Rahat yaşamaq haqqı...

Ömür artdıqca insanları daha yaxşı tanımağa, xarakerizə etməyə başlayırsan. "Olmaz" dediklərin başına gəldikcə həyatı daha yaxşı anlayırsan. Fəlsəfədə həyatın mənası müxtəkif cür izah olunur. Qədim filosoflardan biri olan Ərəstunə görə həyatın mənası məhz yaxşı insan olmaqdadır. 

Əslində təkcə fəlsəfə yox, din və təbabət də insanı yaxşılıq etməyə çağırır. Göstərilir ki, uzun yaşamağın, əbədi dünyanı qazanmağın əsas yolu məhz pislikdən, kin- küdurətdən uzaq olmaqdadır.

Yaxşı insan olmaq yaxşılıq etməyi bacarmaq deməkdir. Yaxşı insan olmaq təkcə özünü yox, həm də başqalarını, onların xoşbəxtliyini düşünmək və bunun üçün çalışmaqdır. Yaxşı insan olmaq köməyə ehtiyacı olanın sənə müraciət etməsini gözləmək deyil, əksinə, dəstəyini tam vaxtında göstərməkdir. Bəzən bir təbəssüm, bir xoş sözlə də yaxşı adam olmaq mümkündür. Əsas odur ki, xəsislik etməyəsən. Ətrafındakıları- nəinki tanıdıqlarını, həm də tanımadıqlarını xoşbəxt etməkdən çəkinməyəsən.

Pis adam olmaq daha asandır. Qayğısız, vecsiz olub ancaq özünü düşünməyin kifayətdir. Pis adamlar başqalarını incitməkdən, xoşbəxtliklərinə mane olmaqdan nəinki qorxmurlar, həm də bəzən bundan zövq alırlar. Onlar üçün adətən dəyər anlayışı olmur. "Sapı özümüzdən olanlar" kimi davranıb, arxadan zərbə vurmaq, əvvəlcə qıvrılıb, sonra ilan kimi sancmaq onlar üçün adi haldır. Sancır, sonra da kənardan müşahidə edirlər. 
Belə insanlar adətən qorxaq olurlar. Rahat gəzə, rahat yata, düşünə bilmirlər. Gözlənilməz zəng gələndə diksinir, açmağa çəkinirlər. Pislik edən, insanlara zərbə vuran, yalnız öz maraqları naminə başqasının xoşbəxtliyini görməzdən gələn insanın bütün ömrü narahatlıqla, səksəkə ilə keçir. Belə adamlar adətən xoşbəxt olmurlar. Ümumiyyətlə, onlar xoşbəxtliyin nə olduğunu bilmirlər. Zahirən hiss etdirməsələr də, daxilən əzab çəkirlər. Həmişə başıaşağı olurlar.

Deməli, xoşbəxt olmaq üçün yaxşılıq etmək lazımdır. Onda alnın açıq olar, üzün də ağ...

Kənan Novruzov