“Bəxtim gətirdi…”- Madonnadan ilginc açıqlamalar


Pop musiqisinin kraliçası titulunu daşıyan Madonna bir müddət əvvəl səhhətində yaranmış problemlə bağlı paylaşım edib. “Sherg.az” “NTV.com.tr”yə istinadən xəbər verir ki, müğənni ciddi şəkildə bakterioloji yoluxmaya məruz qaldığını bildirib. 

Madonna ötən həftə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Çağırışa gələn təcili tibbi yardım heyəti müğənnini mənzilində huşsuz halda  görüb. Xəstəxanaya aparılan Madonnada təhlükəli bakterioloji yoluxma faktı müəyyən edilib. Bir müddət reanimasiya şöbəsində ciddi nəzarət altında saxlanılan müğənni müalicə bitdikdən sonra xəstəxanadan buraxılıb. Lakin müalicəsi hazırda ev şəraitində də davam edir. Evdə müalicəsi davam edən Madonna bu barədə sosial media hesabında paylaşım edərək sevənlərini nigaranlıqdan qurtarmaq istəyib. O, sevənlərinə təşəkkür edib: “Pozitiv enerjiniz, dualarınız, şəfa və cəsarət verən sözləriniz üçün təşəkkür edirəm. Səhhətim getdikcə yaxşılaşır. Həyatdakı bütün nemətlərə görə inanılmaz dərəcədə minnətdaram”. Həmçinin “ən yaxşı dərman ailə və dostlardır”, yazan müğənni övladlarıyla fotolarını da paylaşıb. Madonna paylaşımında “ana olaraq özünüzü övladlarınızın ehtiyaclarının ödənməsinə həsr edib, “onları mən böyüdürəm, onların mənə ehtiyacı var”, fikri ilə baş-başa qala bilərsiniz. Amma çətinliyə düşəndə övladlarınız yanınızda olmasa, vəziyyətiniz həqiqətən çətinləşəcək. Ağır günlərimdə övladlarım yanımda oldular. Onların hər cür dəstəyini gördüm, hiss etdim. Övladlarımı yenidən kəşf etdim. Onların varlığı hər şeyi dəyişdirdi”, yazıb. Madonna xəstə olduğu günlərdə ona göndərilən hər bir hədiyyəni gördükdə göz yaşlırına hakim ola bilməyib ağladığını etiraf edib: “Həyatda olduğum üçün, sağ qaldığım üçün şanslıyam. Bəxtim gətirdi”. Daha sonra isə pop müğənni video paylaşaraq rəqs etdiyini göstərib. Və rəqs etdiyi vaxtlarda özünü dünyanın ən xoşbəxt “ulduzu” sandığını deyib.