"İkinci zolaqda avtomobil saxlamaq qanun pozuntusudur"
“Millenium” şadlıq sarayının qarşısında avtomobillərini park edən qonaqlara cərimə tətbiq olunub. Bu barədə Sitat.info məlumat verib. Bildirilir ki, şadlıq sarayının nəzarətçisi qonaqlara avtomobillərini yolun ikinci zolağında saxlamağı tövsiyə edib və həmin ərazidə yol polisi tərəfindən cərimə yazılmadığını deyib.
Məclisə gələnlərdən bir neçəsi nəzarətçinin sözünə inanaraq avtomobillərini ikinci zolaqda saxlayıb. Lakin az sonra həmin şəxsərin telefonuna qayda pozuntusuna görə 72 manat cərimə və 2 cərimə balı tətbiq edilməsi ilə bağlı mesaj gəlib. Cərimə tətbiq olunan qonaqlarla şadlıq sarayının rəhbərliyi arasında narazılıq yaranıb. Restoran rəhbərliyi cərimələrin onların tərəfindən qarşılanacağını bildirsə də, vəd yerinə yetirilməyib.
Nəqliyyat məsələləri üzrə mütəxəssis Eldəniz Cəfərov “Sherg.az”a açıqlamasında qeyd etdi ki, əgər anlaşılmazlıq varsa, vətəndaşlar Dövlət Yol Polisinə müraciət etməlidir:
- Zolaqlara gəlincə, zolaqlar sağdan hesablanır. Birinci zolaq sağdan birinci olandır, sonra ikinci, sonra da üçüncü zolaq gəlir. Azərbaycan Respublikasının Yol Hərəkəti haqqında Qanununa əsasən, şəhərdaxili yollarda, əgər nişan və ya xətt ilə qadağan edilməyibsə, sağ kənar zolaqda dayanmaq olar, lakin sol zolaqları zəbt etmək qayda pozuntusu hesab olunur. Avtomobili yolun ikinci zolağında saxlamaq qadağandır. Orda nişana ehtiyac da yoxdur. Bunu hər bir sürücü bilməlidir.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov da “Sherg.az”a bildirdi ki, vətəndaşlar qadağan olunmuş yerdə avtmobilini saxlamamalıdır, hər hansı nəzarətçinin sözünə, vədinə də etibar etməməlidirlər:
- Nəzarətçinin qadağan olunmuş yerdə avtomobilin saxlanmasına icazə vermək hüququ yoxdur. Bir neçə il öncə buna bənzər hadisə baş vermişdi, vətəndaş avtomobilini bir idarənin qarşısında saxlamışdı, polislər gəlib avtomobili aparmışdılar ki burad saxlamağa icazə yoxdur. O zaman mənə müraciət olundu, araşdırdıq, gördük ki, “icazəsiz” yer, əslində avtomopbillərin daynaması üçün icazə verilən, qadağan olunmayan yerdir. Bunu sübut etdik və vətəndaş deyil, polislər cərimə edildi. Bəzən bu cer ahllara rast gəlinir, kimlərsə müəyən bir yeri zəbt edir, qanunsuz olaraq orada dayanmağa icazə vermirlər, “mənim yerimdir, saxlamaq olmaz” deyirlər. “Mənim yerim” deyə bir hal yoxdur. Qadağan olunmuş ərazilər var, hansı ki qadağan işarəsi qoyulub və ümumi istifadədə olan yerlər var, harda ki qadağan işarəsi qoyulmayıb. Avtomobili harda saxlamaq olar, dövlətin qanunları ilə, yol nişanları əsasında icra olunur, şəxsi istəklərlə deyil. Vətəndaş da özü bunları bilməlidir, diqqətli olmalıdır, baxmalıdır, avtomobili harda saxlaya bilər, harda yox.