Azərbaycanda qanunsuz yaşayan əcnəbilərin ölkə vətəndaşı ilə nikaha daxil olması qadağan edilir. Bununla bağlı Ailə Məcəlləsinə dəyişiklik təklif olunub. Təklif olunan dəyişikliyə əsasən, ikisindən biri və ya hər ikisi Azərbaycan Respublikası ərazisində qanunsuz olan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər arasında nikahın bağlanmasına yol verilməyəcək.
Sənəd ölkəmizdə qanunsuz miqrantların müəyyən edilməsi və qanunsuz miqrasiyanın qarşısının alınması, o cümlədən miqrasiya qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması istiqamətində həyata keçirilən tədbirlərin səmərəliliyinin artırılması məqsədilə hazırlanıb. Belə ki, layihədə Ailə Məcəlləsinin nikahın bağlanmasına mane olan halları əks etdirən 12-ci maddəsinə dəyişiklik edilməsi təklif olunur. Bu dəyişikliyə əsasən aralarında nikahın bağlanmasına yol verilməyən şəxslərin sırasına ikisindən biri və ya hər ikisi ölkə ərazisində qanunsuz olan və yaxud yaşayan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərin də əlavə edilməsi nəzərdə tutulur.
Sözügedən qanun layihəsi ilə bağlı açıqlama verən Dövlət Miqrasiya Xidmətinin Miqrasiya siyasəti və hüquqi təminat Baş İdarəsinin Hüquqi təminat idarəsinin rəisi Nizami Quliyev bütün dünyada olduğu kimi Azərbaycanda da məqsədli nikahların aktual problem olduğunu deyib: “Bununla mübarizə tədbirləri çox ciddidir. Bir çox ölkələrdə azadlıqdan məhrum etmə, cərimə kimi cəzalar var. Bizim apardığımız tədbirlərdən biri qanunsuz miqrasiya ilə mübarizədir. Biz uzun müddət ölkədə qeyri-qanuni yaşamış şəxsi müəyyən edirik. Məlum olur ki, 10 gün bundan qabaq o, nikah bağlayıb. Bu zaman biz onu ölkədən deportasiya edə bilmirik, ölkəyə girişinə qadağa qoya bilmirik. Ona görə nikaha girən şəxslərdən biri əcnəbi olanda onun ölkədə qanuni olması nəzərə alınmalıdır. Bu layihə bizim üçün çox vacibdir. Nikaha daxil olan qeyri-qanuni miqrant olan əcnəbi əmək bazarında iş icazəsi olmadan əmək fəaliyyəti ilə məşğul ola bilir”.
“Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması” İctimai Birliyinin sədri, Miqrasiya Əməkdaşlıq Platformasının rəhbəri Azər Allahverənov “Sherg.az”a açıqlamasında deyib ki, təcrübədə miqrasiyanın tələblərindən qaçmaq üçün saxta nikahlara rast gəlinir:
“Sözügedən qanun layihəsi qanunsuz miqrasiyanın qarşısının alınması üçün vacib amildir. Qonşu ölkələrlə miqrasiya mübadiləsi intensiv olan ölkələrdə qanunsuz miqrasiya ilə mübarizə hər zaman aktualdır. Əksər ölkələrdə bu məsələ müvafiq qadağa və məhdudiyyətlərlə tənzimlənir. Hansısa bir ölkə ərazisində qeyri qanuni əsaslarla yaşayan şəxs qanunvericilikdə qeyri qanuni miqrant kimi identifikasiya olunur. Qanundan kənar yaşayan şəxslərin isə qanunun imkanlarından yararlanması arzuolunan deyil. Kimsə Azərbaycana gəlir, burada oturum icazəsi, vətəndaşlıq almaq üçün buranın vətəndaşı ilə saxta nikah bağlayır. Azərbaycan vətəndaşı ilə nikaha daxil olan əcnəbi ölkədə əmək fəaliyyəti ilə məşğul ola bilir və bu da düzgün deyil. Yəni Azərbaycan ərazisində olma və ya yaşama hüququ verən sənədlər olmadan, yaxud qeydiyyatsız uzun müddət yaşayan əcnəbilərin bir çoxu ölkə ərazisini tərk etməmək üçün son anda mümkün asan vasitə olaraq Azərbaycan vətəndaşı ilə nikah bağlamağı seçirlər. Bu hal Azərbaycan vətəndaşı ilə nikahda olan əcnəbilərə münasibətdə qanunvericiliyin müəyyən etdiyi imtiyazlardan sui-istifadə edilməsi riski yaratmaqla yanaşı, qanunsuz miqrasiyanın qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlərin effektivliyinə mənfi təsir göstərir”.
A.Allahverənovun sözlərinə görə, Rusiyada qanunsuz yaşayan miqrantlar əvvəllər qanunvericiliyin müəyyən imkanlarından istifadə edə bilirdilər:
“Məsələn, avtomobilini qeydiyyata aldıra, bank hesabı açdıra, o cümlədən də ölkə vətəndaşları ilə nikah bağlaya bilirdilər. Lakin sonrakı mərhələdə Rusiya hökuməti başa düşdü ki qanunsuz miqrantlar qanunvericiliyin onlara verdiyi güzəştlərdən sui- istifadə edirlər. Keçən il Rusiya hökuməti bu güzəştləri ləv etdi ki, qanundan yararlanmaq istəyən əcnəbilərin mütləq ölkədə qanuni yaşayış icazəsi olmalıdır. Qadağalar qanunsuz miqrantların daxil olduqları ölkədə qanuni şəkildə yaşamağa sövq etməyə hesablanıb”.