Küçə heyvanlarını sığınacağa yerləşdirsinlər

Sahibsiz itlərin öldürülməli olduğunu dedi


Türkiyəli müğənni Yıldız Tilbenin tviter hesabında sahibsiz itlərin öldürülməsini tələb etməsi sosial mediada birmənalı qarşılanmayıb.

Axşam.az xəbər verir ki, ifaçı paylaşımında sahibsiz itlərin hücumundan qaçmaq üçün avtomobil yoluna çıxan və maşın vurduğuna görə həyatını itirən 20 yaşlı universitet tələbəsi Rabia Karlı kimi ölməmək üçün "Sahibsiz itlərin olduğu ərazidə yaşayan insanlar onlara zəhərli ət versin ki, hamısı ölsün. İnsanları parçalamaq nədir?" sözlərini yazıb. Müzakirələrə səbəb olan şərhinin ardından Datça Bələdiyyəsi Tilbenin ünvanına "İstirahət üçün bizi tərcih etməmə qərarınızın davam etməsini arzu edirik" cavabını yazıb.

Tilbe Bələdiyyənin reaksiyasına qarşılıq olaraq bu sözləri qeyd edib:

“Niyə belə dediniz? Bütün insanların və heyvanların yaşamaq haqqı var, amma hücum etməyə, öldürməyə yox, olmamalıdır da. Qaydalar insanın da, heyvanın da bir-birinə zərə vermədən yaşamasını tənzimləməlidir. Küçə heyvanlarını sığınacağa yerləşdirsinlər, könüllülər təyin olunsun, heyvanların da, insanların da canı qurtarsın".

Qeyd edək ki, Y.Tilbenin sözügedən şərhini tənqid edənlərlə yanaşı, haqlı görənlər də az olmayıb.