Şuşada "By Youth For Youth" Beynəlxalq Forumunun açılış mərasimi keçirilir.
APA-nın Şuşaya ezam olunmuş əməkdaşı xəbər verir ki, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Heydər Əliyev Fondu və İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) birgə təşkilatçılığı ilə "By Youth For Youth" (Gənclərdən gənclər üçün) adlı Beynəlxalq Forum öz işinə başlayıb.
Forumun məqsədi İslam Dünyası gənclərinin sülh yaratma, davamlı inkişaf, mədəniyyət, ətraf mühitlə bağlı baxış və təcrübələrini müzakirə etmək, bu sahədə onların iştirakına, innovativ həllərin müzakirəsinə və gənc liderlərin şəbəkələşməsinə imkan yaratmaqdır.
Forumda dövlət rəsmiləri, beynəlxalq təşkilatların və müxtəlif ölkələrin yüksək vəzifəli şəxsləri, qonaqlar və İCESCO-ya daxil olan ölkələrdən 200-ə yaxın şəxs iştirak edir.
Açılış nitqi ilə çıxış edən və qonaqları salamlayan Prezidentin Şuşa rayonu üzrə xüsusi nümayəndəsi Aydın Kərimov diqqətə çatdırıb ki, Şuşada quruculuq işləri aparılır və bu prosesdə gənclər də iştirak edirlər:
"Şuşaya, öz doğma yurduna qayıdanlar arasında gənclər də var. Onlar Şuşa şəhərinin inkişafına töhfə verirlər. Şuşa inkişaf edir".
O, İSESKO-nun rəhbərliyinə təşəkkür edib, forum iştirakçılarına uğurlar diləyib.
İSESKO-nun Baş Direktoru Dr. Salim M. AlMalik çıxışı zamanı tədbirin keçirilməsi üçün göstərdiyi dəstəyə görə, Prezident İlham Əliyevə, vitse-prezident Mehriban Əliyevaya, gənclər və idman naziri Fərid Qayıbova təşəkkür edib.
O deyib ki, gələcəkdə Azərbaycan Respublikası ilə tərəfdaşlığın genişləndirilməsi nəzərdə tutulur.
O, həmçinin bildirib ki, bu il Azərbaycanda keçirilən COP29 tədbirində də iştirak etmək istəyirlər.
Daha sonra çıxış edən gənclər və idman naziri Fərid Qayıbov qonaqların diqqətinə çatdırıb ki, Qarabağ işğaldan azad edildikdən sonra burada quruculuq işlərinə başlanılıb. O, tədbirin Azərbaycanda - Şuşada keçirilməsində etimada görə İSESKO-nun direktoruna, layihənin icrasında yardımlarına görə Heydər Əliyev Fonduna təkkürünü bildirib. Nazir deyib ki, forum çərçivəsində geniş və əhatəli müzakirələrin aparılması gözlənilir.
Bu tədbir Azərbaycanın müxtəlif regionlarla xoşməqsədli əlaqələrinin genişləməsində gənclərin iştirakının artmasına töhfə verəcək.
Qeyd edək ki, forum sabah Bakıda davam edəcək.