Taksi xidməti sahəsində inhisarçılığın əlamətləri görünür
“İctimai nəqliyyatda problemlər hələ tam həllini tapmayıb. Günün pik saatlarında əhali yenə də uzun müddət avtobusları gözləməli olur”
İyun ayından taksi xidmətində qiymətlərin qalxacağı gözlənilən idi. Amma etiraf edək ki, bu qədərini kimsə təxmin etmirdi. 3 manatlıq yol 6 manat, 6 manatlıq 12 manata “qalxıb”. Bu azmış kimi taksi sayında azalma da ciddi şəkildə özünü göstərir. Son günlər taksi sifarişi ilə üzləşmiş insanlar sifarişlərin gec qəbul olunduğunu, qəbul olunan sifarişlərin tez-tez ləğv edildiyini deyib. Məlum məsələdir ki, taksi xidmətində yaranan çətinliklər bu sahədə tətbiq edilən dəyişikliklərlə bağlıdır. Taksi avtomobillərinə tətbiq edilən rəng, istehsal ili “limiti”, bir sıra tələblər, şərtlər, sürücülərin təlimlərə cəlb edilməsi, sertifikasiya, sertifikat, icazə... sonunda da imtahan. Qəribə vəziyyətdir. Şagirdləri, abituriyentləri, dissertantları, magistrləri, müəllimləri, psixoloqları, məmur olmaq istəyənləri imtahan edən Dövlət İmtahan Mərkəzi sürücüləri də imtahana çəkdi. Taksi sürücülərindən birinin şahidi olduğumuz söhbətindən: “Təlimlər ümumilikdə 300 dəqiqədən ibarətdir. 3 gün təlim keçdik, 76 manat ödədik. Sertifikat verdilər. Sonra da imtahana getdik. Məntiqi suallar idi. Məsələn, avtomobildə müstəri olduğu halda, avtomobildə nasazlıq yaranıbsa, nə edəcəksiniz? Cavab bilirsiz necə olmalıdır? Müştəri mənim avtomobilimdə nə qədər məsafə qət edibsə, həmin məsafəyə qədər gediş haqqını ondan almalıyam, sonra əraziyə başqa taksi çağırılmalıdır, müştəri məsafənin qalan hissəsinə görə ödənişi ikinci taksiyə ödəməlidir”. Taksi sürücüsü dedi ki, avtomobilinin istehsal müddəti qoyulan tələblərə cavab vermir: “Gərək bankdan kredit götürüb, ili heç olmasa, 2020, 2019 olan avtomobil alım. Ya da gedim taksi şirkətlərinin birində işləyim. Şirkətlə işləmək sərf etmir. Qazancın böyük hissəsi şirkətə çatır. Evə qəpik-quruş aparırsan. Kredit də ki yükdür”.
Bəs necə olacaq?.. Paytaxtda ictimai nəqliyyat problemi həll edilməyib, taksi xidməti isə bahalaşıb. İctimai nəqliyyatdan istifadənin təşviqi beləmi olur?
Sosioloq İlqar Hüseynli “Sherg.az”a açıqlamasında qeyd etdi ki, taksi xidməti sahəsində inhisarçılığın əlamətləri görünür:
- Harada sağlam rəqabət varsa, orada problemlər az olur, problem yarananda da cəld həllini tapır. Paytaxtda da nə qədər ki taksi xidmətində rəqabət vardı, bu xidmət sahəsindən razıların sayı çox idi. Düzdür, taksi xidmətində neqativ hallar baş verirdi. Naşı, sürücülük kateqoriyası taksi fəaliyyətinə uyğun gəlməyən, etik davranış qaydalarını bilməyən, hətta narkotik maddənin təsiri altında sürücülük edənlər vardı. Amma ümumən əhali taksi xidmətindən razı idi. Xüsusən də səhər ertə saatlarında işə tələsən, axşam da evə qayıdan insanlar tıxac və basabasla avtobusa minə bilmədikdə, ucuz taksi xidmətindən istifadə edib mənzil başına çatırdılar. İndi isə vəziyyət çətinləşib. İctimai nəqliyyatda problemlər hələ tam həllini tapmayıb. Günün pik saatlarında əhali yenə də uzun müddət avtobusları gözləməli olur. Dayanacaqlarda avtobuslara minmək mümkün olmur. Taksi də yoxdur. Yəni ucuz taksi yoxdur. Çünki inhisarçılıq var artıq. İnhisarçılıq ortaya çıxdı, problemlər də yarandı. Mən qaydaların tətbiqinin əleyhinə deyiləm, heç vaxt da olmamışam. Yeni tələblər, qaydalar arasında elələri var ki, haqlı tələblərdir. Taksilər estetik, təmiz və təhlükəsiz olmalıdır. Taksi sürücüləri yol hərəkəti qaydalarını, müştəri ilə davranış qaydalarını bilməlidirlər. Təkcə taksi sürücülərinin deyil, nəqliyyat vasitəsi idarə edənlərin hamısı narkoloji testə cəlb olunmalıdır. Bunlar müsbət tələblərdir. Amma rəng məsələsi müzakirə olunmalı idi, niyə məhz ağ və qırmızı? Hansı əsasla, ağ rəngin üstünlüyü nədədir, qırmızı rəngin üstünlüyü nədir? Şəhərdə hələ də konkret taksi dayanacaqları yoxdur. Qaydalar sərtləşdiyindən gediş haqqı artıb, taksi sayı isə azalıb. Sifarişlər gec qəbul olunur, bir taksidən digərinə ötürülür. Ən əsas problem isə 100 min insanın işsiz qalmasıdır. Rəsmi olaraq 67 min taksinin qeydiyyatda olduğu bildirilir. Bölgələrdən şəhərə gələnləri, qeydiyyatdan kənar qalanları da bu saya əlavə etsək, təxminən 100 min edir. Deməli, 100 min insan dünənədək çalışırdı, işləyirdi, ailəsinə qazanc aparırdı. Hər ailədə azı 3 nəfərin olduğunuda nəzərə alsaq, 300 min edir. Deməli, yeni qaydalar 300 min insanın dolanışığına mənfi təsir edəcək. Bu insanlar nə edəcəklər, harada işləyəcəklər, onlara hansı alternativ iş təklif olunur, bu barədə danışan yoxdur. Bəzən deyirlər, taksi sürücüsü avtobus sürsün, yük maşını sürsün. Sizcə, hazırda paytaxtda taksi sürücülərinin sayını kompensasiya edə biləcək qədər avtobus martşrut xətti varmı? Və ya yük maşını sürücülüyünə bu qədər vakant yerlərmi elan edilib? Qaydalar tətbiq edilirsə, işçilər də nəzərə alınmalıdır. Yaxşı olardı ki, hökumət minlərlə insanın işsiz qalacağını nəzərdən qaçırmayıb onlara güzəştli şərtlərlə avtomobil təklif etsin. Taksi sürücüləri də bu avtomobillərdən istifadə edərək həm qazanc əldə etsinlər, həm də dövlətə vergi ödəsinlər. Qiymətləri isə bazar özü tənzimləməlidir. Normal rəqabət şəraitində qiymətlər əlçatan olacaq.