Uşaqların sosial mediadan tamamilə uzaqlaşdırılması haqqında düşünməməliyik -ŞƏRH

Müasir dövrdə sosial media uşaqların gündəlik həyatının ayrılmaz hissəsinə çevrilib. Bu isə onların təhlükəsizliyi, psixoloji inkişafı və rəqəmsal mühitdə davranış qaydaları ilə bağlı müzakirələri daha da aktuallaşdırır. Müzakirələrin mərkəzində isə uşaqların sosial şəbəkələrdə qeydiyyatı zamanı yaş yoxlanılması mexanizminin tətbiqi və onların zərərli məzmundan qorunmasına yönəlmiş tədbirlər dayanır. Qanunvericilikdə nəzərdə tutulan dəyişikliklər “sosial şəbəkələrə qadağa” və ya “uşaq hüquqlarının məhdudlaşdırılması” kimi deyil, dövlətin uşaqların müdafiəsini gücləndirməsi, onların təhlükəsiz rəqəmsal mühitdə formalaşmasına dəstək verməsi kimi dəyərləndirilir. 

Media eksperti Azər Həsrət Sherg.az-la uşaqların sosial media platformalarından istifadəsi ilə bağlı fikirlərini bölüşüb:

"Sosial media olsa da, olmasa da, uşağın müəyyən bir yaşa qədər tərbiyəsi ilə ata-anası məşğul olmalıdır. Əgər ata-anası yoxdursa, bu işi himayədarları etməlidirlər. Uşağa düzgün tərbiyə veriləndə, doğru istiqamət göstəriləndə və lazımi nəzarət ediləndə, o, onlayn mühitdə də özünü uyğun şəkildə aparacaq. Bu nəzarət olmayanda, uşaq özbaşına buraxılanda isə, əlbəttə ki, problemlər artacaq. O baxımdan, uşaqların 16 yaşa qədər sosial mediadan istifadəsinin qadağan edilməsi bir variantdırsa, ikincisi də onları məşğul edəcək alternativlərin təklif olunması vacibdir. Biz uşağı zorla 16 yaşına qədər sosial mediadan və internetdən uzaq saxlasaq belə, o, televizorda, orada-burada, məhəllədə, həyətdə bu platformaların mövcudluğu haqqında eşidəcək. Bu da onda maraq yaradacaq və o, alternativ yollarla həmin sosial media platformalarından istifadə etməyə cəhd göstərəcək. Sosial media və müasir texnologiyalar bir seldir. Elə bir seldir ki, onun qarşısını tam almaq mümkün deyil. Bu sel getdikcə daha da güclənəcək".

Ekspert bildirib ki, həmin selin istiqamətini dəyişmək lazımdır: 

"Onu elə bir yönə istiqamətləndirə bilərik ki, zərər vurmasın, əksinə, fayda gətirsin. Uşaqların sosial mediadan tamamilə uzaqlaşdırılması haqqında düşünməməliyik. Əksinə, onların istifadə edə biləcəyi daha faydalı məzmun təklif etməliyik. Uşaqlar sosial mediadan istifadə etsinlər, amma qarşılarına çıxan məzmun onların daha yaxşı yetişməsinə, inkişafına xidmət etsin.İstənilən halda uşaqları sosial mediadan tam uzaqlaşdırmaq mümkün deyil". 

Müsahibimiz qeyd edib ki, indiki texnologiya dövründə bunu etmək mümkün deyil:

"Daha cəlbedici və faydalı alternativlər təklif etmək çıxış yoludur. Bir sıra sosial media platformalarında onsuz da 16 yaşına çatmamış şəxslərin qeydiyyatı və istifadəsi məhdudlaşdırılıb. Amma 16 yaşdan aşağı nə qədər uşaq müxtəlif alternativ yollar taparaq həmin sosial media platformalarından istifadə edə bilir".