Minatəmizləyənlərin ailələrinə müavinət təyini qaydaları təsdiqləndi

Həlak olan və ya aldığı xəsarətdən həyatını itirən minatəmizləyənlərin ailə üzvlərinə Prezident təqaüdünün təyin edilməsi üçün tələb olunan sənədlərin siyahısı müəyyənləşib.

Sherg.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərarla "Sosial ödənişlərin təyin edilməsi, ödənilməsi, ödənişinin dayandırılması və sosial ödəniş işlərinin mühafizəsi Qaydası"na yeni bənd əlavə olunub.

Dəyişikliyə əsasən, minatəmizləmə fəaliyyətini həyata keçirən zaman partlayıcı sursatların işə düşməsi nəticəsində baş verən bədbəxt hadisə ilə əlaqədar həlak olan və ya aldığı xəsarətdən həyatını itirən minatəmizləyənlərin ailə üzvlərinə təqaüdün təyin olunması üçün aşağıdakı sənədlər tələb edilir:

- Hadisə nəticəsində həlak olma və ya xəsarətdən həyatını itirmə faktını təsdiq edən Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi tərəfindən verilən arayış;

- Minatəmizləyənin ölüm haqqında şəhadətnaməsinin surəti;

- Təqaüd almaq hüququ olan ailə üzvləri olmasını təsdiq edən sənədlərin (övladlarına və uşaq evlərində tərbiyə olunan qardaş və bacılarına münasibətdə onların doğum haqqında şəhadətnamələrinin, valideynlərinə münasibətdə özünün doğum haqqında şəhadətnaməsinin, baba və nənələrinə münasibətdə özünün və birinci növbədən digər qohumlarının doğum və ölüm haqqında şəhadətnamələrinin, habelə vəfat etmiş ailə üzvlərinin ölüm haqqında şəhadətnaməsinin) surəti;

- Dul arvadı (əri) ilə nikahı haqqında şəhadətnamə;

- 23 yaşınadək övladının peşə, orta ixtisas və ya ali təhsil müəssisəsində təhsil alması barədə arayış;

- 18 yaşına çatmamış (təhsil alanlar təhsilini bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək), yaxud 18 yaşına çatanadək əlilliyi müəyyən edilmiş 18 yaşından yuxarı əlilliyi olan uşaq evlərində tərbiyə olunan qardaş və bacıları olduqda bu barədə həmin müəssisənin arayışı.