Təklif ətrafında müzakirə genişlənir - Tarixçilər "Dədəbəyə" “yox” dedilər - Çəkişmə!

Dilavər Əzimli:“Yaxşı olardı ki, Əvəz Zeynallı bu adın haradan yaranması haqqında axtarış aparaydı”

Faiq Ələkbərli: “Gədəbəy sözünü mənfi mənalara yozmaq, farscadakı “gədə”sözü ilə  eyniləşdirmək doğru yanaşma deyil"



Xural TV-nin “Siyasət meydanı” verilişində sözügedən TV-nin təsisçisi və baş redaktoru Əvəz Zeynallı Gədəbəyin adının dəyişdirilib,  Dədəbəy olması təklifi ilə çıxış edib. O hətta bu mövzu ilə bağlı kampaniya da keçirəcəyini qeyd edib. 



Bu  rayonun adının birmənalı qarşılanmadığını iddia edən bir neçə ictimaiyyət nümayəndəsi bu təklifi dəstəkləsə də, tarixçi alimlərimiz  etiraz ediblər.

Bu məsələ haqqında bir neçə dəfə yazdığını xatırladan tarixçi-alim Dilavər Əzimli  hesab edir ki, qədim toponimlərin dəyişdiriləməsi tariximizə zərbə vurur:

 “Gədəbəy adının dəyişdirilməsinin qəti əleyhinəyəm. Yaxşı olardı ki, Əvəz Zeynallı bu adın haradan yaranması haqqında axtarış aparaydı. Gədəbəy adı sonradan təhrif edilərək bu cür adlandırılıb. Orta əsr mənbələrində onun adı “Ketabek” gedir. Qədim türk tayfasının adı ilə bağlı olduğunu yazanlar da, yer adı ilə adlandırıldığını bildirənlər də vardır. Bəziləri bildirirlər ki, ucalıq deməkdir. Fikrimcə, qədim türk tayfasının adı ilə bağlıdır. Saysız-hesabsız türk tayfaları var ki, adlarını bilmirik. Sözün kökündə “Keta” var. Təbii ki, bu söz sonradan təhrif edilib. Bir də bu “gəda” sözündən niyə qorxuruq ki? “Gəda” pis sözdür bəyəm?
Bilirsiniz, bizim qədim tayfaların dilində elə sözlər var ki, bir tayfanın yaxşı mənada işlətdiyi söz başqa tayfada pis, aşağılamaq kimi başa düşülür. Məsələn, bizim rayonda “gəda” sözü əzizləmək kimi işlədilir. “Ay gedə, yaxud “gəda” hara gedirsən?”, “yekə gədasan, bir mənə də bax da...”.   Yaxud da “Ay ədə, eləmə də..., Ay ədə, gəl də...”. Bu da “gəda” sözündəndir. Burada hörmət, əzizləmə mənasında işlədilir. Yadımdadı, Bakı Dövlət Universitetində birinci kursda oxuyanda bir adama ədə dedim... Az qaldı mənlə dalaşa... Sən demə bu söz onlarda aşağılamaq kimi işlədilir...Götürək abdal sözünü... Bir yerdə yanaşma normaldır... Başqa yerdə isə aşağılamaq kimi başa düşülür... Gədəbəy də, əzizləmə mənasında başa düşülür.. Mən belə qəbul edirəm”. 



Alimin fikrincə,  toponimləri dəyişərkən ehtiyatlı olmaq lazımdır:

“Məsələn, bizim rayonda, Cəlilabadda nə qədər kənd adlarını dəyişib işləri korladılar. Kövüzbulaq kəndini Soyuqbulaq etdilər. Badamağacı adını dəyişib başqa ad qoydular.  Oğuz kəndi eləmişdilər Oğrukənd, sonra da onu da dəyişdilər. Məsələn, Xanlar rayonun qədim  adı Xannar olub, Xanlar yox.  Onu Xanlar etmişdilər. Qədim adı qaytarmaq əvəzinə işi daha da korladılar. Bu mənada bu məsələdə ehtiyatlı olmaq lazımdır. Min illik tarixə ağır zərbə vurarsan.  Dədəbəy hara, Gədəbəy hara.  Bu ümumiyyətlə düzgün yanaşma deyil. Gəlin gedək Gədəbəyə və yaşlı adamları dindirək. Onlar sizə əsl tarix danışacaq. Çox təəssüf ki, bizdə şifahi tarix öyrənilmir. Bu tarix yaşlı insanların söylədikləridir. Qardaş Türkiyədə bunu dərs kimi tarix bölümlərində keçirlər və “Sözlü tarix” adlanır.  Gədəbəydə bütün yaşlılar bu sözün mənasını hər hansı alimdən daha yaxşı bilir.  Bunları unutmayaq və özbaşımıza adlar da uydurmayaq. Babalarımızdan gələn adları təhrif etmişik, onlar neynəsin. Bu mənada Gədəbəy adının dəyişdirilməsinin əleyhinəyəm”.



Tarixçi-alim Faiq Ələkbərli də Gədəbəyin adı ilə bağlı aparılan müzakirələrə və kampaniyalara son verilməsini istəyir: 

“ Bu, ilk deyil. Gədəbəy rayonunun adının  dəyişdirilməsi məsələsi tez- tez gündəmə gətirilir.  Gədəbəy sözünü mənfi mənalara yozmaq, farscadakı “gədə”sözü ilə  eyniləşdirmək doğru yanaşma deyil. Dilimizdə bu cür sözlər  çoxdur. Türkcədə olan sözü bir hərf dəyişməklə və ya olduğu kimi saxlamaqla  fars sözləri ilə eyniləşdirəndə  fərqli mənalar verir.  Gədəbəyin adı da qədim türkcədən götürülüb və başqa mənalara yozmaq xoşagələn deyil. Bilmirəm bu məsələ bəzilərini niyə narahat edir. Gədəbəylilərin böyük əksəriyyəti  rayonun adından və daşıdığı mənadan məmnundurlar. Zamanında sovet Rusiyasının  apardığı təbliğata rəğmən rayon əhalisi Gədəbəyin adına sahib çıxıb və başqa bir adla əvəzlənməsinə  zərurət görməyiblər. Çünki orada yaşayanların hər biri çox gözəl bilir ki, qədim türklərdə “gədə” sözü əzizləmə mənasında  işlədilib. Başqa bir qeydlərdə isə elin gözətçisi, keşikçisi  deməkdir.  Diqqət etsəniz bəzi sözləri işlədərkən “türkün məsəli”deyirlər. Guya türk sözləri vulqar, kobud mənalar verir. Halbuki  kobud olan o sözlərin farscadakı bənzərləridir. Türkün anlayışları bizim üçün doğmadır. Biz dilimizə öz gözümüzlə baxmalıyıq,  başqalarının yox!”.