Sabah gec olacaq: Valideynlər gözlərini dörd açmalıdır

Əgər şagird üstündə bıçaq gəzdirirsə, bir gün bunun sonu pis olacaq

“Uşaq kimlərlə oturub-durur, kiminlə dostluq edir, dostluq etdiyi uşağın, sinif yoldaşının ailəsi kimdir, necə insanlardır... Bunları bilmək lazımdır”

Britaniya hökuməti, uşaqların bıçaq əldə etməsinin qarşısını almaq məqsədilə pərakəndə satış məntəqələrində yoxlama prosedurlarını sərtləşdirmək niyyətindədir. “Reuters” agentliyinin məlumatına görə, bu qərar Sautport şəhərində rəqs dərsində üç uşağı qətlə yetirən yeniyetmənin ötən həftə məhkəmədə günahını etiraf etməsindən sonra qəbul edilib. Baş nazir Kir Starmer, ötən ilin iyul ayında Aksel Rudakubananın törətdiyi bıçaqlı hücumu Britaniya tarixinin ən dəhşətli hadisələrindən biri kimi qiymətləndirib. Faciənin baş verməsinə səbəb olan nöqsanların araşdırılması üçün ictimai istintaq başladılıb. Nəticədə bıçaq satışına dair tənzimləmələrə diqqət yönəlib. Mövcud qanunvericiliyə əsasən, Britaniyada pərakəndə satıcılar 18 yaşdan aşağı şəxslərin bıçaq almasının qarşısını almaq üçün yaş yoxlama sisteminə malik olmalıdırlar. Lakin bu sistemlərin bəzi aspektləri dəqiq müəyyən edilməyib. Daxili işlər naziri İvet Kuper, ötən həftə parlamentdə çıxış edərək, 17 yaşlı A.Rudakubananın onlayn yolla bıçaq ala bilməsini utancverici adlandırıb. Nazir bildirib ki, uşaqların onlayn şəkildə təhlükəli silahlar əldə etməsi utancvericidir: “Onlayn alışlarda yanlış doğum tarixi daxil etmək çox asandır, bağlamalar isə çox vaxt heç bir sual soruşulmadan qapının ağzına qoyulur”,- deyə, o, qeyd edib.


Təhsil məsələləri üzrə ekspert Elçin Süleymanov “Sherg.az"a açıqlamasında qeyd etdi ki, uşaqlara, yetkinlik yaşına çatmamış şəxslərə kəsici, soyuq silahların satılmasının qadağan edilməsi doğru addımdır:  
- Azərbaycanın mövcud qanunvericiliyində də azyaşlılara, yetkinlik yaşına çatmamış şəxslərə kəsici alətlərin, soyuq silahın satılması (odlu silahın satışı ölkəmizdə ümumiyyətlə, qadağandır) qadağandır. Yeri gəlmişkən, yetkinlik yaşına çatmayanlara siqaret, tütün məmulatlarının satışı da qadağandır. Amma buna nə dərəcədə əməl edilir? Odlu silahla bağlı isə konkret qaydalar mövcuddur. Məsələn, ov tüfəngləri xüsusi sənəd əsasında sırf ov məqsədilə, ovçuluq qaydalarına uyğun şəkildə satılır. Ov tüfəngi olanların buna icazə sənədi olmalıdır. Onu təqdim etməlidirlər. Amma nəzərə alsaq ki, son illərdə onlayn ticarət şəbəkəsi çox genişlənib və ona nəzarət etmək də asan deyil. Onlayn ticarətdə alıcının şəxsiyyəti müəyyənləşmir. İdxal olunan maldırsa, buna gömrükdə nəzarət ediləcək. Lakin daxili alış-verişdə belə bir nəzarət mexanizmi yoxdur. Ümumiyyətlə, hesab edirəm ki, satışı qadağan etməklə yeniyetmələrin soyuq silah, kəsici alət gəzdirməsinin qarşısının alınacağını düşünmürəm. Yeniyetmə, məktəbli bıçağı evdən də götürə bilər. Evdə - mətbəxdə istifadə edilən bıçaqlar, necə deyərlər, açıq şəkildə çəkməcələrdədir. Məsələ, yeniyetmənin bıçağa, məhz kiməsə xəsarət yetirmək məqsədilə, bu istəklə əl uzatmasındadır. Yeniyetmə, məktəbli niyə bıçağa əl atsın ki?! Əl atırsa, deməli, burada problem var artıq. Ya bu şagirdə sinifdə münasibət yaxşı deyil, sinif yoldaşları, ümumiyyətlə, hər hansı bir şəxs tərəfindən basqı, zorakılıq var, ya o özü kiməsə zorakı davranır, sinif yoldaşlarına qarşı aqressivdir. Əldə bıçaq varsa, burada şübhəsiz aqressiya vardır. Və bu aqressiyanın səbəbi bilinməlidir. Valideynlər nəzarət etməlidir övladlarına. Biz bunu dəfələrlə deyirik, tövsiyə veririk. Uşaq kimlərlə oturub-durur, kiminlə dostluq edir, dostluq etdiyi uşağın, sinif yoldaşının ailəsi kimdir, necə insanlardır... Bunları bilmək lazımdır. Valideyn övladının davranışlarına nəzarət etməlidir. Əgər onda aqressiv hərəkətlər müşahidə edirsə, söhbət etməlidir, onu başa salmalıdır, çəkindirməlidir zorakı davranışlardan və başa salmalıdır ki, bunun sonu cinayətlə bitə bilər və onun həyatı məhv olar. Eyni zamanda məktəbdə də nəzarət güclü olmalıdır. Müəllimlər şagirdlərin psixologiyasına bələd olmalıdırlar. Uşaqların həssas yaş qrupu, keçid yaş dövrü olur ki, bu dövrü ağır keçirənlər də olur. Nə qədər ki, uşaq yetkinlik yaşına çatmayıb, onu zərərli davranışlardan çəkindirmək də asandır, həmçinin  yönləndirmək də asandır. Nəyisə qadağan etmək tərbiyə alətlərindən biridir. Başqa alətlər, metodlar da var, hansı ki daha effektiv hesab edilir. Məsələn, maarifləndirici, yönləndirici söhbətlər aparmaq, müsbət nümunələr təqdim etmək. Və aqressiyanın səbəbini araşdırmaq. Aqressiyanın haradan qaynaqlandığı bilinsə, önünü almaq da asanlaşar.