Fətulla Həmidov - Tarixin  uzun və ən qanlı müharibəsinin cəsarətli  döyüşçüsü


  Bu ilin 1 sentyabr tarixində İkinci dünya müharibəsinin 75 ili tamam olur. Dünya siyasətinin gedişatını dəyişən, milyonlarla hərbiçinin və dinc sakinin həyatına son qoyan müharibə, 3 sentyabr 1945-ci ildə SSRİ-nin qələbəsi ilə başa çatdı. Bu böyük qələbədə, Azərbaycanın da rolu danılmazdır. Həm maddi-mənəvi, həm də Azərbaycan xalqının göstərdiyi əzmkarlıq və qəhrəmanlıqlar böyük əhəmiyyətə malikdir.





Bir çox xalqlar kimi müharibə Azərbaycana da baha başa gəlib. Külli miqdarda maddi sərvət itkisi ilə yanaşı, milyonlarla vətəndaşımız həlak olub. Qeyd olunur ki, ikinci dünya müharibəsində həlak olan 57 milyon insandan, 27 milyonu Sovet vətəndaşları idisə,  onlardan 350 mindən çoxu azərbaycanlılar olub. Müharibənin ilk günlərində Azərbaycanda 4 mindən çox oğlan və qız faşizmə qarşı vuruşmaq üçün könüllü surətdə cəbhəyə getməkdən ötrü hərbi komissarlıqlara müraciət etdi. Avqust ayına qədər təxminən 123 min nəfər xalq qoşunu dəstələrinə yazıldı. Belə könüllü insanlardan biri də Fətulla Həmidov idi...

  Fətulla Abdulla oğlu Həmidov 1926-cı il yanvarın 15-də Dəvəçi rayonunda (indiki adı ilə Şabran rayonu) doğulub. Ailədə 4 uşaqdan ikinci övlad olub. Müharibənin yeni başladığı dönəmdə onun hələ 15 yaşı var idi. Çox gənc olmasına baxmayaraq, müharibəyə getmək və döyüşlərdə iştirak etməyə can atırdı. O, Vətəni uğrunda döyüşmək, onu düşmənin əlindən xilas etməyə qərar vermişdi. 1942-ilin əvvəllərində doğma dayısından məktubların gəlişi dayandıqdan sonra, gənc Fətulla anasından onun cəbhəyə getməsinə icazə verməsini xahiş edir.

Beləliklə, 1942-ci il fevralın əvvəllərində cəsrətli gənc, könüllü olaraq cəbhəyə yollanır.  Doğum ilini 1926-cı ildən 1925-ci ilə dəyişən Fətulla Həmidov, anasına orduda olan iki dayısı Səmədov Dilbar və Səmədov Hacıəlini axtarmağa və torpaqları qorumağa getdiyini deyir.  Yaşının az olmasına baxmayaraq, o, tarixi qələbənin qazanılmasında həlledici rol oynamış Stalinqrad döyüşlərində iştirak edərək, böyük qəhrəmanlıqlar nümayiş etdirməyi bacarıb. Latviyada Yauçinin azad olunması zamanı, Həmidov yaşayış məntəqəsinə daxil olan ilk döyüşçü olub. "Şöhrət" ordeninə layiq görülən qəhrəmanın təltif vərəqində bu sözlər yazılıb:

"Yoldaş Həmidov öz pulemyotu ilə qorxu bilmədən döyüşürdü. Cinahdan irəli çıxaraq öz pulemyot atəşi ilə düşmənin ilk hücuma keçən atıcı rotasının qarşısını alıb".  

Amma o, döyüşlərin birində ağır yaralanır. Sağalmasına heç bir ümid yox idi. Həmin dövrdə hospitalda tibb bacısı kimi çalışan Lidiya Mixaylovna xatirələrində qeyd edir ki, həmin dövrdə 14 nömrəli məktəbi hospitala çevirmişdilər və bura hər gün onlarla yaralı əsgər gətirirdilər. Onun nəzarətində olan xəstələrdən ikisi azərbaycanlı idi. Onlardan  vəziyyəti daha ağır olanı isə Fətulla Həmidov olub.  Tibb bacısının sözlərinə görə, onun bədənində salamat yer qalmamışdı. Lakin qəhrəmanın cəsarəti ona həyatda qalmağa və yaşamaq uğrunda mübarizə aparmağa güc verir. Sağalmasına həkimlərin ümidi olmasa da, onun müalicələri müsbət nəticələnir.  
 
Fətulla Həmidov Kurland düşmən qruplaşmasının məğlubiyyətindən sonra 1946-cı il 15 aprel tarixində ordudan təxris olunur. O, doğma yurdu Dəvəçiyə (Şabrana) qayıdır. O anasına verdiyi sözlərdən birini - dayılarını tapa bilməsə də, digər sözünü yerinə yetirə bilmişdi. Bu gün də onun dayıları barədə hər hansı bir məlumat yoxdur.  Anası Şahnisə xanım xoşbəxtlikdən özünə gələ bilmirdi, oğlu Fətulla sağ-salamat evə qayıtmışdı. Valideynləri onunla fəxr edirdilər. 
Müharibədən sonra Fətulla Həmidov neft sahəsində təhsil alır. Şabranda çox da böyük olmayan, səliqəli, qırmızı kərpicdən hörülmüş, ağ örtüklü ev var. Bu evi o öz əlləri ilə tikib. Daha sonra o həmin evə öz gözəl həyat yoldaşı Qızbacı xanımı gəlin gətirib. Onun uşaqları bu evdə doğulub. Həmidovun 7 övladı dünyaya gəlib- 3 oğlan və 4 qız. Oğlanları da onun yolunu davam etdirərək, zabit olurlar və vətənə xidmət edirlər. 

 
 
Müharibədə döyüş zamanı aldığı yaralar, onun uzun ömür sürməsinə mane olur. Fətulla Abdulla oğlu Həmidov 1976-cı il 21 avqust tarixində dünyasını dəyişir. Bu gün onun övladları atalarının xatirəsini daim uca tutaraq, onu yaşadırlar. Hər il 9 may Qələbə Günü Həmidovun həm Rusiyada, həm də Azərbaycanda yaşayan övladları və nəvələri əllərində onun şəkli ilə yürüşlərə, hərbi paradlara qatılırlar. 
Sovet höküməti Fətulla Abdulla oğlu Həmidovun xidmətlərini yüksək qiymətləndirib. O II dərəcəli və III dərəcəli “Şöhrət”, “Qırmızı ulduz” ordenləri, “Cəsarətə görə”, “Stalinqradın müdafiəsi üçün”, “Kievin müdafiəsi üçün”, “Berlinin tutulmasına görə”, “1941-1945-ci illər Böyük Vətən Müharibəsində Almaniya üzərində qələbəyə görə” medalları ilə təltif edilib. 





Bu gün Volqoqradın Voroşilov rayonunun 14 nömrəli məktəbində, Volqoqrad Sovet rayonunun 54 nömrəli məktəbində,  Volqoqrad vilayətinin Oktyabrski rayonunun tarix muzeyində, Volqoqrad vilayətinin Peskovat kənd Tarix Muzeyində, Volqoqrad vilayətinin Karpovka kənd orta məktəbində, Xabarovsk diyarında Topolevo kənd Tarix Muzeyində, Həştərxan Dəniz Kolleci Tarix Muzeyində, Stalinqrad klubunda, Volqoqrad vilayətinin Leninsky rayonu, Malyaevka kəndi Tarix Muzeyində Azərbaycanın qəhrəman oğlunun şərəfinə guşələr, məlumatlar yer almaqdadır. F.Həmidov haqqında Stalinqrad döyüşünün ensiklopediyasında da yazılıb. 



Azərbaycanda isə onun adını daşıyan küçə mövcuddur. 15 dekabr 2016-cı ildə Şabranda evinin yerləşdiyi küçəyə F.Həmidovun adının verilməsi ilə bağlı sərəncam imzalanıb. Həmin evdə Şabranın müharibədə iştirak etmiş qəhrəmanları ilə bağlı ev-muzeyi fəaliyyət göstərir. Onun kiçik qızı Nailə Xıdırovanın idarə etdiyi F.Həmidov adına Hərbi Şöhrət Muzeyini tez-tez Rusiyadan qonaqlar ziyarət edirlər. Muzeyin həyətində Volqaqraddan gətirilmiş ağcaqayın ağacı böyüyür və Mamayev kurqanından müqəddəs torpaq saxlanılır. 

Sevda ULUTAU