"Mənim vətəndaş kimi tələbim bundan ibarətdir ki, zorla sürgün edilən digər xalqlar kimi, qərbi azərbaycanlılar da öz torpaqlarına qaytarılsınlar. Bu insanların qaçqınlıq statusu bərpa olunmalıdır".
"Sherg.az" xəbər verir ki, bu sözləri Axar.az-a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov Mühacir Qərbi Azərbaycan (İrəvan) Respublikasının elan edilməsi təşəbbüsünü şərh edərkən deyib.
O bildirib ki, bu addım alqışa layiqdir:
“Mən Milli Məclisin deputatı olarkən bu məsələni dəfələrlə qaldırmışam. Əslində, bu, çox vacib bir məsələdir. Prezident İlham Əliyev dəfələrlə bildirib ki, bu gün Ermənistan adlanan ərazi tarixi Azərbaycan torpağıdır. Bu, tarixi bir faktdır ki, ermənilərə öz müqəddəratını təyin etmə hüququnu biz vermişik. 1918-ci ildə İrəvan və ətraf əraziləri ermənilərə verərkən onların Azərbaycanın Qarabağ və digər torpaqlarına olan iddialarından əl çəkmələri tələb olunmuşdu. Ermənilər bundan başqa onlara güzəşt edilən ərazidə Azərbaycan xalqının təhsil və dini azadlıq hüquqlarını təmin etməli idilər. Şeyxülislamlığımız fəaliyyət göstərməli idi. Andranik, Njde, Dro kimi soyqırımı cəlladları xalqımıza qarşı soyqırımlarını dayandırmalı idilər. Şaumyanın başçılıq etdiyi daşnak cəlladlarını Bakıdan geri çəkməli idilər. Azərbaycanın ərazilərinə bir daha təcavüz etməməli idilər. Ermənilər məhz bu şərtlər altında öz müqəddəratını təyin edə bildi. Lakin göründüyü kimi ermənilərin gözü doymur. Azərbaycan torpaqlarını işğal etmələri azmış kimi ikinci dəfə “yenidən öz müqəddəratlarını” təyin etmək istəyirlər. Ölkə başçısı haqlı olaraq rəsmi şəkildə qeyd edir ki, biz torpaqlarımızda ikinci erməni dövlətinin qurulmasına imkan verməyəcəyik”.
Y.Mahmudov deyib ki, 1918-ci ildə Cümhuriyyət hökumətinin İrəvan və ətrafındakı torpaqların ermənilərə verilməsi haqqındakı qərarını ləğv etmək üçün Azərbaycan Respublikası Milli Məclisinin hər cür hüquqi əsası vardır:
“Biz İrəvan və ətrafını o şərtlə vermişdik ki, ermənilər bir də Azərbaycanın Zəngəzur, Dərələyəz, Naxçıvan və Dağlıq Qarabağ torpaqlarına iddia etməsinlər. Bu tarixi sənədlər təsdiqlənib və qüvvəyə minib. Biz 9 min kvadrat kilometr ərazini yalnız yuxarıda göstərilən şərtlərlə ermənilərə vermişdik. Ararat (Ermənistan) Respublikası isə bu şərtlərin hamısını pozdu. Şaumyan nəinki geri çağırılmadı, hətta Gəncə istiqamətində Azərbaycan Xalq Cümhuriyyətinə qarşı hərbi əməliyyatlara da başladı. İrəvan və ətrafındakı torpaqlarımızın ermənilərə verilməsindən heç iki ay da keçməmiş Ararat Respublikası Azərbaycana qarşı təcavüzə başladı. Belə olduqda Fətəli xan Xoyski İstanbulda danışıqlar aparan Məhəmməd Əmin Rəsulzadəyə ultimatum xarakterli məktub göndərərək bildirmişdi: “Əgər ermənilər bir də Qarabağın adını tutsalar, biz İrəvan və ətrafındakı torpaqların onlara verilməsi haqqındakı qərarı ləğv edəcəyik”. Hazırda təəssüf ki, 1918-ci ildə qəbul olunmuş qərar hələ də qüvvədədir. Bizim bu gün belə ixtiyarımız var ki, İrəvanın ermənilərə verilməsinə dair qərarı ləğv edək. Xalqımızın İrəvan və ətrafındakı torpaqlara tarixi varislik hüququ bərpa olunmalıdır”.
Y.Mahmudov vurğulayıb ki, qərbi azərbaycanlılar zorla öz torpaqlarından didərgin salınıb:
“Azərbaycan xalqı mərhələli şəkildə Qərbi Azərbaycandan sürgün edilib. Xüsusilə də bu məsələ Stalinə yaxın olan erməni qruplarının təşəbbüsü ilə həyata keçirilib. Mən təklif edirəm ki, Milli Məclisimizdə Stalinin əmri ilə başlanan və 1988-ci ildə yekunlaşan qərbi azərbaycanlıların doğma torpaqlarından sürgün edilməsinə siyasi qiymət verilsin. Bunun üçün də ilk olaraq onların qaçqınlıq statusu bərpa edilməlidir. Çünki bu insanlar torpaqlarından zorla sürgün ediliblər. Bu torpaqların əsl sahibi qərbi azərbaycanlılardır. Stalinin əmri ilə sürgün edilən çeçenlər, Krım tatarları, inquşlar, məshəti türklərinin öz torpaqlarına qaytarılması prosesi gedir. Qərbi Azərbaycandan sürgün edilən azərbaycanlılar da geri – öz etnik ata-baba yurdlarına qaytarılmalıdır”.