İnsanlar haqsız olduqları halda niyə haqlı olduqlarını düşünürlər?

Yeni araşdırma aparılıb


  Yeni bir araşdırmaya görə, insanlar qərar qəbul edərkən kifayət qədər məlumatı olmasa belə, fikirlərini doğru qəbul edir və haqlı olduqlarını düşünürlər.
İnsanların səhv etdikləri zaman belə haqlı olduqlarını düşünmələrinin arxasında "məlumat kifayətliyi illüziyası" dayanır. Ohayo Dövlət Universitetinin tədqiqatçıları tərəfindən aparılan araşdırma göstərir ki, insanlar əllərində olan məlumatların natamam olduğunu dərk etmədən qərarlar verirlər. Bu vəziyyət fərdlərin qərar verərkən kifayət qədər məlumata malik olduqlarını düşünməsinə səbəb olur.
  “Sherg.az” xəbər verir ki, araşdırma çərçivəsində internet üzərindən 1261 iştirakçıya iki məktəbin birləşməsi ilə bağlı arqumentlər təqdim edilib. Bir qrup iştirakçıya birləşməni dəstəkləyən, digər qrupa isə əleyhinə olan rəylər verilib. Nəticədə həmin qrupların onlara təqdim olunan məlumatların natamam olmasından xəbərsiz olduqları müşahidə olunub. Bununla belə, nəzarət qrupuna həm dəstəkləyici, həm də əks fikirlər təqdim edildikdə, bu qrup daha balanslı bir yanaşma nümayiş etdirdiyi və qərarlarında daha az inamlı olduğu ortaya çıxıb.
  Tədqiqatın həmmüəllifi Anqus Fletcher qeyd etdi ki, insan beyni bir neçə uyğun gələn məlumat təqdim edildikdə, bu məlumatın əskik olub-olmadığını sorğulamadan qəbul etməyə meyillidir. Bu, gündəlik həyatda münaqişələrə səbəb ola biləcək qərəz yaradır. Fərdlər, fikirləri kifayət qədər məlumata əsaslanmasa belə, özlərini haqlı hiss etməyə meyillidirlər.
  Araşdırma onu da göstərir ki, insanlar yalnız öz fikirlərini dəstəkləyən məlumatlara etibar edirlər ki, bu da sosial müzakirələrdə fikir ayrılığına səbəb olur. Özünü haqlı hesab edən fərdlər müxtəlif fikirləri görməzliyə vuraraq bu yanlış fikri daha da gücləndirirlər.