“Dro” çirkabına qarşı 9 may təntənəsi

Tural İsmayılov , STM-in baş məsləhətçisi, politoloq

Ekzistensialist idealizmin ən sevdiyim nümayəndəsi olan Martin Haydegger dəyər psixologiyasını ierarxik formada izah edir. O qeyd edir ki, xalqların bütövlük və vəhdət anlayışları onların tarixi dəyərlərinin möhkəmliyindən birbaşa asılıdır.
Mənə görə 9 may sadəcə böyük bir qələbə deyil. Həm də faşizm kimi iyrənc bir ideologiyanın süqut möhürüdür.

9 may böyük bir zəfər marşıdır. Bu marş bütün dünyanın duya biləcəyi gerçək bir qələbə idi. Nasizmin dünyanı cənginə alan terroruna Bakı əvəzolunmaz zərbələr vurdu.

 Müharibə illərində neft sənayesi naziri olmuş Nikolay Baybakovun sözlərinə görə, “faşizm üzərində Qələbə üçün Azərbaycanın etdiklərini bəlkə də heç bir respublika etməyib”.

600 min nəfər Azərbaycan vətəndaşı da cəbhəyə yollanaraq faşizmə qarşı döyüşüb. Müharibənin birinci üç günündə Azərbaycandan ordu sıralarına 40 mindən çox oğlan və qız yola düşüb. Respublika ərazisində 87 qırıcı batalyon, 1124 özünümüdafiə dəstəsi təşkil edilmiş, 15 min nəfərlik hava hücumundan müdafiə dəstələri yaradılmışdı.

416-cı milli Azərbaycan diviziyası Berlinə ilk hücum edən 6 diviziyadan biri idi. Bu diviziya Reyxstaqın 150 metrliyində yerləşən Brandenburq darvazasının üzərində müharibənin qələbə bayrağını ucaldıb. Əsasən, azərbaycanlılardan ibarət 416-cı və 77-ci diviziyalardan 16 nəfər Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb.

Səbuhi Məmmədov gözəl vurğulayır ki, Bakı nefti olmadan sovet ordusu müharibədə qələbə qazana bilməyəcəkdi. Müharibə illərində sovet ordusunun yanacağa olan tələbatının 80 faizini məhz Azərbaycan ödəmişdi. 1941-ci ildə keçmiş SSRİ-də təqribən 33 milyon ton neft istehsal olunmuşdu ki, bunun da 23,6 milyon tonu Azərbaycanın payına düşürdü. Bundan əvvəl, Azərbaycanda bu qədər neft hasil olunmamışdı. Qeyd etmək yerinə düşər ki, müharibə illəri ərzində Bakıda ümumilikdə 75 milyon ton neft istehsal olunmuşdu ki, bu da ümumittifaq səviyyədə hasil olunan neft həcminin dörddə-üçünə  bərabər idi.

Bundan başqa, neft məhsullarından 22 milyon ton benzin istehsal olunmuşdu. Keçmiş SSRİ-də istehsal olunan aviasiya benzinin təqribən 85 faizi Bakının payına düşürdü. Azərbaycandan cəbhəyə 1 milyon tondan artıq B-78 markalı yüksək keyfiyyətli benzin göndərildiyi də məlumdur. Sovet ordusunun məşhur sərkərdələri də Azərbaycan neftinin əhəmiyyətini vurğulayırdılar. Marşal Konstantin Rokossovski xatirələrində yazırdı: “Sovet tankçılarının hər reydində, alman faşist qüvvələri üzərində hər bir qələbədə Bakı neftçilərinin uğur payı var”. Məşhur marşal Georgi Jukov da xatirələrində Bakı neftinin vacib roluna toxunurdu: “Bakı neftçiləri cəbhəyə Vətənimizin müdafiəsi, düşmən üzərində sürətli qələbə üçün nə qədər lazımdırsa, o qədər də yanacaq verirdilər”.

Bu gün Azərbaycan Böyük Vətən Müharibəsi veteranlarına ən çox diqqət göstərən ölkələrdən biridir.

Məhz Azərbaycanın strateji əhəmiyyətini anlayan Adolf Hitler sovet ordusunu yanacaqdan məhrum etmək üçün Qroznı və Bakının neft yataqları üzərində nəzarəti ələ keçirməyi planlaşdırmışdı. Bu məqsədlə nasistlərin lideri 23 iyul 1942-ci ildə “Edelveys” kodu ilə hərbi planı təsdiqləmişdi. Həmin plana görə, almanlar sürətlə hərəkət edərək Qafqazı və Bakını ələ keçirməli idilər. A.Hitler Bakını tutaraq sovet ordusunu yanacaq təminatından məhrum etməklə yanaşı, Azərbaycandan həm də Yaxın və Orta Şərq regionlarına sıçramaq üçün plasdarm kimi istifadə etməyi düşünürdü. Bunun üçün faşistlər əməliyyata böyük texnika və canlı qüvvə ayırmışdılar.

Lakin 1942-ci ilin avqust ayının sonunda faşist ordu hissələri Şimali Qafqazda Terek çayının sahillərinə çıxsalar da, güclü müqavimətlə üzləşib irəliyə doğru hərəkət edə bilmədilər. Stalinqrad döyüşlərində faşistlərin ağır itkiyə məruz qalmaları da A.Hitleri mühasirəyə düşəcəklərindən ehtiyatlanaraq, qoşunlarını Qafqaz regionundan çəkməyə vadar etmişdi. Faşistlərin Qafqazı işğal etmək planı iflasa uğradıqdan sonra  Bakı nefti sovet ordusunun Berlinədək irəliləməsində oynadığı misilsiz rolu davam etdirmişdi. Bir sözlə, yüzlərlə şəhərin və minlərlə kəndin yer üzündən silinməsinə, milyonlarla insanın həlak olmasına səbəb olmuş müharibədə qazanılmış qələbəyə Azərbaycan xalqı müstəsna  töhfə vermişdi.

Ölkə başçısı İlham Əliyev 9 mayın bizim üçün önəmini bu sözləriylə ifadə edir:

“Bu, bizim ümumi Qələbəmizdir, Azərbaycanda dövlət səviyyəsində qeyd edilən Qələbədir. 9 May ölkəmizdə dövlət bayramıdır. Bu bayram Heydər Əliyev Azərbaycana qayıdandan sonra bərpa edildi. Təəssüf ki, müstəqilliyin ilk illərində Xalq Cəbhəsinin xalqa zidd olan iqtidarı təqvimdəki bu qırmızı günü silməklə onu xalqımızın yaddaşından da silməyə cəhd göstərdi, veteranlara hörmətsizlik etdi. Əslində bu, Böyük Vətən müharibəsinin tarixini təhrif etmək cəhdləri idi. İndi bəzi ölkələrdə belə cəhdlər təəssüf ki, kifayət qədər kütləvi xarakter alır. Beləliklə, 9 May günü uzun illər boyu dövlət bayramı kimi qeyd edilir və veteranlara qayğı bizim gündəlik işimizin ayrılmaz tərkib hissəsidir. Veteranlar diqqət və qayğı ilə əhatə olunub, onların maddi vəziyyəti təmin edilir. Onlar bizim üçün, hamı üçün qəhrəmanlıq nümunəsidir”.

Biz bu qələbəylə haqlı fəxr edirik. Lakin bədnam Ermənistan isə Qaregin Nijde kimi faşist terrorçuları, “Dro” ləqəbli Drastamat Kanayan adlı cəlladı erməni milli şüurunda ilahilüşdirməklə məşğuldur.

SS generalı N.Qaregin və "Dro" ləqəbi ilə tanınan Drastamat Kanayanın, habelə ASALA terrorçusu Monte Melkonyanın "milli qəhrəman" kimi təbliğ edilməsi, onların adlarının əbədiləşdirilməsi Ermənistan rejiminin əsl mahiyyətini açıq şəkildə göstərir.

Prezidentin köməkçisi Hikmət Hacıyev vurğulayır ki, Njde Qaregin və Drastamat Kanayan 1918-20-ci illərdə tarixi Azərbaycan torpağı olan Zəngəzurda mülki əhaliyə qarşı törətdikləri qırğınları alman faşist ordusunun tərkibində xüsusi amansızlıqla II Dünya müharibəsində işğal olunmuş SSRİ ərazilərində yəhudilərə və digər millətlərə qarşı davam etdiriblər. Faşistlərin irqi ayrı-seçkilik, "Ari" irqi və antisemitizm ideologiyasina sahib çıxaraq, Njde Gareginin formaşdırdığı irqçi təmayüllü şovinist erməni milli məfkurəsi bu gün Ermənistanın hakim Respublika Partiyasının və nəticə etibarilə də Ermənistan hökumətinin ideoloji təmayülünü təşkil edir. Dəhşət doğuran hal odur ki, "Njdeizm" adı altında bu irqçi ideologiya Ermənistanda orta və ali məktəb proqramına daxil edilib və gənc nəsil bu ruhda tərbiyə edilir.

8 may Şuşanın işğal günündə isə məni tək bir sual düşündürür: Şuşa hər bir azərbaycanlı üçün mənəvi istinad nöqtəsi ikən, bir dəqiqəlik sükut yox, bir aləmlik haray ikən, Qarabağa aid olmadıqlarını hər an anlayıb övladlarını ora göndərmək istəməyən erməni əsgər analarının etirazları fonunda da erməni xuntasının üzünə çırpır.

P.S. Biz 9 may qələbəmizi də, Qarabağ zəfərimizi də Nijdenin nəvələrinin, “Dro”nun politik balalaının siyasətə atılan məkrli iyrəncliklərini məğlub etdikdən sonra Şuşada qeyd edəcəyik.