Azərbaycanda zəlzələ ilə bağlı riskləri sığortalamaq üçün yeni sığorta məhsulunun hazırlanmasına ehtiyac var. Bunu deputat Vüqar Bayramov Bakıda keçirilən Katastrofik Risklərə Qarşı Dayanıqlı Maliyyə Sistemi Konfransında bildirib. "Yeni sığorta məhsulunun hazırlanması praktiki yanaşmalarla yanaşı elmi baxış da tələb edir. Burada yalnız sığorta şirkətləri deyil, elmi cəmiyyətin də sintezi yeni modelin hazırlanmasına və ölkədə tətbiq edilməsinə gətirib çıxara bilər. Bu maliyyə sisteminin dayanıqlığı baxımdan yeni sığorta modelinin hazırlanması vacibdir. Ona görə də maliyyə bazarları və maliyyə sisteminin qorunması üçün belə bir məhsulun hazırlanması önəmlidir", - deyə o qeyd edib. "Bu, çox uzun zaman alacaq, amma bir yerdən başlamağa ehtiyac var. Qanunvericilikdə bu məqam nəzərə alınmalıdır, Milli Məclisdə müzakirə edilməlidir. Hazırki qanunvericilik mövcud sığorta məhsulları ilə yanaşı yeni sığorta məhsulunun hazırlanmasını qadağan etmir. Həm iş adamlarının, həm insanların, həm də digər sektorun nümayəndələrinin bu fikrə müsbət yanaşacağını düşünürəm", - deyə deputat əlavə edib.
Təklifi dəyərləndirən sığorta üzrə espert İlkin İbrahimov “Sherg.az”a açıqlamasında bildirib ki, yeni sığorta məhsulunun hazırlanması ağılsızlıqdır:
"Çünki hazırda ölkəmizdə daşınmaz əmlakın icbari sığorta məhsulu mövcuddur. Bu da dünyada ən yaxşı formada təklif olunan sığorta məhsullarından biridir. Birincisi, daşınmaz əmlak sığortasının icbari yaxud, könüllü olması ilə bağlı mübahisələr var idi. Bir çox ekspertlər bildirirdi ki, bu sığorta növü icbari olmamalıdır. Ona görə ki, vətəndaşın əmlakı şəxsidir və evini sığorta edib-etməməsi onun öz seçimidir. Lakin Azərbaycanda 2011-ci ildə daşınmaz əmlakın icbari sığorta məfhumu ortaya çıxdıqdan sonra, bu müzakirəyə son qoyuldu. Bu məcburi xarakter daşıdı və geniş kateqoriyanı əks etdirir. Məsələn, sel, su basması, daşqın və s. Əgər bunu zəlzələ ilə bağlı ayrıca məhsul kimi götürsək, mənfi cəhətləri olacaq. Bizim ölkədə yalnız zəlzələ ilə əlaqədar deyil, bütün fəlakətlərə qarşı sığortalama məhsulu var. Belə çıxır ki, geriyə doğru addım atırıq və təbii fəlakətlərdən tək birini, zəlzələni xüsusi paketdə təqdim edirik. Onsuz daşınmaz əmlakın icbari sığortası bütün təbii fəlakət risklərini əhatə edir. Əlavə olaraq, yanğın, qaz partlayışı ilə bağlı sığorta təminatını almır".