Aparıcı Kazım Sübhan sosial şəbəkədə video yayımlayıb.
O bildirib ki, müğənni Xatirə İslam, Natavan Həbibidən sonra reper Elşad Xose kanallara qonorar təklifi irəli sürən sayca üçüncü ifaçıdır.
"Hər kəsin fikrinə və qərarına böyük hörmətim var. Xarici kanallardan eşidib, icra etmək istəyirlər, amma bu belə yox, rəsmi şəkildə olur. Bu günə qədər elələri oldu ki, əldə etdiyi uğurları televiziya sayəsində qazandı. İndi elə bir məqama çatmısınız ki, kanallardan qonorar istəyirsiniz. Axı hər şey zamanında qarşılıqlı olub. İndi belə bir iddia irəli sürmək düzgün deyil. Sıfırdan sənətə gələndə deməli idiniz ki, ancaq qonorarla efirə çıxacam", - deyə Kazım Sübhan qeyd edib.
"Sherg.az"ın məlumatına görə müğənni X.İslam "İnstagram" səhifəsində iddiaları cavablandırıb:
"Yenə qatmısan aləmi, ay Kazım, ay bala, nə sözlərdir danışmısan? Deyirsən vaxtında televiziya vasitəsilə tanınan sənətçilər bu gün efirə havayı gəlməlidir. Ay Kazım, sən də televiziya sayəsində tanınmısan, özü də bizdən fərqli olaraq pul xərcləmədən. Sən bu gün televiziyadan maaş almırsan? Çəkini dəqiq bilmirəm, təxminən 55 kiloqramdan ağır olmazsan. Düz sənin çəkin qədər televiziyalara pul vermişəm. Səbəb isə bu gün efirə gedəndə qonorar alım. Vaxt olub anamın üzüyünü satıb bir verilişə vermişəm, eləcə də hamı. Xalqı aldatmayın. Kim səhnəyə təzə çıxırsa, həmin yolu keçməli, pul ödəməlidir. Kiminsə qara qaşına, gözünə görə televiziya o adamı tanıtmır. Dədəmə borcu var? İstedadım olmasaydı, tanıtmazdılar. Ağlın indiyə getməsin, biz çıxmırıq, kim gəldi çıxardırsız. O zamanlar sanbal məsələləri başqa cür idi".
Müğənni sənət adamlarının efirə qonorar əsasında çıxmasının rəsmiləşəcəyini vurğulayıb:
"Bu işin rəsmi olmağına gəlsək, əzizim, rəsmiləşəcək. Bunu sənə mən deyirəm. Bir neçə nəfər də belə addım atsın, gör, rəsmiləşir ya yox. Şəxsən mən bir neçə nəfər söz vermişdim ki, kefim yaxşı olanda efirə gələcəm. Öz işimdir, kimdən qonorar istəyərəm, istəmərəm özüm bilərəm. Əslində qalanda isə yolu budur. Öz gözünün qabağında televiziyaya nə pullar xərclənib. Bilə- bilə deyirsən qarşılıqlı reytinq qazanmısız. Müğənni pulunu ödəyib efirə çıxırdı, həmin sənətçiyə ağzına gələni deyib, ağladıb, reytinqi televiziya qazanırdı. İndi ola bilər? Pul ödəyən adama güldən artıq söz demək mümkündür? Bizim vaxtımızda həm pul verirdik, həm də anamızın təzyiqi verilişdən sonra 1200-ə yüksəlirdi. Nə qədər müğənnilər arasında birlik olmayacaq, durum davam edəcək. Şir həmişə şirdir, mənim qardaşım".