Müəllimlərin işə qəbulu üzrə müsabiqədə məhz hicablı olduğu üçün kimlərinsə kənarlaşdırılması iddiasına aydınlıq gətirilib.
Sherg.az APA-ya istinadla xəbər verir ki, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) Ümumi təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli jurnalistlərə açıqlaması zamanı deyib ki, bu tip əsassız iddialar MİQ üzrə müsahibələrdən sonra olur.
"Biz dini, cinsi ayrı-seçkiliyə qarşıyıq", - deyə o qeyd edib.
Təhsil eksperti Elnur Aydın “Sherg.az”a bildirib ki, müəllimlərin işə qəbulu prosesinin heç bir mərhələsində dreskot (geyim) qaydaları ilə bağlı məhdudiyyət nəzərdə tutulmayıb:
“Müəllimin müsabiqəyə buraxılmasının hüquqi əsası olmalıdır. Hicablı xanım namizəd müəllimlərin işə qəbulu prosesində uğur qazanarsa, digər mərhələdə iştirakını hicab taxması məhdudlaşdıra bilməz. Azərbaycan Respublikasının Konstitusiyasında hər kəsin dini azadlığı hüququnun olduğu açıq şəkildə bəyan edilir. Məktəblərdə müəllimlər üçün dreskot (geyim) qaydalarının tətbiqi bütün qaranlıq məqamlara aydınlıq gətirəcək. Necə ki, bəzi dövlət və ya özəl qurumlarda geyim qaydaları tətbiq olunur. Ümumtəhsil məktəblərinin müəllimləri üçün geyim qaydaları tətbiq olunarsa müəllimin geyim mövzusu müzakirə predmetinə çevrilməz”.