"Onların dövlətə də, Vətənə də, hakimiyyətə də sevgisi saxtadır. Pul üzərində qurulmuş sevgidir"
“Həm maddi, həm də mənəvi cəhətdən yazıçılar, qələm adamları ömür boyu karantində yaşayıb. Manıslar isə cəmi beş ay karantinə dözməyib, üsyan elədilər”.
Bu sözləri “Sherg.az”a açıqlamasında tanınmış yazar Kəramət Böyükçöl toyların yoxluğundan, karantinin uzadılmasından narazı olan müğənnilər haqqında söyləyib. O, feysbuk səhifəsində yazdığı statusdan sitat gətirərək davam edib: “Yazmışdım ki, karantin rejimi bir az da uzansa manısların hərəsi əlinə bir mikrofon alıb, “Azadlıq” meydanında mahnı oxumağa başlayacaqlar. Çünki bunların dövlətə də, Vətənə də, hakimiyyətə də sevgisi saxtadır.
Pul üzərində qurulmuş sevgidir. Onlar heç vaxt Vətəni və insanlarını mənəvi varlıq kimi sevə bilməzlər. Ancaq maddi varlıq kimi sevirlər. Beş ay çətinliklərə dözməyib etiraz etməyə başlayırlar.
Başqa vaxtlar efirlərdə, orda-burda əllərində mikrofon “Azərbaycan xalqına eşq olsun”, “Xalqım gözəl xalqdır”, “Yaşasın Azərbaycan” deyirlər. Niyə? Çünki xalq onu gündə bir toya çağırır, 10 000 manat pul verir. Ona görə xalqı sevirdilər.
Amma indi imkanları məhdudlaşıb, toylar bağlanıb. Artıq nə xalqı, nə Vətəni, nə dövləti, nə də hakimiyyəti sevirlər. Bir tərəfdən baxanda bu karantin yaxşı oldu. Manısların həqiqi sifətini ortaya çıxartdı. Yaxşı oldu, sözünü də dırnaq içərisində deyirəm. Çünki manıs tayfasına görə millət, günahsız insanlar əziyyət çəkirlər“.
Kəramət bəy həmçinin bildirib ki, karantin dövründə təmtəraqlı toy məclislərinin dayandırılması ənənəyə çevrilsə yaxşı olar: “Çünki toy millətin mənəvi dəyəri olmaqdan çıxıb, bir adət kimi iyrəncləşib. Camaata restoronlarda iylənmiş toyuqlar verirlər. Toya gedib 6 saat oynayıb, tullanırlar. Toy yiyəsi də deyir, qonaq gəlsin, pul yazdırsın.
Fikirləşir ki, pulun qalanı ilə neyləyək? Bir müğənni, manıs çağıraq, 2000-3000 pul verək. Məşhurdusa, daha çox ödəniş edək və sair. Bunların hamısı toyu mənəvi dəyərdən çıxardıb“.