- Xarab olmuş məhsullar satışdan çıxarılmır - marketlərdə ciddi problem var
Həmkarımız Ceyhun Musaoğlu "Melissa store" marketdə satışda kiflənmiş kolbasa olduğu barədə xəbər paylaşıb. Paketlənmiş kolbasanın kiflənmiş olduğunu əks etdirən fotonu da məlumata əlavə edib. Market Həsən bəy Zərdabi prospektindəki “Melissa Park”da yerləşir.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov satışda istifadə müddəti bitmiş, xarab, zərərli məhsulların olması barədə Sherg.az-a danışarkən bildirdi ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Əsasnaməsində göstərildiyi kimi, istənilən qida fermadan və ya tarladan istehlakçının süfrəsinə qədər soyuq zəncir üzrə hərəkət etməlidir. Heç bir yerdə temperatur fərqliliyinə, çirklənməyə məruz qalmamalıdır: 
- Qida təhlükəsizliyi bu cür təmin olunmalıdır. Əgər zəncirin hər hansı bir halqasında pozuntu olarsa, qida sağlamlıq ümün təhlükəyə çevrilir. Yararlılıq müddəti keçməmiş qidaların kiflənmiş olması, kif göbələklərinin əmələ gəlməsi ilə bağlı AİB-yə çox şikayətlər daxil olur. Müxtəlif ərzaq və qida məhsulları ilə bağlı. Məhsulun kiflənməsinə bir neçə amil təsir göstərə bilər. İstehsal prosesində baktereoloji çirklənmə ola bilər, bu halda hətta məhsul soyuq rejimdə saxlansa da, tərkibində göbələk əmələ gələcək. Anbarda da baş verə bilir belə hallar. Satış şəbəkələri elektrik enerjisinə qənaət etmək üçün soyuducuları yuxarı rejimdə qoyurlar. Nəticədə qida təhlükəyə məruz qalır, tərkibində zərərli dəyişiklik prosesi gedir. Bu cür qidaların satışı qəti qadağandır. Deməli, market rəhbərliyi, rəflərə nəzarət etməli olan əməkdaşlar işlərinin öhdəsindən lazımınca gəlmir, məhsulların hansı vəziyyətdə olmasına nəzarət etmir, xarab olmuş məhsulu satışdan çıxarmırlar. Təəəsüf olsun ki, AQTA sosial şəbəkələrdə paylaşılan bu cür məlumatları təqib etmir. Mən AQTA-da İctimai Şura üzvü olmuşam, həmişə də demişəm ki biz mediadakı informasiyaları ciddi təqib etməliyik və araşdırma aparılmalıdır. Bununla ictimai nəzarəti gücləndirə bilərik. Nə qədər ki media mənsublarının, vətəndaşların sosial şəbəkədə paylaşımları təqib edilmir, media nümayəndələrinin əməyinə ciddi yanaşılmır, informasiyalar yoxlanıb, yerində qərar verilmir, belə hallar çox olacaq.
E.Hüseynov bildirdi ki istehlakçılar məhsulun yararlılıq müddətinin keçməmisənə fikir verməklə bərabər, saxlanma şəraitinə də diqqət etməlidi, alacaqları məhsulu diqqətlə gözdən keçirməlidirlər. Və hər br istehlakçının aldığı məhsulu 15 gün müddətində geri qaytarmaq hüququ var.