Marketlərdə gizli qiymət fırıldağı - İqtisadçıdan İZAH

“Möhtəşəm endirim” oyununda qiymətlər əvvəl qaldırılır, sonra guya endirilir

Marketlər, alış-veriş mərkəzlərində endirim kampaniyaları əvvəllər bayramlar ərəfəsində, hansısa əlamətdar günlərdə keçirilirdisə, artıq mütəmadi xarakter alıb. Ayın əvvəli, ortası, sonu fərq etmir, endirim kampaniyalarının ardı-arası kəsilmir. Alıcılar isə endirim kampaniyalarına çox da inanmır. Belə qənaət formalaşıb ki, endirimli qiymət əslində mal və məhsulların əsil qiymətləridir, amma sahibkarlar digər vaxtlarda süni olaraq yüksək qiymət təyin etdikləri məhsullara bəzi vaxtlar guya ki endirim edərək nisbətən ucuz qiymətə satışa qoyur, "Möhtəşəm fürsət! Qaçırmayın" reklam çağırışları ilə müştəri cəlb edilər. 

İqtisadçı Rauf Qarayev "Sherg.az"a açıqlamasında qeyd etdi ki, saxta endirimlər "möhtəşəm endirimlər" adı altında baş verir: 

- Bildiyiniz kimi, bir çox marketlər öz ad günlərinə özəl endirimlər edir. Apardığımız araşdırmalar onu göstərir ki, burada bir çox manipulyasiya hallarına rast gəlinir. Məsələn, endirimdə olan malın qiyməti super endirimlər günü başlayanda qaldırılır, nəinki endirilir. Amma rəflərdə qeyd olunur ki, 50 faiz endirimdir. Azərbaycanda marketoloqlar müxtəlif aldadıcı üsullara əl atsalar da, bir şeyi unutmamalıdılar ki, marketlərə müxtəlif peşə sahibləri də girib mal alırlar. Onlar ağı qaradan seçməyi marketoloqlardan yaxşı bacarırlar. Məsələ burasındadır ki, marketoloqlar ümumi plan üzrə işlədiyindən bu hadisələr bütün marketlərdə baş verir. Eyni qablaşdırmada olan malın qiyməti bir rəfdə endirimli qiymətlədir, digər rəfdə endirimsiz qiymətdədir. Aralarında fərq çəkidədir. Çəkisi 30 faiz çox olanla, endirimdə olan fərqi qiymət baxımından 5 faizdir. Alıcı detalallara fokuslanmır, yalnız malın qiymətinə baxır. Bu baxımdan maarifləndirmə də düzgün formada aparılmır. Çoxları endirimli qiymətə baxır, amma aldığı mala diqqət yetirsə hər şeyi daha yaxşı görünər. Nəticədə daim aldadılan alıcı, narazı olsa da yenə tələyə düşür. Bu tələ onun cibinə təsir edir. Bəzi hallarda sahibkar daha irəli getmək üçün işçilərinə tapşırıq verir. Kassa qiyməti ilə rəf qiyməti arasındakı fərqin səbəbkarı da marketin sahibidir. Əgər belə hallar daim təkrarlanırsa, demək burada günahı rəhbərlikdə axtarmaq lazımdır. Biznes özü-özlüyündə yalan üzərində qurulmasa orada qazanc olmaz. Məsələ budur ki, burada rəqabət mühitinə uyğun iş aparılarsa bu yalanların sayı da kütləvi olmaz. Əksər yerlərə baxanda marketlərdə məhsulların qiyməti bir-birindən fərqli deyil. Şəxsin özünün yetişdirdiyi, istehsal etdiyi məhsulda qiymət aşağı ola bilər. Bu o deməkdir ki, endirim arxasınca qaçmaq bir tərəfdən vaxt itkisidir. Bütün iri marketlərin tətbiqi proqramları var, müştəriyə nəsə lazımdırsa bu proqramda müqayisə edib, öz seçimini edə bilər. Bir sıra hallarda market sahibləri bu proqram vasitələrində də qiymətləri yeniləmir ki, müştəri birbaşa marketə gəlsin. Bu formada proqramları işlədənlər var. Çıxış yolu nədir, diqqətli olmaq. Bəzən belə ifadə də el arasında gəzir, aldadıram, çalış aldanma. İstəmirsinizsə zəhmətlə qazandığınız pul boşuna getsin, diqqətli olun.