Əlilliyi olan şəxslər dövlətin əsas prioritetlərindəndir -AÇIQLAMA

Bütün oxşar tədbirlər ölkəmizdə əlilliyi olan şəxslərlə bağlı fəal dövlət siyasətinin aparıldığını göstərir
 
Bu gün Beynəlxalq Əlillər Günüdür. 1992-ci il dekabrın 14-də BMT Baş Assambleyasının bu günlə bağlı qətnaməsi qəbul olunub. Həmin sənədin əsas hədəfi həyatımızın bütün sahələrində əlillərin hüquqlarını qorumaq və geniş ictimaiyyətin diqqətini onların problemlərinə yönəltməkdir.
2006-cı ildə ““Əlilliyi olan şəxslərin hüquqları haqqında” BMT-nin Konvensiyasına qoşulan Azərbaycanda əlil hüquqlarının qorunması, onların sağlamlıqlarının bərpası, sosial rifahının yaxşılaşdırılması, mənzillə təminatı, peşə ixtisasına yiyələnməsi, bir sözlə, tam hüquqlu üzv kimi cəmiyyətə inteqrasiya olunması üçün tədbirlər görülür. Həmin sahələrin hər biri üzrə lazımlı addımlar atılır.

 Milli Məclisin deputatı Səbinə Salmanova “Sherg.az”a açıqlamasında qeyd edib ki, Prezident İlham Əliyevin uğurlu sosial siyasəti Azərbaycanda əlilliyi olan şəxslərin də sosial təminatı, reabilitasiyası və cəmiyyətə inteqrasiyasının dəstəklənməsi tədbirlərinin ildən-ilə genişlənməsinə imkan verib:

 “Ölkəmizdə dövlət tərəfindən bu qəbildən olan insanların sosial rifahının yüksəldilməsi istiqamətində mütəmadi olaraq mühüm addımlar atılır. Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan bu siyasət hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, bu sahədə qanunvericilik bazası daha da təkmilləşdirilir.
Prezident İlham Əliyevin imzaladığı müvafiq fərman və sərəncamlarla bu kateqoriyadan olan şəxslərə ödənilən pensiya və müavinətlərin məbləği hər il artırılır. Dövlətimiz tərəfindən sağlamlıq imkanları məhdud vətəndaşlar çoxsaylı sosial proqramlara cəlb edilir, o cümlədən reabilitasiya, pulsuz istirahət, texniki-bərpa və nəqliyyat vasitələri ilə təmin olunurlar. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva da bu kateqoriyadan olan insanların qayğı və problemlərini daim diqqətdə saxlayır. Mehriban xanımın rəhbərlik etdiyi Heydər Əliyev Fondu bu sahədə bir çox təşəbbüslər irəli sürür və sosial layihələr həyata keçirir.
Azərbaycanda əlilliyin qiymətəndirilməsi sahəsində mühüm islahat tədbiri kimi,  yeni meyarlar tətbiq olunmaqla, əlillik mütərəqqi dünya təcrübəsinə uyğun olaraq orqanizmin funksiyalarının  itirilməsi faizi əsasında  müəyyən edilir. Əlilliyi olan şəxslərin istedad və bacarıqlarının aşkara çıxarılaraq cəmiyyətə tanıdılması üçün ümumrespublika yarış və müsabiqələri, sərgilər də davamlı xarakter alıb. Həmçinin əlilliyi olan şəxslərin məşğulluq və özünüməşğulluq imkanlarının artırılması daim diqqətdə saxlanılır, paralimpiya hərəkatı ildən-ilə daha da genişlənir. Bütün bu tədbirlər ölkəmizdə əlilliyi olan şəxslərlə bağlı fəal dövlət siyasətinin aparıldığını göstərir”.