Diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi
Avropada, ABŞ-də ictimaiyyətə dolğun, düzgün informasiyalar verilməsi böyük əhəmiyyət daşıyır
“Hər hansı tədbirdə Azərbaycana qarşı qərəzli mövqe, qərəzli, əsassız firkirlər səslənirsə, dərhal müdaxilə edib, qarşısını almalıdırlar”
Bəzi xarici dövlətlərin ölkəmizə qarşı qərəzli mövqeyi xarici müdaxilələrə qarşı mübarizəni vacib edir. İndiyədək də ölkəmiz bir sıra dövlətlərin təhdidləri ilə üzləşirdi. Lakin 44 günlük Vətən müharibəsi və antiterror əməliyyatları ilə ərazi bütövlüyünü, suverenliyini tam bərpa edərək nəinki regionda, dünyada güc mərkəzinə çevrilən və sözü keçərli olan dövlətimizə qarşı təhdidlər daha da artır. Milli Məclisin ilk iclasında “Azərbaycan Respublikası Milli Məclisinin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyasının yaradılması haqqında” məsələnin müzakirəyə çıxarılması və müvəqqəti komissiyanın formalaşdırılması da məhz xarici təhlükələrə və təhdidlərə qarşı qabaqlayıcı xarakter daşıyır. Spiker Sahibə Qafarova komissiyanın yaradılması haqqında məsələ barədə danışarkən bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Milli Məclisin ilk iclasında etdiyi çıxışın önəmli bir hissəsini müəyyən xarici dairələrin ölkəmizə qarşı hazırladığı planlara, onların apardığı qarayaxma, iftira, böhtan kampaniyalarına, ideoloji təxribatlara həsr etmişdi. “Bildiyiniz kimi, ideoloji təhlükəsizlik məsələləri dövlətimizin ərazi bütövlüyü və suverenliyi bərpa edildikdən sonra xüsusi aktuallıq kəsb edib. Xalqımızın tarixi qələbəsi ilə barışa bilməyən qüvvələr Cənubi Qafqaz bölgəsinə daxil olmaq və burada möhkəmlənmək, Azərbaycanın işlərinə qarışmaq cəhdlərindən əl çəkmirlər. Bu səbəbdən ölkəmiz mürəkkəb xarakterli təhlükələrlə üzləşir. Ənənəvi çağırışların qalmaqda davam etdiyi bir şəraitdə yeni, daha məkrli müdaxilə formaları da ortaya çıxır. Bu cür hərəkətlər dövlətimizi daxildən zəiflətməyə, ictimaiyyətin dövlət institutlarına etimadını sarsıtmağa və nəticə etibarı ilə milli maraqlarımıza xələl gətirməyə, müstəqilliyimizi və ictimai-siyasi sabitliyimizi təhlükə altına almağa yönəlib. Onu da deyim ki, bir sıra hallarda biz üstüörtülü təhdidlər və müdaxilələr ilə qarşılaşırıq, cəmiyyətimiz və dövlətimiz ilə manipulyasiya etmək cəhdləri çoxgedişli təbliğat kampaniyaları - onu biz hamımız yaxşı bilirik - saxta şüarlar ilə pərdələnir. Bu baxımdan, hesab edirəm ki, komissiyanın fəaliyyəti çevik, aktiv və preventiv xarakter daşımalıdır”, - deyə o qeyd edib. Müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq qəbul edilib. Ramid Namazov Komissiyanın sədri, Sevil Mikayılova, Əminə Ağazadə, Kamran Bayramov, Nurlan Həsənov, Qaya Məmmədov, Rasim Musabəyov, Gülşən Paşayeva və Zaur Şükürov Komissiyanın üzvləri seçilib.
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nizami Səfərov bildirib ki, XXI əsrin birinci yarısında qarşılaşdığımız təhlükəli çağırışlar arasında suveren dövlətlərin daxili işlərinə xarici müdaxilələr və hibrid təhdidlər xüsusi yeri tutur. Azərbaycanın milli təhlükəsizliklə bağlı maraqlarına zidd olan bu amillər beynəlxalq leksikona daxil edilmiş “hibrid müharibə” konsepsiyasının substantiv elementləridir. Bu konsepsiya və onun əsasında formalaşan strategiya və bunların təzahürləri geniş ictimaiyyətə məlum deyil. Ona görə də, ilk növbədə, bəzi mühüm məqamlara aydınlıq gətirmək zəruridir. “Hibrid müharibə” termini ilk dəfə olaraq ABŞ-nin Dəniz Piyadaları Korpusunun tərkibində xidmət etmiş və 30 ildən çox milli təhlükəsizlik məsələləri üzrə analitik, hərbi məsləhətçi kimi fəaliyyət göstərmiş Frenk Hoffman tərəfindən 2007-ci ildə dərc edilən “XXI əsrdə münaqişə: hibrid müharibələrin yüksəlişi” monoqrafiyasında işıq üzü görüb. N.Səfərov bildirib ki, hibrid müharibənin siyasi fenomen olaraq xarakterik xüsusiyyətlərinə nəzər salsaq, vurğulanmalıdır ki, bunlardan birincisi, münaqişə tərəflərindən birinin digərinə zərər vurması, onun daxili və xarici siyasətində dəyişiklik olunmasına məcbur etməsidir. İkincisi, münaqişədə qalib gəlmək üçün hərbi xarakter daşımayan üsullardan da istifadə olunur, bu cür üsulların və vasitələrin geniş diapazonu var. Hibrid qarşıdurmada qeyri-hərbi vasitələrin və metodların tətbiqinə üstünlük verilir. Məsələn, düşmənçilik xarakteri daşıyan məlumatların toplanılması və informasiya fəzasında istifadəsi, kiberhücumlar, etiraz aksiyalarının təşkili, sosial şəbəkələrdə qarayaxma kampaniyası, feyk yeniliklərin dövriyyəyə buraxılması və sair. Hibrid təhdidlər kritik infrastruktura, yəni iqtisadiyyat, dövlət qurumları, ölkənin təhlükəsizliyini təmin edən orqanlar üçün strateji əhəmiyyət daşıyan idarəetmə sistemləri üçün fövqəladə təhlükə mənbəyidir. Bu sırada, sadəcə, kritik informasiya infrastrukturunun təhlükəsizliyinə təhdidləri qeyd etmək kifayətdir. Bu məsələlər hazırda qlobal gündəlikdə ciddi şəkildə diqqət cəlb edir. N.Səfərov bildirib ki, otuz ilə yaxın müddətdən sonra erməni işğalına son qoyulması, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa edilməsi bəzi dövlətlər, onların birlikləri və beynəlxalq təşkilatlar tərəfindən qeyri-adekvat reaksiyaya səbəb olub: “Belə bir şəraitdə qeyd edilən cəhdlərin qarşısının alınması, milli maraqların və milli təhlükəsizliyin qorunması istiqamətində yeni addımların atılması, digər zəruri tədbirlərin görülməsi fundamental əhəmiyyətə malikdir”.
Qeyd edək ki, mövcud vəziyyət xarici ölkələrdə məskunlaşmış soydaşlarımızı, diaspor təşkilatlarımızı daha da səfərbər olmağı tələb edir. Xarici ölkələrdə yaşayan soydaşlarımız, təşkilatlanmış diaspor fəalları həm cənab Prezident İlham Əliyevin parlamentdəki məlum çıxışını, eyni zamanda bunun məntiqi davamı olaraq Milli Məclisdə müvəqqəti komissiyanın yaradılmasını əsas tutaraq fəallığı artırmalıdırlar.
D.Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu “Sherg.az"a açıqlamasında qeyd etdi ki, müvəqqəti komissiyanın yaradılması nə qədər müsbət hadisədirsə, xaricdə yaşayan soydaşlarımızın fəallığı bir o qədər vacibdir:
- Ölkəmizə qarşı saxta ittihamlar irəli sürürlər, etmədiyimiz, xalqımıza, dövlətimizə yad olan, heç vaxt tərəfimizdən işlənməyən davranışları bizə aid etməyə çalışırlar. Təsəvvür edin ki, ATƏT-in İnsan Ölçüsü Konfransında çıxışı edən ABŞ dövlət katibinin demokratiya, insan haqları və əmək məsələləri üzrə köməkçisi Dafna Rand "Dağlıq Qarabağda" insan hüquqları və humanitar hüquqların pozulmasına istinad edərək bizi qınamağa çalışır. Qərbi Azərbaycan İcması bununla bağlı bəyanat yayaraq bildirilib ki, əvvəla, Azərbaycanda "Dağlıq Qarabağ" adlı heç bir region mövcud deyil. ABŞ rəsmisinin işğal və separatçılıqla assosiasiya olunan bu termini işlətməsi Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlikdir. İkincisi, Azərbaycan ərazi bütövlüyünü və suverenliyini bərpa edərkən Qarabağ bölgəsində heç bir insan hüquqları və humanitar hüquq pozulması halı baş verməyib. Etnik ermənilərin Azərbaycan cəmiyyətinə inteqrasiyadan imtina etməsini hüquq pozuntusu kimi qələmə vermək tamamilə qəbuledilməzdir. D.Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyəti 44 günlük Vətən müharibəsi və ondan sonrakı dövrdə öz ofisində “Qaynar Xətt” yaratmışdı və bu barədə hamıya elan edilmişdi ki, Qarabağın erməni əhalisi bizə müraciət edə bilər. Əgər onların hüquqları pozulursa, təhdid edilirlərsə. Bizə müraciət edən çox sayda ermənilər oldu. Hansı ki Xankəndidə yaşayırdılar. Zəng edib deyirdilər ki, separatçılar yolları bağlayıb, ərzaq təminatımız yoxdur, çətinlik çəkirik. Biz öz imkanlarımızla onlara kömək edirdik. Azərbaycan ordusu mülki ermənilərə qarşı həssas, insani davranırdı, humanitar yardım göstərirdi. Amma Qərb bunu görməzdən gəlirdi, indi də ölkəmizə qarşı qarayaxma kampaniyasını davam etdirirlər. Daxildə, onsuz da xarici müdaxilələrə qarşı mübarizə aparılır, amma bu, azdır. Xarici ölkələrdə yaşayan soydaşlarımız, diaspor təşkilatları fəal olmalıdırlar. Aylıq-sayıq və məlumatlı olmalıdırlar. Hər hansı tədbirdə Azərbaycana qarşı qərəzli mövqe, qərəzli, əsassız firkirlər səslənirsə, dərhal müdaxilə edib, qarşısını almalıdırlar. Avropada, ABŞ-də ictimaiyyətə dolğun, düzgün informasiyalar verilməsi böyük əhəmiyyət daşıyır. Oralarda çalışan, işləyən, yaşayan soydaşlarımız xaricdə Azərbaycanın səsi, görən gözü olmalıdır. İnformasiya müharibəsi 90-cı illərdə də vardı, indi də var. İdeoloji təhlükəsizlik məsələləri də həmişə aktual olub. Azərbaycan dövləti suverenliyini bərpa etdikdən sonra, indi bu, xüsusi aktuallıq kəsb edir. Bunu xaricdə yaşayan soydaşlarmız da bilməlidir və bu mübarizənin fəal iştirakçısı olmalıdırlar. Tez-tez tədbirlər keçirməli, görüşlər təşkil etməli, məlumatlandırma işi aparmalıdırlar. Ölkəmiz və dövlət siyasəti haqqında faktlar, sənədlər, real hadisələr əsasında məlumat verilməlidir. Bu cür fəaliyyət ümumi işimizin xeyrinə olacaq.