“Xəyali statistika ilə pensiya yaşını artırıblar” - Tural Abbaslı

  • “Kişilərin çoxu 65 yaşına çatmır, bu halda pensiya yaşı niyə 65-dir?”

Bu gündən Azərbaycanda qadınların pensiya yaşı 65 olub. Bununla da qadınların pensiya yaşı kişilərin pensiya yaşı ilə bərabərləşib.

Bu rəqəm kişilər üçün 2021-ci ilin iyunun 30-da tamamlanıb.

Qeyd edək ki, "Əmək pensiyaları haqqında" qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.

"Əmək pensiyaları haqqında" qanunun 7-ci maddəsinə əsasən, pensiya yaşına çatmış şəxsin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ var.

AĞ Partiyanın sədri Tural Abbaslı Sherg.az-a bildirib ki, pensiya yaşının artırılması qəbuledilməzdir:

“Dünyanın əksər ölkələrində qadınların pensiya yaşı, mütləq şəkildə, kişilərdən 2-3 il az olur. Çünki burada həm də qadınların ailədəki rolu, ana kimi məsuliyyəti, evdəki işləri nəzərə alınır və onları daha tez pensiyaya çıxarırlar. Təəssüf ki, Azərbaycanda xəyali rəqəmlərə, xəyali statistikaya istinad edərək pensiya yaşı həm kişilər, həm də qadınlar üçün maksimum səviyyəyə qaldırılıb. Yəni baxsaq, qonşu ölkələr arasında, istər regionda, istərsə də keçmiş MDB məkanında ən yüksək pensiya yaşı Azərbaycandadır. Halbuki Azərbaycan Dövlət Statistika Komitəsinin öz rəqəmlərinə görə, kişilərin 60 faizə yaxını 65 yaşına çatmadan dünyasını dəyişir. Belə bir ölkədə kişilərin böyük əksəriyyəti 65 yaşa çatmırsa və pensiya yaşı 65 müəyyən edilirsə, bu, o deməkdir ki, pensiya vermək istəmirlər. Buna görə də Azərbaycanda kişilərin pensiya yaşı 60-a endirilməlidir, qadınların isə daha aşağı - 58 yaşa salınmalıdır. Çünki bugünkü real həyat şərtləri bunu diktə edir”.

Partiya sədri söyləyib ki, bütün bu addımlar, guya orta ömür yaşının yüksəlməsi ilə əsaslandırılır:

“Deyirlər ki, insanların orta ömür yaşı Azərbaycanda 70-dir, 80-dir və s. Ancaq bunlar xəyali rəqəmlərdir, heç bir reallığa əsaslanmır. Bunlara istinad edib pensiya yaşını daha da qaldırmaq istəyirlər. Bunun da bir məqsədi var: büdcədən ödənişləri azaltmaq, büdcənin yükünü yüngülləşdirmək və dövlətin vətəndaş qarşısındakı öhdəliklərini minimuma endirmək. Amma əslində dövlətin işi bu deyil. Dövlətin işi vətəndaşın güzəranını, yaşayış şəraitini və rifahını yaxşılaşdırmaqdır. İnsan ömür boyu işləyir. Ən azından 60 yaşdan sonra rahat yaşaya bilməsi üçün pensiya yaşı aşağı salınmalıdır. Ümumiyyətlə, pensiya məbləğinin özü də gülməlidir. Bu isə başqa bir dərddir. Son zamanlar iqtidarın bütün addımları büdcə vəsaitinin qorunmasına xidmət edir, vətəndaşların maraqlarına yox. Biz görmüşük ki, dünyanın hər yerində büdcə vətəndaşa xidmət edir. Amma bizdə, təəssüf ki, məmurların yanaşmasına görə insan büdcəyə xidmət edir. İstər cərimələr olsun, istər sosial yardımlar, istərsə də pensiyalar büdcə xərclərinin azaldılmasına, insanların vəziyyətinin isə daha da ağırlaşmasına xidmət edən qərarlardır”.