"İndiana Cons" və "Harri Potter" filmlərinin aktyoru vəfat etdi

Britaniyalı aktyor Maykl Birn 83 yaşında vəfat edib.

Oxu.Az xəbər verir ki, bu barədə "The Guardian" qəzeti məlumat yayıb.

Şimali Londonda anadan olan aktyor karyerasına həmin dövrdə Kral Milli Teatrı statusunu daşıyan "The Old Vic" teatrında başlayıb. O, 1960-cı illərdə Lourens Olivye, Meqqi Smit və Robert Stivens kimi tanınmış aktyorlarla eyni səhnəni bölüşərək müxtəlif tamaşalarda kiçik rollar ifa edib.

Maykl Birn daha sonra Londonun digər teatrlarında fəaliyyətini davam etdirib və paralel olaraq kino sahəsində də uğurlu karyera qurub. O, xüsusilə, Harrison Ford və Şon Konnerinin baş rollarda çəkildiyi "İndiana Cons və Son Səlib Yürüşü" (1989) filmində SS polkovniki Valter Foqel obrazı ilə məşhurlaşıb.

Aktyorun yaddaqalan işləri sırasında Ceyms Bond seriyasından olan "Sabah Heç Vaxt Ölməyəcək" (1997) və "Harri Potter və Ölüm Hədiyyələri: I hissə" (2010) filmlərində canlandırdığı obrazlar da yer alır.