"Ulu öndərin gördüyü işlərin, xidmətlərinin miqyası o qədər genişdir ki..." - Baş redaktor

"Müasir, müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin vaxtilə söylədiyi “Mən nikbinəm, hesab edirəm ki,  xalq, millət, Azərbaycan  vətəndaşları – biz hamımız birlikdə bu çətinliklərin öhdəsindən gələcəyik. Heç bir qüvvə Azərbaycanın müstəqilliyini əlindən ala bilməz, bundan sonra heç bir qüvvə Azərbaycanın dövlətlətçiliyini məhv  edə bilməz»  fikirləri bu gün də xalqımız tərəfindən  qürurla xatırlanır. Ulu Öndərin  müstəqillik konsepsiyasının, sosial-iqtisadi inkişaf strategiyasının uzaqgörənliyi cənab Prezident  İlham Əliyevin  rəhbərliyi ilə ölkəmizin  qazandığı uğurlarda  bir daha öz  təsdiqini tapır".
 
Bu fikirləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə "Sherg.az"a açıqlamasında bildirib.

 V.Rəhimzadə qeyd edib ki, ulu öndər  Heydər Əliyevin Azərbaycana rəhbərliyinin hər iki  dövrü   dövlətçilik tariximizin şanlı səhifəsidir:

"Xalqını, Vətənini, torpağını hər şeydən əziz tutan Ümummilli Lider bildirirdi ki, mənim üçün xalqın  göstərdiyi etimaddan və etibardan yüksək mükafat yoxdur. Dövlətinə, xalqına xidməti  hakimiyyətinin hər iki dövründə fəaliyyətinin əsas prinsipinə çevirən ulu öndərin gördüyü işlərin, xidmətlərinin miqyası o qədər genişdir ki, bu barədə günlərlə, aylarla danışmaq olar. Onun fəaliyyətinin hər bir sahəsi özlüyündə bir tədqiqat mövzusudur, neçə-neçə əsərlərin yaranmasını, kitabların nəşr olunmasını şərtləndirir. Ümummilli Liderin hakimiyyətinin birinci dövründə atdığı addımlara diqqət yetirdikdə onun gələcəkdə Azərbaycanı müstəqil  dövlət kimi görmək istəyi özünü qabarıq şəkildə bürüzə verir. Hakimiyyətinin ikinci dövrü Azərbaycanda müstəqilliyin əbədi və dönməz xarakter alması, dövlətçiliyin möhkəmləndirilməsi, iqtisadi inkişaf üçün  möhkəm təməlin yaradılması, milli-mənəvi yüksəliş, hər kəsin özünü ölkəsinin layiqli vətəndaşı kimi dərk etməsi ilə müasir tariximizə əbədi həkk olunub".

 Baş redaktor  vurğulayıb ki,  Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra xalqın başı üstünü  almış bəlalardan  millətini qorudu,  ölkəmizdə ictimai-siyasi sabitliyi təmin etdi, vətəndaş qarşıdurmasını aradan qaldırdı, ölkəni parçalanmaq təhlükəsindən xilas etməklə milli  qurtuluşu təmin etdi:

"Ölkəmiz demokratiya, hüquqi, sivil  dövlət quruculuğu yolu ilə inamla  irəlilədi,  vətəndaş birliyi yaradıldı. Ümummilli Lider  səylər birləşdirilmədən, təcrübə mübadiləsi aparılmadan heç bir ölkənin  təkbaşına iqtisadi tərəqqiyə nail ola bilməzliyini önə çəkərək  tarixə “Əsrin müqaviləsi” kimi daxil olan neft sazişinin imzalanmasına nail oldu. Bu müqavilə Azərbaycana  böyük siyasi və iqtisadi dividendlər qazandırıb. Hazırda Azərbaycan bu möhtəşəm  strategiyanın  real nəticələrini görür, ölkəmiz təkmil sosial-iqtisadi islahatları ilə dünyanın  ən islahatçı ölkələri sırasında yer alır".

V.Rəhimzadə bildirib ki, Ümummilli Liderin tarixi xidmətlərindən bəhs edərkən demokratik, hüquqi dövlət quruculuğu yolunda atdığı addımları xüsusi qeyd etməliyik:

 "Heydər Əliyevin  rəhbərliyi ilə işlənib hazırlanan və 1995-ci il 12 noyabr tarixində ümumxalq səsverməsi yolu ilə qəbul olunan  müstəqil Azərbaycanın ilk Konstitusiyası ölkənin gələcək inkişaf istiqamətlərini müəyyənləşdirməklə bərabər,  insan hüquq və azadlıqlarının  təminatını dövlətin ali məqsədi kimi ön plana çıxarmıdı. 1998-ci ildə Azərbaycan Şərqdə ölüm hökmünün  tamamilə ləğv edilməsinə nail olan ilk ölkə oldu. Dahi şəxsiyyət bildirirdi ki, respublikamızda hüquqi dövlət qurulması, demokratik, sivilizasiyalı cəmiyyət yaradılması, insan  hüquq və azadlıqlarının, söz, vicdan  azadlığının, müasir plüralizmin təmin edilməsi,  çoxpartiyalı sistemin bərqərar olması əvvəldən qəbul etdiyimiz prinsiplərdir.

Bu gün haqqında geniş bəhs etdiyimiz çoxpartiyalı sistemin bünövrəsi də Ulu öndər tərəfindən qoyulub. Hazırda ölkənin ictimai-siyasi həyatında əhəmiyyətli rol oynayan  Yeni Azərbaycan Partiyasının yaradılması Ümummilli Liderin xidmətləri sırasındandır".