“O vaxt Şah İsmayıl Xətaiyə tələmtələsik abidə qoyuldu. Bu heykəl Xətainin daha çox şairliyini, söz adamı olmasını əks etdirir”
“İstərdik ki, Xətai at belində, məğrur hökmdar kimi təsvir edilsin”
Tarixi şəxsiyyət, görkəmli dövlət xadimi Şah İsmayıl Xətainin heykəlinin yeri dəyişdirilib. Heykəl Yusif Səfərov küçəsində Leyla Şıxlinskayanın klinikası ilə Mərkəzi Neftçilər Xəstəxanasının arasındakı əraziyə köçürülüb. Heykəlin yerinin dəyişdirilməsi ilk saatlarda sosial şəbəkədə müəyyən narazılıq yaratsa da, sonradan məsələyə aydınlıq gətirilib. Bakı Şəhər İcra Hakimiyyəti bildirib ki, Şah İsmayıl Xətainin heykəli iki magistral yolun ortasında yerləşirdi. Bu isə insanların ziyarət etmək üçün heykələ yaxınlaşmasını çətinləşdirirdi. Eyni zamanda, yolda tıxacın yaranmasına səbəb olurdu. Bununla bağlı əhali tərəfindən Bakı Şəhər İcra Hakimiyyətinə müraciətlər edilib. Bütün bunlar və Şah İsmayıl Xətainin tarixi şəxsiyyət olduğu nəzərə alınaraq dövlət başçısının tapşırığına əsasən, onun heykəli uyğun yerə köçürülüb və burada yeni park salınıb. Heykəlin köçürülməsi prosesi də abidəyə heç bir xələl gətirilmədən həyata keçirilib.
Abidənin yeri dəyişdirildikdən sonra Prezident İlham Əliyev Şah İsmayıl Xətainin heykəlinin köçürüldüyü yeni salınmış parkı ziyarət edib və heykəlin önünə gül dəstələri qoyub.
Məsələni “Sherg.az”a dəyərləndirən tarixçi-alim Dilavər Əzimli deyib ki, Şah İsmayıl Xətainin heykəlinin əvvəlki yeri çox narahatlıq yaradırdı və qeyri-münasib idi. Alimin sözlərinə görə, yolların genişlənməsi məsələsi oradakı vəziyyət bir qədər də gərginləşdirmişdi:
“Hər il Xətainin abidəsini ziyarət edəndə və ora gül qoyanda əziyyət çəkirdik. Hansısa tədbir keçirmək mümkün deyildi. 5-10 adam bir yerə toplaşa bilmirdi. Nəqliyyata maneçilik yaradılırdı, sürücülərdən maşınları saxlamalarını xahiş edirdik. O səbəbdən çox arzulayırdıq ki, Şah İsmayıl Xətainin heykəlinin yeri dəyişdirilsin. Bu baxımdan abidənin indiki məkana köçürülməsi, ətrafında geniş park salınması, oturacaqların qoyulması çox təqdirəlayiqdir. Bu addımı alqışlayırıq. Şəxsən tarixçi kimi bununla bağlı tapşırıq verən dövlət rəhbərliyinə, yerdəyişmədə əməyi keçənlərə minnətdarlığımı bildirirəm. Çünki bu addım sayəsində hər il üzləşdiyimiz çətinliklərin qarşısı alındı. Düzdür, heykəl yerindən tərpədiləndə bəzi adamlar sosial şəbəkədə bilmədən buna etiraz edirdilər. Amma daha sonra məsələ aydınlaşdı”.
D.Əzimli abidənin dəyişdirilməsi məsələsinə də münasibət bildirib:
“O vaxt Şah İsmayıl Xətaiyə tələmtələsik abidə qoyuldu. Bu heykəl Xətainin daha çox şairliyini, söz adamı olmasını əks etdirir. İstərdik ki, Şah İsmayılın yeni və daha görkəmli abidəsi düzəldilsin. Məsələn, Xətai at belində, məğrur hökmdar kimi təsvir edilsin. Özü də heykəl paytaxtın hündür bir yerində qoyulsun. Sankt-Peterburqda rus çarı I Pyotrun at belində heykəlini elə qoyublar ki, istənilən tərəfdən baxdıqda heykəlin həmin tərəfə nəzər etdiyi aydın görünür. Bunu özüm də müşahidə etmişəm. İnşallah, heykəlin yenilənməsinin şahidi olarıq”.