Nikolun sərhəd açıqlaması: Paşinyanın əslində nəyi nəzərdə tutduğunu dəqiqləşdirməlidir

Ermənistanın SSRİ dövründə mövcud olan sərhədlərdən imtina etməsi suverenlik və dövlətçilikdən imtina etmək deməkdir.
Bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan Feysbuk səhifəsində paylaşım edib.
"Açıq deməliyəm ki, belə yanaşma Ermənistan üçün çox təhlükəlidir. Çünki SSRİ dövrünün xəritələrindən imtina dövlətçilik və müstəqillikdən imtina deməkdir. Ona görə ki, biz müstəqilliyimizi Sovet Ermənistanı ərazisində əldə etmişik və beynəlxalq ictimaiyyət bizi belə tanıyıb. Beynəlxalq səviyyədə tanınmış ərazimizə sədaqət təhlükəsizlik üçün vacibdir və bizim üçün bufer rolunu oynayır", - N.Paşinyan bildirib.
O vurğulayıb ki, əgər Ermənistan vətəndaşları özləri beynəlxalq səviyyədə qəbul edilmiş ərazini tanımırlarsa, bununla başqalarına da onu tanımamaq imkanı verirlər.

Cross Media Təhlil Mərkəzinin analitiki, siyasi şərhçi Mübariz Göyüşlü "Sherg.az"a deyib ki, Ermənistanın SSRİ dövründə mövcud olan sərhədlərdən imtina etməməsi ilə bağlı açıqlama verməsi bir az qeyri-müəyyənlik yaradır:

"SSRİ-nin ilk dövrlərində Azərbaycanın əraziləri fərqli idi. Bu dövrdə Azərbaycan torpaqlarının bir hissəsi yenə də Ermənistana əvəzsiz "hədiyyə" edildi. Amma 1991-ci ildə artıq müstəqillik əldə olunanda Azərbaycan 76.6 min kv.km əraziyə malik idi. Buna görə də Paşinyanın əslində nəyi nəzərdə tutduğunu dəqiqləşdirməlidir. Əgər onlar hazırkı 29 min kv.km Ermənistan ərazisini nəzərdə tutaraq, indiki sərhədlər daxilində yerləşmək istəyirlərsə, bu, müsbət qiymətləndirilir. Digər tərəfdən Paşinyan Qarabağa iddianı yenə də saxlayırsa, biz bunu qətiyyətlə rədd edirik. Erməni vətəndaşlarına da çağırış edirik ki, Ermənistanın beynəlxalq səviyyədə qəbul edilmiş əraziləri çərçivəsinə yerləşsinlər və onu tanımağa çalışsınlar. Eyni zamanda konstitusiyada dəyişiklik etməməkdə israrlı olaraq, bu mövzu gələndə söz oyunundan istifadə etmək və s. Paşinyanın sadəcə vaxt udmaq, problemlərin mövcudluğunu saxlamaq və ortaq məxrəcə gəlməkdən qaçmaq məqsədi güdür".