“Atatürk Stalinin Qarabağ planına belə əngəl oldu” – Müsahibə

“Atatürkün Anadoluda qurduğu Türkiyə Böyük Millət Məclisi 1920-ci il aprelin 23-də açıldı. Xalq Cümhuriyyəti isə Sovet Rusiyası tərəfindən aprelin 27-də işğal olundu. Yəni bu qısa vaxt ərzində Atatürk Azərbaycanı “sata” bilməzdi axı. Onu da unutmaq lazım deyil ki, Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasında Türkiyənin böyük siyasi, hərbi dəstəyi önəmli rol oynamışdı”.

Tarixçi, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı belə deyib.

Onun Teleqraf.com-a müsahibəsini təqdim edirik:

- 1920-ci ildə bolşevik Rusiyasının Azərbaycan Cümhuriyyətinə qarşı həyata keçirdiyi işğaldan yüz il ötdü. Sizcə, bu işğalın baş tutmasında təkcə qüvvələr balansının bolşeviklərin xeyrinə olması əsas rol oynadı, yoxsa dövrün geosiyasi şərtləri?

- Aprel işğalı ərəfəsində Azərbaycan Xalq Cümhuriyyəti daxilindəki siyasi qüvvələr nisbətinə baxsaq, milli qüvvələr öndə idi. Bu milli qüvvələrin başında Müsavat Partiyası və onun ətrafında olan qruplar dayanırdı. Bu dövrdə Azərbaycanda müstəqil, demokratik cümhuriyyətinin qurulmasının əleyhinə olan, Azərbaycanı həmişə Rusiyanın tərkibində görmək istəyən qüvvələr var idi ki, bunlar da parlamentin daxilində fəaliyyət göstərirdi. Bunlar sosialistlər idi. Sosialistlərin sosial bazası o qədər də çox deyildi. Ancaq Rusiyadan onlar üçün siyasi ədəbiyyatlar, silah-sursat göndərilir, maddi təminatları həyata keçirilirdi. Yəni bu ərəfədə Azərbaycanda bolşeviklərin gizli şəkildə silahlandırılması prosesi gedirdi. Bolşeviklərə qarşı ən sərt münasibəti Xalq Cümhuriyyətinin süqutu ərəfəsində daxili işlər naziri Mustafa Vəkiloğlu qoymuşdu. O, bolşevik təşkilatlarının fəaliyyətini dayandırmaq barədə, o cümlədən fəhlə və kəndlilərə müraciət yaymışdı. Yəni milli hökumətin belə müraciətləri var idi ki, bolşeviklərin apardıqları təbliğata uymasınlar.

Təəssüf ki, burada təkcə Rusiyanın yox, Türkiyə kommunistlərinin də rolu vardı. Mustafa Sübhinin başçılığı altında Bakıda Türkiyə Kommunist Partiyası qurulmuşdu. Bu da Azərbaycanın müstəqilliyini istəməyən qüvvələrin fəaliyyətlərinin nəticəsi idi. Əlbəttə, cümhuriyyətin süqutunda dönəmin beynəlxalq münasibətlərini nəzərə almaya bilmərik. Qərbin və ya Avropa dövlətlərinin Cənubi Qafqazda yaranan müstəqil dövlətlərə münasibəti fərqliydi. Məsələn, Gürcüstana münasibət yaxşı idi. Ermənistan isə heç vaxt vahid xarici siyasət yürütməyib: gah Rusiyanın, gah da İngiltərənin əlində maşa rolunu oynayırdı.

Bu iki ölkədən fərqli olaraq, bolşevik işğalı ərəfəsində Azərbaycanın vəziyyəti mürəkkəb idi. Artıq Qafqaz İslam Ordusu Azərbaycanı tərk etmişdi, Türkiyədə çox ciddi siyasi proseslər gedirdi. Buna görə də Türkiyənin milli qüvvələrinin dəstəyi yox idi. Bundan başqa, Avropadan Xalq Cümhuriyyətinin Paris Sülh Konfransında iştirak edən nümayəndə heyətinə digər Cənubi Qafqaz ölkələri ilə müqayisədə fərqli bir münasibət sərgilənirdi. Azərbaycan Cümhuriyyətinin müstəqilliyinin tanınmasında tərəddüd edirdilər. Azərbaycanın müstəqilliyini de-fakto çox gec tanıdılar. 1920-ci il yanvar ayının 12-si. Yanvarın 12-dən aprelin 28-dək, yəni işğaladək çox az bir müddət qalırdı. Qərb dövlətlərinin Qafqaz regionunda bolşevizmə qarşı mübarizə strategiyası düz qurulmamışdı. Bunun nəticəsində Sovet Rusiyasının Azərbaycan daxilində olan tərəfdarları ön plana çıxmağa cəhd edirdilər. Bu qüvvələrdən bəziləri deyirlər ki, guya bolşeviklərin Azərbaycandakı fəhlə-kəndli bazası çox geniş olub. Əlbəttə, Sovet Rusiyası Azərbaycandakı bolşevik təşkilatlarının fəallığını istəyirdi. İstəyirdi ki, milli hökuməti devirdikdən sonra onların tərəfdaşı olan partiyalar formal şəkildə hakimiyyətə gəlsinlər. Ancaq bu iddiada olan sosialistlər və bolşeviklərin o qüvvələri olmadığı üçün Bolşeviklər Partiyası Hümmət Partiyası ilə birləşdi ki, onların hesaba gələ biləcək bir sosial bazası olsun. Bu da baş tutmadı, son nəticədə isə çevriliş baş verdi. Qanuni hakimiyyət devrildi, bu, Azərbaycan Cümhuriyyətinin müstəqilliyinin sonu oldu.

- Cümhuriyyətin müstəqilliyini qorumaq, yəni işğaldan yaxa qurtarmaq mümkün idimi, milli hökumət bu yöndə bolşeviklərlə danışıqlara getmişdimi?

- O dönəmdə Azərbaycan parlament respublikası idi. Bunun bir müsbət tərəfi onun demokratikliyinin təzahürü idi. Ölkədə fəaliyyət göstərən bütün siyasi partiyaların hamısının hökumətdə təmsil olunması hüququ tanınırdı. Amma ikinci tərəfdən cümhuriyyət parlamentinin tarixini oxuyanda biz bolşeviklərin, sosialistlərin, sonralar bitərəflərin bir qisminin, ən son mərhələlərdə İttihad Partiyasının Müsavat Partiyası və onun tərəfdaşı olan təşkilatlara düşmən münasibətini görürük. Bu mübarizələr açıq şəkildə parlamentdə gedirdi.

İyun ayının 16-da Qafqaz İslam Ordusu Nuru Paşanın komandanlığında Gəncəyə gələndə müəyyən etdilər ki, Azərbaycanda müharibə gedir, cümhuriyyətin sərhədləri yeni-yeni müəyyənləşir. Bundan sonra parlament – Milli Şura öz fəaliyyətini müvəqqəti dayandırıb, əlahiyyətlərini hökumətə verdi. Tarixçilərimiz bu gərgin fonu belə izah edirlər ki, bu, Qafaz İslam Ordusunun hərbi iradəsi nəticəsində demokratiyanın Azərbaycanda məhdudlaşdırılması oldu. Əslində isə həmin dövrdə verilən bu qərar doğru idi. Qərar da bundan ibarət idi ki, ölkədə tam stabillik əldə olunmayıb, sərhədlər müəyyənləşməyib, parlamentdəki bu gərginliklər, mübarizələr vəziyyətə daha da mənfi təsir edə bilər. Qərarın müsbət tərəfi də bundan ibarət idi.

Əlbəttə, sosialistlər və ya bolşeviklərlə danışıqlara gedilmişdi. Bunun üçün Məmmədhəsən Hacınskini seçmişdilər ki, Rusiya və Azərbaycan bolşevikləri ilə çox yaxın təmasları var. Son nəticədə məlum oldu ki, onlar Azərbaycan Cümhuriyyətini Rusiyaya satıblar. Baş verənlərə Paris Sülh Konfransında iştirak edən Qərb dövlətlərindən passiv münasibət oldu. Avropa dövlətləri çox gec – bolşevik təhlükəsini hiss etdikdən sonra Azərbaycan və Gürcüstanın müstəqilliyini tanıdılar. Bu dövrdə bolşevik təhlükəsinə qarşı hərbi yardım məsələsi də müzakirə olunmuşdu. Amma artıq gec idi. Qızıl Ordunun hərbi hissələri Azərbaycan sərhədlərində dayanmışdı. Əlbəttə, bu süqutda həm daxildəki, həm də beynəlxalq vəziyyət rol oynamışdı.

- Osmanlı qüvvələri – Qafqaz İslam Ordusu Azərbaycanda qalsaydı, bu, işğalçılar üçün çəkindirici faktor ola bilərdimi?

- Bu qüvvələr Mudros müqaviləsinin şərtlərinə görə Azərbaycanı tərk etmişdilər. Amma burada ailə quran, öz taleyini Azərbaycana bağlayan hərbçilər qalmışdı. Yəni Osmanlı hərbi sisteminin müəyyən hissələri Azərbaycan ordusunda təmsil olunurdu. Qafqaz İslam Ordusu ölkəni tərk etdikdən sonra Azərbaycan ordusu formalaşmaq mərhələlərinin birində belə bir qərar qəbul olundu ki, Azərbaycanda olan türk zabit-əsgər heyəti təxris olunsun. Yəni onlar ordu sıralarından çıxarıldı. Bütövlükdə isə həmin dövrdə həm hökumət, həm də Qafqaz İslam Ordusu tərəfindən erməni daşnakları və bolşeviklərə qarşı mübarizə tədbirləri görülürdü.

İngilislər ölkəyə gəldikdən sonra vəziyyət dəyişdi, bolşeviklər və daşnakar mətbuat orqanları və digər vasitəsilə geniş təbliğat imkanları qazandılar. Bunun nəticəsində əks cinah yaratdılar. Bolşeviklərin fəaliyyəti də, məhz Tomsonun Bakıya gəlişindən sonrakı dönəmlərə təsadüf edir. Erməni Milli Şurası və Daşnaksütyun Partiyası daha geniş fəaliyyət proqramı seçdilər, pozuculuq əməlləri ilə məşğul oldular. Baxmayaraq ki, Tomson Fətəli Xan Xoyski hökumətini Azərbaycan Xalq Cümhuriyyətində yeganə hökumət hesab edirdi. Lakin buna rəğmən, daşnaklar və bolşeviklər ölkədə pozuculuq fəaliyyətləri həyata keçirirdilər. Bu da öz mənfi nəticələrini verirdi.

Əlbəttə, Qafqaz İslam Ordusu Azərbaycanda qalsaydı, bolşevizmin qarşısı Türkiyənin həm hərbi, həm də siyasi baxımdan dəstəyi nəticəsində alına bilərdi. Ancaq çox təəssüf ki, Birinci Dünya Müharibəsindəan sonra dünyada vəziyyət kəskin formada dəyişmişdi. Türkiyənin özü parçalanma ərəfəsinə gəlib çatmışdı. Qondarma erməni soyqırımı iddiası irəli sürüləndən sonra “Türkiyə Ermənistanı” adlı “dövlətin” yaradılması ideyası ortaya atıldı, İstanbulun işğalı planlaşdırılırdı, bu istiqamətdə hücumlar təşkil edilirdi. Yəni Türkiyə çıxılmaz vəziyyətdə qalmışdı. Təbii ki, baş verən bu proseslər Azərbaycan Xalq Cümhuriyyətinə öz təsirini göstərdi. Bu, Sovet Rusiyasının da iştirakı ilə Azərbaycanda bolşevizmin genişlənməsinə təkan verdi.

- Həmin dövrün tarixindən söhbət düşəndə Türkiyənin qurucusu Mustafa Kamal Atatürkün bolşeviklərin rəhbəri Leninə yazdığı bir məktubdan danışılır. Həmin məktubda Azərbaycanın Sovet Rusiyasına güzəştə gedilməsi barədə ifadələrin yer aldığı iddia edilir. Atatürk Leninə belə bir məktub yazmışdımı?

- Atatürkün Anadoluda qurduğu Türkiyə Böyük Millət Məclisi 1920-ci il aprelin 23-də açıldı. Xalq Cümhuriyyəti isə Sovet Rusiyası tərəfindən aprelin 27-də işğal olundu. Yəni bu qısa vaxt ərzində Atatürk Azərbaycanı “sata” bilməzdi axı. Onu da unutmaq lazım deyil ki, Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasında Türkiyənin böyük siyasi, hərbi dəstəyi önəmli rol oynamışdı. Bu müstəqillik savaşında Azərbaycanın hərbçiləri ilə yanaşı, 1160 türk əsgəri də şəhid oldu. Bundan iki il sonra – cümhuriyyətin süqutuna bir neçə gün qalmış Atatürk Türkiyənin siyasi həyatına ayaq qoydu.

Hesab edirəm ki, Atatürkün Azərbaycan milli hökumətinə qarşı mübarizə aparması haqda iddialar əssassızdır. Sadəcə, Atatürk Kazım Qarabəkir Paşaya məktub yazmışdı ki, “əlimizdə bir quruş pul yoxdur, bolşeviklərlə təmasa keçin, yardım alın”. O, bunu Leninə göndərməmişdi, Qarabəkir Paşaya yazmışdı. Həmin teleqram göndərilməmişdən əvvəl Rusiya Azərbaycanı çoxdan işğal etmişdi.

İddiaların əksinə olaraq, Atatürkün cümhuriyyət qurucuları Əhməd bəy Ağaoğlu, Əli bəy Hüseynzadə, Məhəmməd Əmin Rəsulzadə, Nağı bəy Şeyxzamanlı ilə yaxın münasibətləri vardı. Bundan başqa, o, işğal baş verən ilin may ayında Gəncədə bolşeviklərə qarşı üsyan qaldıran, sonra İran yoluyla Türkiyəyə üz tutan yüzlərlə Azərbaycan əsgərini qəbul etmişdi.

Atatürkün Leninlə yaxınlığının səbəbi İngiltərə idi. Həmin dövrdə ingilislər Rusiyada bolşeviklərə qarşı çıxan Kolçakı, Denikini dəstəkləyirdi, İngiltərənin baş naziri Lloyd Corc da Leninə düşmən münasibət bəsləyirdi. İngiltərənin Türkiyəyə də münasibət belə idi. İngilislər müttəfiqləri vasitəsilə Türkiyənin işğalına başlamışdı. Atatürkün Anadoluda yaratdığı Milli Müqavimət Hərəkatı hədəf alınmışdı. Belə bir tarixi situasiyada Atatürk Leninlə yaxınlaşmalı oldu. Yəni bu iki tarixi şəxsiyyəti birləşməyə düşmən məcbur etdi.

Cümhuriyyətin süqutundan sonra Stalin və Orcenikidze təkidlə Zəngəzur, Naxçıvan və Qarabağın Ermənistana verilməsinə çalışırdı. Yenə də Atatürk köməyə çatdı. Moskva ilə aparılan danışıqlarda Türkiyə Naxçıvanın Azərbaycanın tərkibində saxlanılmasına təkid etdi. Atatürk danışıqlarda iştirak edən nümayəndələrinə Azərbaycanın parçalanmasına yol verməmək üçün tapşırıqlar vermişdi. Atatürk nümayəndə heyətinə, ordu komandanlığına tapşırmışdı ki, Azərbaycanın bütövlüyü məsələsində ruslara güzəşt edilməsin, bunun üçün diplomatik gedişlər edilsin. Nəticədə Qarabağ da daxil olmaqla, azərbaycanlıların sıx məskunlaşdığı tarixi ərazilərimizi qorumaq mümkün oldu. Yəni Atatürk Naxçıvan və Qarabağın Azərbaycanın tərkibində olmasında israrlıydı, danışıqlar bunu təmin etdi. Tarixdə belə faktlar çoxdur, başqa sözlə, Atatürkün Azərbaycana sevgisi belə mənfur iddialardan daha böyük idi.