"Bir milyon yarım şagirdi olan sistemdə gün ərzində hansısa şagirdlərin, valideynlərin və ya müəllimlərin arasında münaqişə tipli halların olması qaçılmazdır".
Bunu elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərin suallarını cavablandırarkən deyib.
"Biz bir milyon yarım şagird, onların valideynləri və iki yüz minə yaxın müəllimdən danışırıq. Baş verən bütün hallara qanunvericilik çərçivəsində baxılmalıdır. İnzibati qaydada pozuntular, cinayət xarakterli məsələlər varsa, bunları hüquq-mühafizə orqanlarına yönləndiririk. Təlim-tərbiyə ilə bağlı məsələdirsə, problemi valideynlərlə həll etməyə çalışırıq", - deyə nazir bildirib.
Təhsil eksperti Elnur Aydın “Sherg.az”a bildirib ki, məktəblərdə münaqişələrin sayını azaltmaq və təsirlərini minimuma endirmək üçün bir sıra addımlar atıla bilər:
“Geniş insan kütləsi ilə işləyən hər hansı sistemdə münaqişələr qaçılmazdır. Lakin məktəblərdə prosesləri nəzarətdə saxlamağa imkan verən münaqişələrin idarə edilməsi sistemi olmalıdır. Həmçinin məktəb idarəçiləri münaqişələrin qarşısını alma və onları idarə etmə üsulları üzrə xüsusi təlimlər almalıdır. Digər tərəfdən aktiv dinləmə və problem həll etmə bacarıqlarını inkişaf etdirmək vacibdir. Məktəblərdə kifayət qədər peşəkar psixoloqların olmaması isə münaqişələrə nəzarəti çətinləşdirir. Psixoloji dəstək şagirdlər, valideynlər və müəllimlər üçün əlçatan olmalıdır. Münaqişə vəziyyətlərinin həlli üçün effektiv proqramlar hazırlanmalı və tətbiq edilməlidir. Daxili intizam qaydaları şagirdlər və müəllimlər tərəfindən yaxşı başa düşülməlidir, aydın formada təqdim olunmalıdır. Müəllimlər və valideynlər arasında mütəmadi ünsiyyət təmin edilməlidir. Valideynlər də uşaqlarının davranışına nəzarət etmək və məktəblə əməkdaşlıq etmək üçün məlumatlandırılmalıdır. Şagirdlər arasında mehriban münasibətlərin təşviq edilməsi üçün tədbirlər görülməlidir. Məktəblərdə nəzarəti artırmaq üçün video nəzarət sistemləri, təhlükəsizlik tədbirləri üçün doğru sistem qurulmalıdır. Şagirdlər arasında konstruktiv dialoq və əməkdaşlıq mədəniyyətini təşviq edən dərslər keçirilə bilər. Münaqişələrin tamamilə qarşısını almaq mümkün olmasa da, bu kimi tədbirlər onların sayını azaltmaq olar”.