İstanbulun ən çox turistləri qəbul edən səmti Bəyoğluda Azərbaycanın və bütün türk dünyasının qəhrəman övladlarından biri, böyük şəxsiyyət, Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından və 2-ci Daxili İşlər naziri olmuş Behbud Xan Cavanşirin abidəsinin açılışı olacaq.
“Real TV” xəbər verir ki, Abidə Behbud Xan Cavanşirin qətlə yetirildiyi yerdə qoyulacaq.
Xatırladaq ki, 1921-ci il iyulun 18-də saat 23 radələrində İstanbulun “Pera-Palas” hotelinin önündə Daşnaksütun partiyasının üzvü və Ermənistan ordusunun keçmiş əsgəri Misak Torlakyan Behbud Xan Cavanşiri üç güllə ilə qətlə yetirir və həbs olunur. Həmin vaxt İstanbul ingilis işğalı altında olduğundan cani cinayət hadisəsindən 20 gün sonra ingilis hərbi tribunalında mühakimə edilir.
Prokuror qatil üçün ölüm cəzası istəyir, lakin o, 24 saat içərisində Türkiyədən uzaqlaşdırılır. Yerinə gələn prokuror isə müttəhimə bəraət istəyir və qatil Torlokyan gecə ikən qaçırılır. 1921-ci il iyulun 18-də Behbud Xanın ölümündən sonra dəfn mərasimi kütləvi nümayişə çevrilir.
Həmin vaxt terrorçu Mişaq Torlakyan ingilis hərbçilərinin qərargahının yerləşdiyi “Kroker” hotelində saxlanılırdı. Mişaq Torlakyan “Daşnaksütun” partiyasının üzvü idi və Azərbaycanda 1918-ci il mart soyqırımında xüsusi fəallıq göstərmişdi.
Qeyd edək ki, Bəyoğlu səmti ermənilərin kompakt yaşadığı yerlərdən biridir.
Abidənin qoyulması layihəsi Azərbaycanın İstanbuldakı Baş konsulluğu tərəfindən irəli sürülüb. İstanbul Valiliyi və Bələdiyyəsi Baş konsulluğa öz dəstəyini göstərib.
Dekabrın 18-də abidənin açılışı olacaq.