Yaxın Şərqdə baş verənlərin dağıdıcı təsiri təkcə insanlara deyil, təbiət, ətraf mühit üçün də ciddi təhdiddir
Münaqişələrin kənar təsirləri qlobal iqlim problemlərini daha da dərinləşdirir.
Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) deyib. Onun sözlərinə görə, COP29-da sədrliyin əsas məntiqlərindən biri də bu məsələ ilə bağlı bütün tərəfləri bir araya gətirməkdir:
“Biz müxtəlif ölkələrlə həllyönümlü çıxış yolları hazırlayırıq. Odur ki, tərəfdaşlara Azərbaycana inandığına, etibar etdiyinə görə təşəkkür edirəm. Vaxtı hədər vermək olmaz. Bəyanatları konkret tədbirlərə çevirmək lazımdır”.
Qeyd edək ki, C.Bayramovun dediklərində həqiqət payı böyükdür. Hazırda dünyada baş verən hadisələr, müharibələr, qırğınlar təbiətin gələcəyinə, iqliminə təsir göstərir. Hesablamalara görə, bu gün qlobal tullantıların 6 faizi hərbi sənayenin payına düşür, lakin real rəqəm bundan xeyli yüksək ola bilər. Şəffaflığın olmaması səbəbindən bir çox ölkə, o cümlədən ABŞ hərbi əməliyyatlarının zərərləri haqqında məlumatı açıqlamaqdan çəkinir. Qərb ölkələri dünyanın müxtəlif yerlərində ədalətsiz müharibələr aparmağa davam edir və nəticədə əhəmiyyətli ekoloji fəlakətlər baş verir. Müharibələr təbii ehtiyatları, ekosistemləri məhv edir və qlobal istiləşməyə böyük töhfə verir. Münaqişələr istixana effekti yaradan qaz emissiyalarını artıraraq torpağı, suyu və havanı çirkləndirməklə ətraf mühitə olmazın zərbə vurur. Münaqişələr nəticəsində ekosistemin məhv edilməsi və ətraf mühitin çirklənməsi isə iqlim dəyişməsini daha da gücləndirir. Odur ki, iqlim danışıqları hamını bir araya gətirməlidir.
Biz müharibənin ekologiyaya, iqlimə vurduğu "yara"ları çox görmüşük, bunun ağrısını çox hiss etmişik. Erməni vandalları 30 il ərzində torpaqlarımızı oda qalayıb, meşələrimizdəki, bağlarımızdakı ağacları baltalayıb, çaylarımızı çirkləndiriblər. Düşmən həmçinin hər tərəfi minalayıb, təbii sərvətlərimizi talan edib. Barbarlar işğal etdikləri ərazilərdə, sözün əsl mənasında, ekoloji terror törədiblər. Prezident İlham Əliyev onların bu vəhşiliklərini ekosid - ətraf mühitə qarşı genosid adlandırıb. Biz olanları heç vaxt unuda bilmərik. Mənfur düşmənin bizi 30 il ərzində nələrdən məhrum etdiyini dünya da bilməlidir.
Biz bütün bu zərbələrə məruz qaldığımız üçün bilirik: "Yalnız sülh və iqlim fəaliyyətinə üstünlük verməklə planetimizi gələcək nəsillər üçün qoruya bilərik!".
COP29-un çağırışı beynəlxalq ictimaiyyət üçün ümumi bir çağırışdır. Qoy bu atəşkəs çağırışı bəşər həmrəyliyinin simvoluna çevrilsin!
Müharibələrdə istifadə edilən yeni növ dağıdıcı silahların ətraf mühitə zərəri haqda danışan ekoloq Telman Zeynalov "Sherg.az"a deyib ki, müasir dövrdə baş verən müharibələr və bu hərbi kampaniyalarda istifadə edilən silahlar ekologiya üçün böyük təhlükələrə yol açır:
“Müasir dövrdə yeni növ silahların yaradılması müharibələri daha təhlükəli hala gətirir. Hazırda Yaxın Şərqdə baş verən İsrail-Fələstin müharibəsinin dağıdıcı təsiri təkcə insanlara deyil, eyni zamanda təbiət, ətraf mühit üçün də ciddi təhdiddir. Hərbi texnika, partlayıcı maddələr və digər müasir silahlar meşələrin qırılmasına, flora və faunanın məhv edilməsinə səbəb olur. Bu, aktuallığı gün-gündən artan qlobal problemdir. Həmin regionda davam edən müharibə yaxın ölkələrə də çox mənfi təsir edir”.
Ekoloq hesab edir ki, COP29 məhz bu məsələni müzakirə etmək və silah istehsal edən və ixrac edən ölkələrin məsuliyyətini artırmaq üçün mühüm platformadır. Onun sözlərinə görə, müharibələrin iqlimə təsiri beynəlxalq müzakirələrdə ən çox diqqətdən kənarda qalan mövzulardan biridir və bu məsələlərin COP29-da müzakirə edilməsi olduqca əhəmiyyətlidir:
“Azərbaycan çətin geosiyasi şəraitə və Qərb ölkələrinin daimi təzyiqlərinə baxmayaraq, iqlim dəyişikliyi ilə mübarizə üzrə qlobal səylərə real töhfə verməyə çalışır. Ölkə artıq təmiz texnologiyalar tətbiq edir və bərpa olunan enerji mənbələrini inkişaf etdirir ki, bu da onun beynəlxalq iqlim sazişlərinə sadiqliyini vurğulayır. Azərbaycan bu mühüm hadisənin siyasiləşdirilməsini aradan qaldıraraq qlobal ekoloji problemlərlə daha səmərəli mübarizə aparmağa imkan verəcək konstruktiv həllər təklif etməyə və dialoqu müdafiə etməyə hazırdır”.