir ki, Hindistan və Pakistanda hər il daş atma hadisələri nəticəsində böyük faciələr yaşanır.  Bu cür pozuntular təkcə sərnişinləri narahat etmir, həm də əhəmiyyətli təhlükəsizlik riskləri və iqtisadi fəsadlar yaradır, qatarların hərəkət cədvəllərini pozur. Beynəlxalq Dəmir Yolu Sənayesi Assosiasiyasının (UIC) hesabatına görə, dünyada dəmir yolu vandalizmi nəticəsində infrastrukturun zədələnməsi, əməliyyatların pozulması hər il milyardlarla dollar itki ilə nəticələnir.
 Avropada dəmiryol infrastrukturuna, dövlət əmlakına vurulan ziyana görə yüksək cərimələr tətbiq olunur, cinayət işi açılır. Bir neçə il əvvəl Brüsseldə bir qrup yeniyetmənin qatara daş atması nəticəsində həmin istiqamətə gedən qatarların hərəkəti bir neçə saat dayandırılmışdı və bu, hərəkət qrafikinin ciddi pozulmasına, sıxlığa səbəb olmuşdu.  Qardaş Türkiyədə də bu məsələ ciddi təhlükəsizlik problemidir. İllər əvvəl Türkiyənin müxtəlif bölgələrində il ərzində yüzlərlə daşatma hadisəsi qeydə alınır, ciddi yaralanma halları yaşanırdı. Aparılan maarifləndirmə kampaniyaları nəticəsində bu faktlar kəskin şəkildə azalsa da, hələ də azyaşlıların təhlükəli “əyləncəsi” davam edir.

 Sosioloq Lalə Mehralı isə "Sherg.az”a açıqlamasında bu cür sosial problemlərin günümüzdə üstünlük təşkil etdiyini deyib. Onun sözlərinə görə, burada dərin sosioloji-psixoloji məqamlar var: 
“Problemin kökü isə uşaq yaşlarında alınan travmalara, ailədaxili sıxıntılara, insanların yaşam tərzinə dayanır. Bunun üçün də hər bir valideyn körpə yaşlarından övladlarının psixologiyasını düzgün formalaşdırmalıdır. Çünki duyğularını idarə edə bilməyən uşaqlarda tez-tez davranış pozuntuları müşahidə olunur və onlar nizamsız hərəkətlərə meyilli olurlar. Ailədə psixoloji sarsıntı yaşayan uşaqlar zamanla affekt vəziyyətinə düşürlər və həmin anda ağıllarına gələni edirlər. Ailələrdəki sosioloji gərginlik övladlara da təsir edir. Uşaqlar da bu stressin içində "qaynayır” və daxildəki mənfi enerjini hər cür hərəkətlə üzə çıxarırlar. Qatarları da daşa basırlar, bir-birilə dalaşırlar, oğurluq da edirlər. Biz uşaqları, yeniyetmələri müsbət işlərə yönəltmədikcə, belə hadisələrin də çox şahidi olacağıq”.

 Valideynlərin uşaqlarına vaxt ayırmasının tərbiyənin əsas xüsusiyyətlərindən biri olduğunu vurğulayan sosioloq  deyib ki, uşaqların zərərli vərdişlərə aludə olması ailədəki münasibətlərdən qaynaqlanır. Bir çox valideynlər uşaqlarını düzgün istiqamətləndirə bilmir: 
“Düzgün tərbiyə olunan uşaq dərk edir ki, avtobusu və ya qatarı daşlamaq, kiminsə şüşəsini, qapısını qırmaq, qonşunun uşağını döymək, küçədən keçən hər hansısa bir insana qarşı əxlaqsız hərəkətlər etmək yolverilməzdir. Əks halda isə uşaqlar diqqət mərkəzində olmaq üçün hər şeyə əl atırlar.  Qatarın, vaqonların daşa basılması zahirən bəsit hadisə, uşaq dəcəlliyi kimi görünə bilər. Amma bunun dərin sosial-psixoloji kökləri var. Adətən bu cür hərəkətləri uşaqlar, yeniyetmələr edir. Və sizə deyim ki, səbəbsiz edirlər. Onlardan səbəbini soruşanda heç nə deyə bilmirlər. Deyirlər ki, uşaqlar arasında mərc etmişdik ki, görək kimin atdığı daş daha uzağa gedəcək, kimin daşı "hədəfə” dəyəcək və s. Yəni uşaqlar bunu şüursuz şəkildə, düşüncəsiz edir. Burada sırf kiməsə konkret zərər vurmaq məqsədi yoxdur. O yeniyetmə, uşaq anlasa ki, onun atdığı daş kiminsə başını yara bilər, kiməsə zərər vurar, bu hərəkəti etməz. Amma uşaqların şüursuzca hərəkət etməsinin kökləri var. Biz bunu müəyyən etməli və bunun qarşısını almağa yönələn tədbirlər görməliyik.  Yuxarıda da qeyd etdiyim kimi, bu, ailədə verilən tərbiyədən irəli gəlir. Normal ailə tərbiyəsi görmüş uşaq heç vaxt sərnişinlər olan vaqona tərəf daş atmaz. Ailədə uşaqlara lazımi qaydada tərbiyə verilmir. Başa salınmır ki, hansı əməl yaxşı, hansı pisdir. Hansı hərəkət cəmiyyətə, insanlara xeyirli, hansı zərərlidir. Cəmiyyətdə məlum bir aqressiya var və bu aqressiya özünü ailələrdə, valideynlərin uşaqlara münasibətində də, tərbiyədə də özünü büruzə verir. Uşaqların maraq dairələri çox dardır. Məşğuliyyətləri məhduddur və bəsitdir. Uşaqların maraq dairəsi və məşğuliyyəti telefon və planşetdən o yana keçmir”.