Azərbaycanda ümumtürk ədəbi dil konsepsiyasını ortaya qoyan və müdafiə edən Əli bəy Hüseynzadə olub
Əli bəy Hüseynzadə hesab edirdi ki, bütün türklər vahid millətdir və buna görə də vahid dilə, yazı mədəniyyətinə malik olmalıdırlar
Nəşrin ilk sayından sonra "Həyat"ın dili müzakirə obyektinə çevrildi və bu, açıq-aşkar polemikalara gətirib çıxardı. Dil məsələlərində Əli bəy
Hüseynzadənin özünün baxışları vardır ki, bu yanaşma sistemi ümumtürk ədəbi dil konsepsiyasına əsaslanırdı. Azərbaycanda ümumtürk ədəbi dil konsepsiyasını ortaya qoyan, bu ideyanı praktiki baxımdan öz əsərlərində işlədən və müdafiə edən Əli bəy Hüseynzadə idi.
Mətbuat tarixi üzrə araşdırmaçı, tarix üzrə fəlsəfə doktoru, "Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı "Azərbaycan mətbuat tarixi, 1875-1920-ci illər” adlı kitabında qeyd edib ki, ümumtürk dil birliyinin ideoloqu olan “Tərcüman”ın baş redaktoru İsmayıl bəy Qaspıralı "Həyat" qəzetini "Tərcüman"ın varisi hesab edirdi:
“İ.Qaspıralı kimi Əli bəy Hüseynzadə də hesab edirdi ki, bütün türklər vahid millətdir və buna görə də vahid dilə, yazı mədəniyyətinə malik olmalıdırlar. Başqa sözlə, türk xalqlarının milli-mənəvi birliyinə nail olmaq üçün Ə.Hüseynzadə ümumtürk ədəbi dilin qaydalarının işlənib hazırlanması və orta məktəblərdə, mətbuatda işlənməsini vacib hesab edirdi. Ortaq türk dili ideyası ilə bağlı polemika XX əsrin əvvəllərində daha da güclənmişdi. Ə.Hüseynzadəyə görə, ədəbi dil millətin mövcud olması və yaşaması üçün vacib şərtlərdən biri idi. O, fikrini əsaslandıraraq yazırdı: "Ədəbi dilə malik olmayan qövm müstəqil qövm surətində çox yazmaz. Ədəbi dili olmayan qövm yaşamaq və dünya məişətini keçirmək üçün özündən mədəniyyətli, ədəbi dili olan bir qövmün dilini itxaz etməyə məcburdur”. Əli bəy Hüseynzadə də İsmayıl bəy Qaspıralı kimi dünyada yaşayan türklərin ortaq dilini, imperiya dili məqamına yüksəliş Osmanlı türkcəsi olmasını qəbul edirdi. Məhəmməd Hadi 1906-cı ilin 20 yanvar sayında dərc etdirdiyi məqaləsində bu mövqeyi açıq şəkildə müdafiə etmişdi: "Başqalarını bilmirəm, zənnimə qalırsa, özgə işvə arayanlar yorulub peşman olacaqlar. Mübahisəsiz, münaqişəsiz Osmanlı dilini qəbul edəlim, çayi-tərəddüd deyil bu yer". Qeyd edək ki, “Həyat”ın səhifələrində İsmayıl bəyin dil məsələsində
tutduğu mövqeyi müdafiə edənlərin sırasında Krım türklərinin nümayəndələri də var idi. H.S.Ayvazovun, S.İbrahimovun, Bəkir Əməkdarın məqalələrini xatırlamaq kifayətdir ki, bu müəlliflər də Əli bəy Hüseynzadənin ortaq türk dili ideyasını qəbul edirdilər. Ümumiyyətlə, türk dilinin yaradılması ideyası "İttihadi-Tərəqqi" Cəmiyyətinin qarşısında dayanan vacib məsələlərdən biri idi. Bu cəmiyyətin qurucularından biri kimi təbii ki, Ə.Hüseynzadə də bu ideyanın nəinki tərəfdarı, bu işi həyata keçirənlərdən hesab edilirdi. XX əsrin əvvəllərində İstanbuldan "İttihadi-Tərəqqi" Cəmiyyətinin Qafqaz bürosuna göndərilən məktubda deyilirdi: "Qafqazda hüquqi-islamiyyənin müdafiəsi yolunda Osmanlı türkcəsinin nəşriyyatlarda və məktəblərdə qəbul olunmasını hamılıqla alqışladıq". Təbii ki, ümumtürk ədəbi dil konsepsiyasını qəbul etməyən cinahda da dövrün tanınmış maarifçi-ziyalıları, ədibləri dayanırdılar. Firudin bəy Köçərli Əli bəy Hüseynzadənin "Həyat" qəzetinə gətirdiyi ümumtürk dili ideyasını qəbul etmir, buna ciddi etiraz edirdi. Hətta F.Köçərli məqalələrinin birində yazmışdı:
"Kaş o alicənab İstanbulda oturub bizim bu şümbəxt Qafqaza gəlməyəydi". F.Köçərli ilə yanaşı, bu ədəbi dil konsepsiyasına Ö.F.Nemanzadə, M.Mahmudbəyov, Q.Rəşad da tərəfdar deyildilər. "Həyat"ın səhifələrində Ə.Kəngərlinin "Dil müşkülatı", S.M.Qənizadənin "Hansı dil ilə yazalım" məqalələrində toxunulan problemə Ə.Hüseynzadə "Yenə dil müşkülatı" adlı məqaləsində cavab vermiş, ədəbi dilin ədəbiyyat nümayəndələri, yazıçılar, şairlər tərəfindən formalaşdırıldığını və xalqın ədəbi dili öyrənməsi zərurətini irəli sürmüşdü. Bir sözlə, Ə.Hüseynzadə hamının anladığı sadə bir dillə deyil, formalaşmış, qəbul olunmuş ədəbi dildə yazmağı qarşıya məqsəd qoymuşdu və "Həyat" qəzeti də bu dildə nəşr olunurdu”.
A.Aşırlı vurğulayıb ki, “Həyat” nəşr olunduğu qısa müddətdə Azərbaycan ziyalılarının, ədəbi-ictimai və siyasi fikir tariximizdə məxsusi yeri olan şəxsiyyətlərin mübarizə tribunasına çevrildi: “Qəzetin 36 nəfər daimi yazar-müəllifi vardı. Ə.Hüseynzadə, Ə.Ağaoğlu, Həsən bəy Zərdabi, A.Səhhət, M.Hadi, H.S.Ayvazov, Ü.Hacıbəyov, Ə.Haqverdiyev, M.Ə.Sabir, N.Nərimanov, M.Hacınski, M.Ə.Şeyxzadə, S.M.Qənizadə, Axund Əbuturaboğlu “Həyat”ın daimi yazarları idi. M.Ə.Sabirin məşhur "Müsəlman və erməni vətəndaşlarımıza" şeiri və "Bir məclisdə on iki kişinin söhbəti" satirası və başqa əsərləri "Həyat" qəzetində çap olunub. Sabirin redaksiyaya göndərdiyi məktubunda deyilirdi ki, şair bu şeiri Məhəmməd Həsən Tahirovun qəzetdə çıxan məqaləsindəki "Hər birimiz bu qəzetəni oxuyub, istiqbalımız üçün iş görməliyik" şüarından ruhlanaraq yazmışdır.
Azərbaycan romantik ədəbiyyatının banilərindən olan Məhəmməd Hadi ilk mətbu əsərlərini “Həyat”da dərc etdirmişdi. Şairin "Bəyani-həqiqət" adlı məqaləsi qəzetin 1905-ci il 24 iyul tarixli sayında çap olunmuşdu. 1906-cı ildə Kürdəmirdə və sonra Həştərxanda ikən Hadi bir-birinin ardınca “Həyat”a məqalə və şeirlər göndərmişdi. Bu yazılarında şair maarif və mədəniyyəti təbliğ edir, "elmi-əbda"nın inkişafından danışır, Azərbaycan mahallarının, əhalinin mədəni-iqtisadi vəziyyətini təsvir etməyə çalışırdı. “Həyat”da çap olunmuş "Tələbəlik xatiratımdan" (1906-cı il aprel) şairin tərcümeyi-halını, xüsusilə uşaqlıq və gənclik illərini öyrənmək mümkündür. 1906-cı ildən etibarən isə Hadi "Fyuzat" dərgisində çalışmağa başlamışdı. Azərbaycan xalqının görkəmli ədibi Əbdürrəhim bəy Haqverdiyev hekayələrini “Həyat”da dərc etdirmişdi. "Ayın şahidliyi", "Ata və oğul" hekayələri müxtəlif vaxtlarda bu qəzetin səhifələrində oxuculara ərməğan edilmişdi. XX əsrin əvvəllərində Azərbaycanın mədəni həyatında, ictimai-siyasi, bədii-estetik fikrin inkişafında şərəfli yer tutmuş Üzeyir Hacıbəyli də öz publisistik yazıları ilə “Həyat”da oxucularla təmas qurub. 1905-ci ildə Bakıya köçən Üzeyir bəy Hacıbəyli "Həyat"ın 17 sentyabr 1905-ci il tarixli sayında "Bir xanım əfəndinin bizlərə hüsni-təvəccahi" başlıqlı məqaləsi nəşr olunmuşdur. Bu məqalə əvvəl Peterburqda çıxan "Novoya vremya", sonra isə Bakıdakı rusca nəşr olunan "Baku" qəzetində Maqda Neyman adlı jurnalistin erməni-müsəlman davasına həsr etdiyi yazıya cavab idi. M.Neyman yazısında azərbaycanlılar barəsində böhtan yazmışdı. Məsələn, o göstərmişdi ki, Teymurləng ordusu nəslini (yəni azərbaycanlıları) Şimali Amerikanın "qırmızı dəri" vəhşilərini mədəniləşdirmək namümkündür... Bu yırtıcıların təbiəti-cinsiyyətinə mədəniyyətin bir təsiri olarmı?"
Heyranedici cəhət budur ki, Üzeyir bəy hələ 20 yaşı tamam olmamış M.Neyman kimi "jurnalistlərə" kəskin və tutarlı cavab vermiş, Azərbaycan türklərinə atılan bu böhtanı bəzi millətlərin "türk-islam" birliyindən qorxaraq ortaya atdıqlarını yazmışdı”.
Müəllif bəyan edib ki, Üzeyir Hacıbəyli "Həyat" qəzetində 3 ay tərcüməçi kimi işləyib, sonra fəaliyyətini "İrşad" qəzetində davam etdirib: “Ədəbiyyat tarixinin tədqiqatçıları tərəfindən "Azərbaycana ən çox xidmət edən pedaqoq" kimi xatırlanan Sultan Məcid Qənizadə də vaxtaşırı publisist yazıları ilə "Həyat"da çıxış edirdi. "Lüğəti-rusi türki", "Rus dilinin dilmancı", "Rus dilinin müəllimi", "Əlifbayi-mütəhərriki", "Kilidi-ədəbiyyat", "Lüğəti-türki və rusi" kitablarının müəllifi olan Qənizadə ölkənin maarifçi zümrəsinin tanınmış siması idi. XX əsrin əvvəllərində S.M.Qənizadənin dərslik və lüğətinə tələbat o qədər qüvvətləndi ki, gənc dilşünas-alim bu kitabları təkmilləşdirib, yenidən çap etdirdi. "Həyat" qəzetində dil mübahisələrinə qatılan S.M.Qənizadə bu mövzuda bir neçə məqalə yazmışdı. "Həyat"ın 10 noyabr 1905-ci il tarixli sayında "Hansı dil ilə yazmalı" məqaləsində Ə.Hüseynzadənin ümumtürk dil konsepsiyasına qarşı çıxır, fikirlərini çox incə şəkildə əsaslandırırdı və Şirvanda "Həyat"ı oxuyub başa düşməyən şikayətçinin dili ilə yazırdı: "A kişi, elə dil ilə yazırlar ki, oxuyanda adamın dişləri tökülür. Axı mühərrirlər qanmalıdır ki, bunu öz dilimizlə yazsınlar ki, xalq oxuyub anlasın". S.M.Qənizadə oxucunun rəyi ilə söhbətə müdaxilə edərək məqaləni öz düşüncələri əsasında tamamlayır: "Axır özünüz insaf və mürvət ediniz: kasıbın birisi həzar zəhmət ilə para qazanıb özünün və ailəsinin boğazından ildə 6 rubl kəsir ki, qəzetə oxuyub dünya hadisatından məlumat cəm etsin. Dörd səhifəlik süfrəni açıb qabağına qoyur. Yemək çox, lakin heç birini həzm edə bilmir". “Həyat”ın əsas yaradıcı simalarından biri də böyük mütəfəkkir, milli teatr və mətbuatımızın yaradıcısı Həsən bəy Zərdabi idi. Onun bu qəzetdə çoxsaylı yazıları dərc olunmuşdu. Mədəniyyətə, maarifə, cəmiyyətin müxtəlif sahələrinə, təbiətə, tibbə və heyvanlar aləmi barəsində Zərdabi xeyli sayda publisistik məqalə nəşr etdirmişdi. “Həyat”ın 8 dekabr 1905-ci il tarixli nömrəsində dərc olunan "Cəmiyyəti-Xeyriyyə binası" məqaləsində H.Zərdabi Xeyriyyə Cəmiyyətini təsis etməklə xalqın rifahını yüksəltməyi, onun iqtisadi-mədəni həyatını yaxşılaşdırmağı və bu yolla məktəblərin sayının artırılmasının mümkünlüyünü düşünürdü. Böyük publisist məqaləsində vəziyyətin müqayisəli təhlilini verərək yazırdı: "Bizim Bakı şəhərində hər ildə mərsiyəxanalar üçün neçə min manat pul yığılır və ya fağır-füqəra adına ondan da artıq xərc olur. Amma onlardan millətə heç bir xeyir yoxdur. Hətta zərəri də var. Çünki bu səbəblə ilbəil mərsiyəxanaların və qeyri-dilənçilərin qədəri də artır". Müəllif göstərirdi ki, mərsiyəxanalara yığılan həmin vəsaitə məktəblər açılsa, peşə-sənət ocaqları yaradılsa, xeyriyyə cəmiyyətləri düzəldilsə, xalqa çox xeyri dəyə bilər. Sözügedən məqalədə H.Zərdabi "zamanı keçmiş, dövrlə uyğunlaşmayan qədim adətləri dəyişdirib, zəmanəyə müvafiq iş görmək" tələbini irəli sürürdü. "Halva deməklə ağız şirin olmaz" atalar misalını çəkib ziyalıları hərəkətə keçməyə, xalqı maarifləndirməyə səsləyirdi.
H.Zərdabi mədəni tərəqqi yolunda bütün vasitələrdən söz açaraq milli teatrın xalqa verəcəyi imkanlardan bəhs edən "Bakıda müsəlman teatrının binası" məqaləsini “Həyat”ın 13 dekabr 1905-ci il sayında dərc etmişdi. 1873-cü ildə H.Zərdabi Bakı real gimnaziyasının şagirdlərindən N.Vəzirovun, Ə.Adıgözəlovun və digər tələbələrin yaxından iştirakı ilə Azərbaycan milli teatrının əsasını qoymuş, xalqı mədəniyyətə, maarifə cəlb etməyə səy etmişdi. Müəllif öz məqaləsində o dövrdən xeyli vaxt keçməsinə baxmayaraq, xalqın bu mədəniyyət ocağına etinasız yanaşmasını ürək ağrısı ilə qarşılayaraq yazırdı: "Neçə il belə teatr çıxardıq isə də Bakı müsəlmanlarına teatra getməyi öyrədə bilmədik. Çünki o vaxtda onlar gün batandan sonra evdən çölə çıxmağı günah sayırlar”.
A.Aşırlı bildirib ki, “Əkinçi” qəzetinin yaranmasına diqqət çəkən H.Zərdabi “Həyat”ın 28 dekabr 1905-ci il və 3 yanvar 1906-cı il tarixli sayında, "Rusiyada əvvəlinci türk qəzetəsi" məqaləsini dərc etdirmişdi: “Mətbu sözün imkanlarını xalqın maariflənməsində, dirçəlişində əsas faktorlardan biri hesab edən böyük mütəfəkkir yazırdı: "Bir bulağın suyunun altına nə qədər böyük daş qoysan, bir neçə ildən sonra o su tökülməkdən o daş mürur ilə əriyib deşilir, habelə söz də beyinlərə əsər edər, "sonra düşmənin düşmənliyi, dostun dostluğu və dost göstərən yolun doğru olması aşkar olar". "Həyat"dakı kəskin yazılarında H.Zərdabi dövlət qulluqçularının rüşvət almasına, pul gücünə onların haqqının tapdanmasına, ədalətli deyil, ədalətsizliyi müdafiə etmələrinə etiraz edir, xalqı bu eybəcər üsullara qarşı müqavimətə səsləyirdi. "Kənd mirzələrindən xilas olmalıyıq" məqaləsində müəllif əyalətlərdə özbaşınalıqdan, qanunsuz əməllərdən yazırdı: "Bizim kənd əhli heç ağ gün görməyib. Onu həmişə söyüb-döyüblər, ondan rüşvət alıblar. Belə pərvəriş tapan adamı heç inandırmaq olmaz ki, dünyada təmiz adam ola".
Rüşvət verməyə onlar adət edirlər və rüşvət alanı da çox yaxşı adam hesab edirlər. Məqalənin çapından bir əsrdən çox keçməsinə baxmayaraq sanki bu sitat müasir Azərbaycan jurnalistikasının hansısa bir nümunəsindən götürülüb və bu problem indi cəmiyyəti ən çox düşündürən məsələdir. "Həyat" qəzetinin 4 və 11 yanvar 1906-cı il tarixli saylarında dərc olunan "Zindəganlıq davası və yaxud dirilik mübarizəsi" və "İttihadi-lisan" sərlövhəli məqalələrində maarifçi demokrat cəbhəsinin komandanı olan Həsən bəy həqiqi vətənpərvərliyi, əsl insaniyyəti xalqı qəflət yuxusundan oyatmaqda görür və xalqa üz tutub deyirdi: "Oxuyun, elm təhsil edin". O, "İttihadi-lisan" məqaləsində elmsiz cəmiyyəti qaranlıq otağa bənzədirdi: "Elm təhsil etməyə başlayan tayfa qaranlıq otağın qapısını açıb çölə çıxan kimidir ki, bu zaman günün işığı onun gözlərini nurlandırmaqdan başqa, otağın da içinə daxil olub, orada olan şeyləri artıq işıqlandırıb bir qeyri-surətə salır".