Dekabrın 12-də Azərbaycanın Bosniya və Herseqovinadakı səfirliyində xalqımızın Ümummilli Lideri Heydər Əliyevin xatirəsi ehtiramla yad edilib.
AZƏRTAC xəbər verir ki, anım mərasiminə qatılan azərbaycanlı tələbələr və səfirliyin əməkdaşları səfirlikdə Heydər Əliyevin büstü önünə gül dəstələri qoyublar, Ulu Öndərin xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Daha sonra dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycanın dövlətçiliyi tarixində əvəzsiz xidmətlərindən, müstəqilliyimizin qorunub saxlanılmasında, dövlətçiliyimizin möhkəmləndirilməsindəki tarixi rolundan bəhs edilib. Ümummilli Lider Heydər Əliyevin müasir müstəqil Azərbaycan dövlətinin banisi, xilaskarı kimi xalqımızın qəlbində daima yaşayacağı vurğulanıb.